az|en|ru

‎"Azərbaycan qadını naminə" kitabının təqdimat mərasimi olmuşdur‎


6 mart 2010-cu il tarixdə saat 11.00-da "Excelsior" otelinin "Əlincə" zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşri olan "Azərbaycan qadını naminə" kitabının çapdan çıxması ilə əlaqədar mətbuat konfransı olmuşdur.

Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasında Qadın siyasəti haqqında" 6 mart 2000-ci il tarixli Fərmanının 10 illiyinə həsr edilmişdir. Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş kitabda ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadın siyasəti ilə əlaqədar çıxış və müraciətləri, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışları yer almışdır.

Qadın siyasəti ilə bağlı tarixi arayış, məlumat-soraq materialları, "Azərbaycan Respublikasında Qadın siyasəti haqqında" 6 mart 2000-ci il tarixli Fərman, "Gender bərabərliyi haqqında" Azərbaycan Respublikasının Qanunu da kitaba daxil edilən sənədlərdəndir.

Media təmsilçilərinin iştirak etdikləri tədbiri Mərkəzin baş direktoru Fuad Babayev açmışdır. Daha sonra Mərkəzin Elmi-Redaksiya Şurasının sədri, akademik Asəf Nadirov, kitabın elmi məsləhətçisi və ön sözün müəllifi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış etmişdir. Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətindən bəhs etmiş və "Azərbaycan qadını naminə" kitabının əhəmiyyətini vurğulamışlar.