az|en|ru

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il ötür...

Həmsöhbətim "İlham Əliyev: Azərbaycanıma İnanıram" kitabının müəllifi Mixail Ozerovdur


scotch egg
temp-thumb
 
 
 
 
 
Mixail Vitalyeviç, "İlham Əliyev: Azərbaycanıma inanıram" kitabı necə yarandı?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərinə, onun çıxışlarına, yerli və xarici jurnalistlərə müsahibələrinə, həmçinin, onun haqda rəylərə əsaslanmaqla bugünkü Azərbaycan haqqında kitab yazmaq haqqında çoxdan düşünürdüm. Hərçənd ki, heç vaxt Azərbaycanla məşğul olmamışam, publisist-beynəlxalq icmalçı və politoloq kimi Qərbi Avropa problemləri üzrə mütəxəssisəm, Londonda və Moskvada yaşayıram və işləyirəm. Nə üçün bunları söyləyirəm? Səbəblərini sadalayacağam. Əvvəla, son illər Azərbaycan qüdrətli dövlətə çevrilib, burada sözün əsil mənasında nəhəng qlobal və pozitiv dəyişikliklər baş vermişdir. İkinci səbəb isə mən deyərdim ki, şəxsidir. Mən əlbəttə, nəhəng harizmaya malik böyük dövlət xadimi Heydər Əliyev haqqında çox oxumuşam və eşitmişəm. Dörd il əvvəl, 31 oktyabr 2003-cü ildə , inauqurasiya günündə İlham Heydər oğlunu görəndə, dərhal Şərq zərb-məsəlini xatırladım: "Ot öz kökü üstə bitər". Yeri gəlmişkən, bu zərb-məsəl kitabın fəsillərindən birinin epiqrafına çıxarılmışdır.

Şübhə etmirəm ki, müxtəlif ölkələrdən olan oxucular üçün tarixi tandem - Azərbaycanın yeni strategiyasının memarı əvvəlki prezident Heydər Əliyev və onun oğlu , Azərbaycanın dünya birliyində layiqli yer tutmasına səbəb olmuş indiki prezident İlham Əliyev barəsində eşitmək maraqlı olacaqdır.

Lakin paradoks ondan ibarətdir ki, - başqa cür demək mümkün deyil , xaricdə respublika haqqında yol verilməyəcək dərəcədə çox az məlumat var. Mən bu vəziyyətə müəyyən dərəcədə qərbli insanın gözü ilə baxıram və demək olar ki, Azərbaycan haqqında kitab bir yana, məqalə, tele və radioverilişləri də az görürəm. Bu sözləri konfranslar, seminarlar, elmi, politoloji və digər vasitələr haqqında da demək olar. Məsələn, Gürcüstan haqqında Qərbdə daha çox danışılır və yazılır. Bunun səbəbi müəyyən dərəcədə aydındır. Lakin bu vəziyyət yolverilməzdir və əminəm ki, ədalətsizdir. Bəzən isə hətta Azərbaycan haqqında yumşaq desək, qeyri-obyektiv xarakterli materiallar meydana çıxır. Haqqında danışdığımız kitab əminəm ki, müəyyən qədər vəziyyəti dəyişəcəkdir. Xüsusən, nəzərə alsaq ki, kitab Azərbaycan və rus dilləri ilə yanaşı, ingilis dilində də çıxacaqdır. Bu, çox vacib məqamdır.

Kitabınız İlham Əliyev haqqında ilk kitab deyil. Sizcə, müəllifi olduğunuz "İlham Əliyev: Azərbaycanıma inanıram" kitabı başqalarından nə ilə fərqlənir?

- Demək olar ki, kitabın əsil müəllifi İlham Heydər oğludur. Çünki oxucu Azərbaycanı ilk növbədə onun "prizma"sından görür. Söhbət sözün əsil mənasında planetar təfəkkürlü və geniş dünya görüşlü insan haqqında getdiyindən, bu, xüsusilə dəyərlidir. Kitab xarici oxucuya bu kitabın həsr olunduğu Heydər Əliyevlə onun oğlunun xatirələri və fikirləri əsasında yalnız "kənar"dan deyil, həm də "içəri"dən tanış olmaq imkanı yaradır. Eyni zamanda, müəyyən dərəcədə indiki prezident haqqında təsəvvürlər möhkəmlənir: o necə yaşayır, nə fikirləşir, kimi xatırlayır, necə hərəkət edir, necə fəaliyyət göstərəcək və öz ölkəsi üçün bu zirvələrə nail olmağı necə bacarmışdır. Və ümumiyyətlə, o, ətrafında baş verənlərə necə yanaşır, dünyaya, dostlarına, rəqiblərinə, ailəsinə baxışı necədir. Bir daha qeyd etmək istəyirəm ki, bu özəl kitabdır və onun unikallığı da bundadır. Azərbaycan prezidenti ilə əlaqədar belə bir kitab heç vaxt olmayıb və demək olar ki, digər ölkələrin də məşhur fiqurları ilə əlaqədar bu tipli əsərlər çıxmayıb.

Kitabın yazılmasında hansı amillər daha vacib idi: rəsmi sənədlər, yoxsa insanlarla canlı ünsiyyət?

- Hər ikisi. Çünki kitab müxtəlif ölkələrin rəhbərlərinin fikirlərindən, onunla görüşən insanların söhbətlərindən ibarətdir. Həm də nəzərə almaq lazımdır ki, planetin birinci şəxslərinin , ABŞ prezidenti Corc Buşun, Rusiya prezidenti Vladimir Putinin, bu yaxınlarda istefaya getmiş Böyük Britaniyanın Baş naziri Toni Blerin, Zbiqnev Bjezinskinin, Marqaret Tetçerin, Roma papasının və başqalarının sözləri də verilir. Mstislav Rostropoviçin, Müslüm Maqomayevin və digər incəsənət və elm xadimlərinin xatirələri də çox maraqlıdır.

