Ölkəmizdə dövlət-din münasibətlərinin özünəməxsus modeli formalaşdırılıb
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” internet portalının bazasında keçirilən diskussiyalar davam etdirilib. Növbəti diskussiya “Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması” mövzusuna həsr olunub. Aİİ-dən AZƏRTAC-a bildirilib ki, diskussiyalarda bu institutun müəllimləri - ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov, fəlsəfə elmləri doktoru Ələddin Məlikov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, Mədəniyyət Nazirliyinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq elmləri doktoru Kübra Əliyeva, kulturoloq Aydın Xan Əbilov və Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi Könül Təhməzova iştirak ediblər. Tədbiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev idarə edib. Diskussiyada milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin rolu, dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycan modeli və s. mövzular ətrafında müzakirələr aparılıb. Çıxış edənlər Ulu Öndərin milli-tarixi yaddaşın bərpasına xüsusi önəm verdiyini, mədəniyyətimizi, mənəvi dəyərlərimizi milli varlığımızın, azərbaycançılıq ideologiyasının bir hissəsi kimi dəyərləndirdiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi kimi tarixi vəzifəni məhz Ümummilli Lider həyata keçirib. Diskussiya iştirakçıları milli-mənəvi dəyərlərimizin formalaşmasında İslamın rolundan danışıb, onun xalqımızın mənəviyyatına, dünyagörüşünə böyük təsir göstərdiyini, ölkəmizdə vətəndaş həmrəyliyinin yaranmasında xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Vurğulanıb ki, Ulu Öndərin həyata keçirdiyi uğurlu din siyasəti nəticəsində İslami dəyərlərə, ibadət yerlərinə və din xadimlərinə qayğı artırılıb, dövlət ilə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq gücləndirilərək Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli formalaşdırılıb. Müzakirələr zamanı dövlət-din siyasətinin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirildiyi, milli-mənəvi dəyərlərimizin dünyada tanıdılması və təbliği istiqamətində uğurlu işlərin görüldüyü bildirilib. Qeyd olunub ki, milli-mənəvi və hüquqi dəyərlərə söykənən din siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-milli dözümlülük, tolerantlıq mühiti formalaşıb. |