az|en|ru

"Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabı çapdan çıxıb


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri –“Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” kitabı çapdan çıxıb. Mərkəzdən AZADİNFORM-a verilən məlumata görə, kitab ümummilli lider Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfərinin 15-ci ildönümünə həsr olunub. 

Kitabda dost və qardaş ölkələr arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müvafiq çıxışlarının köməyi ilə şərh olunur. Azərbaycan və gürcü dillərində nəşr olunan və ingilis dilində isə xülasəsi verilən kitaba həmçinin, “Azərbaycan-Gürcüstan münasibətləri” haqqında tarixi arayış, məlumat-soraq materialları, foto-şəkillər daxil edilib.

“Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirov, yeni nəşrdə buraxılışa məsul Vurğun Süleymanovdur. Yaradıcı heyətə Mərkəzin baş direktoru Fuad Babayev rəhbərlik edib.

Xatırladaq ki, mərkəz daha öncə ölkəmizin bir çox mötəbər beynəlxalq təşkilatlarla-ATƏT, İKT, NATO, BMT, Avropa Şurası ilə münasibətlərinə dair kitablar nəşr etdirib. “Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” kitabı ilə isə mərkəz yeni seriyanın - Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərindən bəhs edən kitabların nəşrinə başlayıb.