az|en|ru

HEYDƏR ƏLİYEV – 95 (İkinci söhbət)


Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (aliyevheritage.org) və 1905.az portalının birgə layihəsi

Ümummilli Liderimiz barədə danışdıq.  Qonaqlarımız “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu və Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov idi.

Fuad Babayev: Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin beynəlxalq müstəvidə fəaliyyətinin ən yaddaqalan məqamlarından hansılarını xüsusilə qeyd etmək olar? Sözsüz ki, bu fəaliyyətin bütün istiqamətləri ilə bağlı bir söhbət çərçivəsində danışmaq mümkünsüzdür. Daha çox nələr yada düşür?

Hikmət Babaoğlu: Bilirsiniz ki, bu il böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95 illiyi tamam olur. Heydər Əliyev Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Hətta mən deyərdim ki, Azərbaycan tarixində Heydər Əliyev erası kimi səciyyələndirəcəyimiz bir dövr var. Baxmayaraq ki, bu dövr ayrı-ayrı siyasi sistemlərdə mövcud olub, SSRİ zamanından başlayaraq, müstəqillik illərimizə qədər davam edib, onu xarakterizə edərkən, milli, dövlət maraqlarımız prizmasından vahid dövr kimi səciyyələndirə bilərik. Əlbəttə, qoyduğunuz sual, həmin dövrün beynəlxalq aspekti ayrıca bir mövzudur. SSRİ dövrünə baxsaq, ayrıca konstitusiyası, müstəqil dövlət üçün bütün atributları olan Azərbaycan SSR-in digər müttəfiq respublikalarla münasibəti də beynəlxalq əlaqələr hesab edilə bilərdi. Elə Heydər Əliyevin SSRİ hakimiyyət iyerarxiyasının ən yüksək pilləsinə çıxmasının da beynəlxalq əlaqələr kontekstindən qiymətləndirilməsi mümkündür. Amma mən istərdim ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründən, 1993-2003-cü illərdəki fəaliyyətindən danışaq. Heydər Əliyev irsi çox böyükdür. Onun ideoloji, mədəni, mənəvi, sosial və s. istiqamətləri var. Bu irsi araşdırmaq üçün doğrudan da elmi mərkəzlər, elmi-tədqiqat institutları, ictimai təşkilatlar lazımdır. Azərbaycanda bu istiqamətdə işlər çox yaxşı gedir. Mən özüm də Heydər Əliyev irsinin araşdırılması ilə məşğul olmuşam və sizə hədiyyə gətirdiyim “Heydər Əliyev irsinin politoloji aspektləri” adlı dərslik yazmışam. Bu, Azərbaycanda həmin mövzuda Təhsil Nazirliyinin qrifi ilə nəşr olunan yeganə dərslikdir. Burada Heydər Əliyev şəxsiyyətinin və onun fəaliyyətinin ən müxtəlif aspektləri, o cümlədən də beynəlxalq aspektləri araşdırılıb. Önə çıxan məqamlardan biri odur ki, əgər müasir Qərb elminin nəzəriyyələri əsasında desək, Heydər Əliyev Azərbaycanın milli neokonservatizm nəzəriyyəsinin banisidir. Azərbaycançılıq bizim milli ideologiyamız olaraq milli neokonservatizm modelidir. Çünki nekonservatizmi izah edən siyasi elm onu iki komponentin cəmi kimi nəzərdən keçirir: Konservatizm + liberalim = neokonservatizm.  Bu düsturdan da göründüyü kimi, birinci hissə mühafizəkarlıqdır. İkinci hissə isə liberallıqdır. Heydər Əliyev Azərbaycançılıq ideologiyasından danışanda onu bir neçə dəfə şərh edib. Orada qeyd edir ki, Azərbaycançılıq Azərbaycan dilinə, mədəniyyətinə, tarixinə sahib çıxmaqla, Qərb dəyərlərinə inteqrasiya olunmaqla Azərbaycanın inkişafını təmin etməkdən ibarətdir. Bu yanaşmanın özü sosiologiya elminin izah etdiyi neokonservatizm modelini ortaya çıxarır. Düşünməyin ki, mən beynəlxalq əlaqələrlə bağlı sualınızdan yan keçdim. Hər bir ölkənin xarici siyasəti onun daxili siyasətinin davamıdır. Bu mənada xarici siyasət ölkənin beynəlxalq əlaqələrinin əsasında duran paradiqmaları müəyyənləşdirir. Hər bir milli dövlət öz xarici siyasətini müəyyənləşdirərkən, mütləq onu beynəlxalq münasibətlər kontekstində nəzərdən keçirmək məcburiyyətindədir. Bura ayrı-ayrı ölkələrlə münasibətlər, beynəlxalq təşkilatlar, təsisat və qurumlarla münasibətlər də daxildir və bunlar kompleks olaraq nəzərdən keçirilir. Heydər Əliyev beynəlxalq münasibətlərdə Azərbaycanın müstəqil, suveren iradəsini ortaya qoymağı bacarırdı. Düşünürəm ki, bu, xüsusi, səciyyəvi bir cəhətdir. Çünki müasir beynəlxalq münasibətlərin əsas xarakterik xüsusiyyətlərindən biri qloballaşmadır. Qloballaşma o qədər total bir vasitədir ki, dövlətlərin müstəqilliyini məhdudlaşdırır. Ən hegemon, dünya siyasətini müəyyənləşdirən ölkələrin belə müstəqilliyini məhdudlaşdıran bir vasitədir. Çünki dövlətlər bu və ya digər dərəcədə bir-birindən asılıdır. Belə bir şəraitdə Azərbaycan kimi kiçik ölkənin tam müstəqil siyasət yeritməsi, milli və dövlət maraqlarında güzəştə getməməsi çətin olur. Bunun üçün ilk növbədə iqtisadi müstəqilliyin təmin olunması, yüksək siyasi iradənin nümayiş etdirilməsi vacibdir. Heydər Əliyev bu iradəni nümayiş etdirə bilirdi. O, Azərbaycan xalqının legitim iradəsini beynəlxalq münasibətlərdə diqtə etməyi, müdafiə etməyi bacaran siyasətçi idi. Düşünürəm ki, Heydər Əliyevin beynəlxalq fəaliyyətini də bir neçə dövrə bölmək olar. Azərbaycanın 1993-cü ildən beynəlxalq arenaya daxil olması şübhəsiz ki, çox mürəkkəb mərhələyə təsadüf edirdi. Azərbaycan torpaqları işğal olunmuş, ərazi bütövlüyü pozulmuşdu. Biz bu prosesdə bir neçə beynəlxalq təşkilatla əməkdaşlıq qurmaq məcburiyyətindəydik. İndi daha aydın dərk etdiyimiz qlobal imperializmin müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə öz maraqlarını diqtə etməyə çalışdığı dövr idi.  Sonradan həqiqətən başa düşdük ki, bizim beynəlxalq təşkilatlar kimi düşündüyümüz, dünyaya sülh, demokratiya, ədalət verəcək qurumlar əslində qlobal imperializmin struktur vahidləridir. Və milli dövlətlərə ciddi təzyiq vasitəsi kimi çıxış edirdilər. Belə bir mürəkkəb mərhələdə Heydər Əliyev doğru, düzgün, qəti qərarlar qəbul edərək, Azərbaycanın beynəlxalq maraqlarını qoruya bildi. Bunun hərbi, iqtisadi, siyasi tərəflərindən danışmaq mümkündür, amma istərdim ki, həmkarım da fikrini bildirsin.

