az|en|ru

Almaniyalı Azərbaycanşünas alim Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin qonağıdır


Almaniyalı tanınmış tarixçi, Bonn Universitetinin professoru Yeva-Mariya Aux Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin dəvətilə Azərbaycanda səfərdədir. Yeva-Mariya Aux bütün dünyada Azərbaycanşünas alim kimi tanınır. O, Azərbaycan haqqında bir neçə kitabın və onlarla məqalənin müəllifidir. 30 ildən artıqdır ki, Azərbaycan tarixini öyrənən professor Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərib.

23 avqust 2010-cu il tarixdə Almaniyalı professorla Heydər Əliyev İrsini Araşdırma Mərkəzində görüş keçirilib. Mərkəzin baş direktoru Fuad Babayev qonağa salamlayıb və ona Mərkəz barəsində ətraflı məlumat verib.

Görüşdə çıxış edən Y.Aux bildirib ki, Mərkəzin bu dəvətindən istifadə edərək Azərbaycan haqqında yazacağı yeni kitabı üçün material toplamaq niyyətindədir. Bu məqsədlə arxivlərdə çalışacaq və bir sıra regionlara səfər edəcək. Almaniyalı professor həmçinin vurğulayıb ki, cari ildən çalışdığı universitetdə onun rəhbərliyilə Azərbaycan tarixini öyrənən yeni kafedra açılıb. Qonaq bildirib ki, bu, analoji fəaliyyətlə məşğul olan Avropada ilk və hələlik yeganə kafedradır.

Qonağı 12 gün davam edəcək Azərbaycan səfərində Almaniyada çalışan azərbaycanlı alim Rasim Mirzəyev müşayiət edir.