Kitabın materiallarını seçərkən hansı çətinliklərlə üzləşdiniz?

- Əsas çətinlik materialların çoxluğu, böyük həcmi ilə bağlı idi: nəyi seçməli, nə daha vacibdir. Axı Azərbaycan haqqında, elə Heydər və İlham Əliyevlərin ailəsi haqqında o qədər informasiya var ki, iyirmi cildlik, otuz cildlik kitab, hətta daha çox yazmaq olar. Və burada mənə "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası çox dəyərli kömək göstərdi. Məsuliyyətli və məhsuldar fəaliyyət göstərən ekspertlərdən ibarət işçi qrupu yaradıldı. Onlar müxtəlif, arxiv, müasir, illüstrativ materiallar seçirdilər. Bunlar həm ölkənin bu və ya digər sahədə siyasətinə dair arayışlar, prezidentin müxtəlif məsələlər haqqında çıxışları və problemlərin analizi idi.

Kitabın janrını necə xarakterizə edərdiniz?

- Kitabın janrını xarakterizə etmək çox çətindir. Bu, özəl kitabdır, böyük ölçüdə memuardır, əgər belə bir janr varsa, memuar publisistikasıdır, ümumiyyətlə, xatirələrin, şəxsi fikirlərin və sənədli materialların sıx çulğaşdığı sənədli əsərdir. Kitabın janrı kifayət qədər qeyri-adidir. Müəllifi mən olduğum üçün demirəm, tamamilə obyektiv olaraq bildirirəm ki, kitab həqiqətən də unikaldır, unikal əsərdir.

Kitab üzərində işləməyə başlayarkən Azərbaycan Respublikasının Prezidenti haqqında düşüncələrinizlə, kitabı bitirdikdən sonrakı düşüncələriniz arasında fərq böyükdürmü?

- Əlbəttə, haqqında qeyd etdiyim inauqurasiya mərasimi məni bu kitabı yazmağa vadar etdi. Mən digər ölkələrdəki inauqurasiya mərasimlərində də olmuşum və əminliklə deyə bilərəm ki, dörd il əvvəlki hadisə Heydər Əliyev adına sarayda çox yüksək səviyyədə keçdi. Həm də bu yalnız mənim fikrim deyil. Daha sonra mən ingilis, ümumən Qərb siyasətçilərinin, politoloqlarının, icmalçılarının Bakıdakı mərasim, orada prezidentin çıxışı haqqında yüksək qiymətlərini eşitdim. Ən mühümü isə o vaxt yüksək tribunadan eşitdiyim nitq deyil, sonrakı hadisələr idi. Yeni prezident öz ölkəsini necə də möhkəm, qətiyyətlə, ardıcıl olaraq inkişaf yolu ilə aparır. Respublika lideri haqqında məndə nə qədər material toplanırdısa, bir o qədər də məndə ona qarşı hörmət və hətta heyranlıq yaranırdı. Mənə daha da aydın olurdu ki, kitab, haqqında söhbət gedən şəxsiyyətin səviyyəsinə yüksəlmək üçün yalnız maraqlı deyil, həm də əzəmətli olmalıdır. Yeri gəlmişkən, İlham Heydər oğlunun özü mənə kömək etdi. Axı onun çıxışları və fikirləri dərindir, parlaqdır və qeyri-adidir.

Mixail Vitalyeviç, kitab üzərində çalışarkən ölkəmiz haqqında xeyli məlumat topladınız. Azərbaycan Respublikasının hazırki inkişaf yolu haqqında nə deyərdiniz?

- Mən bugünkü respublikanı , "çiçəklənən Azərbaycan" adlandırardım. Bu, yazıçı obrazı deyil, reallıqdır. Kitab üzərində iş məni cəlb etdikcə, ölkədə baş verən dəyişikliklərə sadəcə olaraq heyran qalırdım. Sənaye istehsalı hər il həqiqətən rekord göstəricilərlə artır, kənd təsərrüfatı yüksəlir, maliyyə və yenicə yaranmaqda olan bank sistemi möhkəmlənir. Azərbaycan bildiyimiz kimi, enerji resurslarını Qərbə ixrac edən və ötürən ölkələr sırasına qədəm qoymuşdur. Sözün əsil mənasında əsrin layihəsi olan Bakı - Tbilisi - Ceyhan boru xəttinin tikilməsi və açılışı ilə Azərbaycanın bütövlükdə Avropa və Qərb üçün nə qədər böyük əhəmiyyətə malik olduğu aşkar edildi. Bəs sosial sferadakı ciddi dəyişikliklər, insanların həyatında kardinal surətdə, mən bunu hətta sıçrayış adlandırardım, yaxşılaşma, səhiyyədə, təhsildə əmək haqlarının dəfələrlə artması. Bəs çox möhkəmlənmiş müdafiə potensialı.

Mən bu haqda çox danışa bilərəm, lakin Azərbaycanda baş verənlər haqqında dünyanın bilməsi, ölkənin qüdrətli dövlətə çevrilməsinə səbəb olmuş dəyişikliklərin mahiyyətinin anlanılması çox vacibdir.

 
Söhbətləşdi: Aytən Həsənova.

"Xalq qəzeti", 30 oktyabr 2007-ci il