Elçin Əhmədov: Öncə, dəvətə görə təşəkkür edirəm və bildirirəm ki, hörmətli Hikmət müəllimlə bir söhbətdə iştirak etmək mənə xoşdur.  Çünki Hikmət müəllim Heydər Əliyev irsinin politoloji aspektini mükəmməl surətdə araşdırıb. Azərbaycan tarixinin 35 illik tarixi ümumilli liderimiz, nəhəng dövlət adamı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etmək hər birimizin şərəf işidir. Onun Azərbaycan xalqının inkişafı yolunda əvəzsiz xidmətləri təbliğ edilməli və böyüməkdə olan gənc nəslə aşılanmalıdır. 1991-ci ildə dövlət müstəqilliyini əldə edən Azərbaycan müstəqil xarici siyasətini formalaşdırmaq imkanı əldə etdi. O vaxt mürəkkəb dövr idi, həm ictimai-siyasi vəziyyət mürəkkəbdi, həm də Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq başlamışdı. Belə ağır bir durumda Azərbaycanın yani xarici siyasət prinsipinin formalaşdırılması və həyata keçirilməsi zərurəti meydana çıxmışdı.  Bu zərurəti reallaşdırmaq yalnız 1993-cü ildə ümummilli lider ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra mümkün oldu. Ulu öndər öz zəngin dövlətçilik təcrübəsindən istifadə edərək, Azərbaycanın yeni xarici siyasətinin formalaşdırılması üçün bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirdi. Birinci növbədə ölkədə ictimai-siyasi sabitlik yaratmaq üçün Ermənistanın təcavüzünün qarşısı alınmalı idi. İkincisi, ölkədəki bir sıra qeyri-qanuni silahlı qruplaşmalar ləğv edilməliydi. Bundan sonra Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirmək üçün informasiya blokadasını yarmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq lazımdı. Müstəqilliyin ilk illərində bəzi qonşu dövlətlərlə yaradılmış umu-küsünü aradan qaldırmaq gərəkirdi. Bu çox mühüm vəzifələrin öhdəsindən ulu öndər çox böyük cəsarətlə və layiqincə gəldi. 1994-cü ilin mayında atəşkəs əldə olundu, sabitliyi təmin etmək üçün qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirmək üçün atılacaq addımlar müəyyənləşdirildi. Xarici siyasətin əsas istiqamətləri və prioritetləri də müəyyən edildi. Dünya birliyinə inteqrasiya və dünya ölkələri ilə əməkdaşlığın möhkəm təməlini qoymaq üçün 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bundan bir qədər əvvəl 19914-cü ilin mayın 4-də Qərbin təhlükəsizlik sisteminə inteqrasiya olunmaq üçün Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu.

Fuad Babayev: Elə bizim nəşr etdiyimiz kitablardan da biri NATO ilə Azərbaycanın tərəfdaşlığına həsr olunub.

Elçin Əhmədov: Ermənistanla müharibə şəraitində olan Azərbaycanın Qərb təhlükəsizlik sisteminə inteqrasiyası, beynəlxalq təcrübəyə əsasən çevik ordu hissələrinin yaradılması, NATO-nun sülhyaratma prosesində Azərbaycan ordusu hissələrinin peşəkarcasına iştirak etməsinin təməli məhz o dövrdə qoyuldu.  Bütün bunlar göstərir ki, təməli ulu öndər tərəfindən qoyulan xarici siyasət məhz Azərbaycanın gələcəyinə hesablanmışdı.

Fuad Babayev: Hikmət müəllim hakim Yeniz Azərbaycan Partiyasının rəsmi nəşri – “Yeni Azərbaycan” qəzetinin baş redaktorudur. Elçin müəllim ali təhsil müəssisəsində fəaliyyət göstərir. Hər hansı media orqanının auditoriyası olur və kütləvi informasiya vasitəsinin nüfuzu yüksəldikcə, onun auditoriyası da genişlənir. Elçin müəllimin çalışdığı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da kifayət qədər hazırlıqlı tələbələr oxuyur. Media və ali təhsil müəssisəsinin üzərinə Heydər Əliyev irsini auditoriyaya çatdırılmasında hansı missiya düşür? Və bunun öhdəsindən gələ bilirikmi?

Hikmət Babaoğlu: Çox yaxşı sual verdiniz. Mən bir neçə cümlə ilə Heydər Əliyevin beynəlxalq fəaliyyətinə bir də qayıdıram. Azərbaycanın beynəlxalq münasibətlərə çıxışını balanslaşdırılmış xarici siyasət kimi səciyyələndiririk. Azərbaycan elə bir geostrateji məkanda yerləşir ki, həm qarşıdurmalar, həm də əməkdaşlıq və tərəfdaşlıq məkanı ola bilər. Bu gün Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıq məkanı kimi çıxış etməsi Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət sayəsində mümkün olub. Azərbaycanın xarici siyasətinin ən əsas prioritetlərindən biri Dağlıq Qarabağ probleminin həlli məsələsidir ki, bu çərçivənin və formatın hazırki formada müəyyənləşdirilməsində də Heydər Əliyev xarici siyasətinin mühüm rolu olub. Bu çərçivə elə müəyyənləşib ki, işğalçı Ermənistan və onun çoxsaylı beynəlxalq havadarları nə qədər manipulyasiya etməyə çalışsalar da, danışıqları Azərbaycanın ərazi bütövlüyünə əsaslanan formatdan kənara çıxara bilmirlər. Bu mühüm məsələdir və onu qiymətləndirmək lazımdır. Azərbaycanın Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa Birliyi ilə yaxşı əməkdaşlığı vardı, amma bu, bir müddət dayandı. Ona görə ki, postsovet məkanındakı eyni xarakterli, yəni etnik separatçılığa söykənən münaqişələri olan dövlətlərin ərazi bütövlüyü ATƏT və Avropa İttifaqı tərəfindən qeyd-şərtsiz qəbul edildiyi halda, bu, Azərbaycana şamil edilmirdi. Avropa İttifaqı ilə xüsusi bir müqavilə imzalamağa hazırladığımız dövrdə bu məsələ bir daha qabardıldı. Yəni Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanımayacaqsa, əməkdaşlıqdan imtina edəcəyik, prinsipinə söykənəcəyik. Bu prinsipin də əsasında Heydər Əliyevin xarici siyasəti dayanır. Beynəlxalq münasibətlərdə Azərbaycanın yerini və rolunu tarixi-müqayisəli metoddan, analiz və sintezdən istifadə olunmaqla, buna necə nail olduğumuzu müəyyən etməklə obyektiv qiymətləndirə bilərik. İndi isə Sizin sulınıza gələk.

Medianın çox böyük missiyası var. Medianın çox böyük funksiyası var. Amma düşünürəm ki, medianın missiyası onun funksiyasından dəfələrlə böyükdür. Medianın funksiyası deyəndə biz maarifləndirmə, informasiya ilə təmin etmə və s. nəzərdə tuturuq. Amma medianın missiyasını biz bu funksiyalarla məhdudlaşdıra bilmərik. Hər bir fərdin yaddaşı olduğu kimi, hər bir dövlətin də yaddaşı olur. Panidealist xalqlar, böyük dövlətlər cəmiyyətin, fərdin yaddaşından yox, dövlətin dövlətçilik yaddaşından danışırlar. Bu yaddaş mütləq tarixə söykənməlidir, mütləq milli olmalıdır, mütləq liderlərin fəaliyyətinə söykənməlidir. Tutaq ki, qabaqcıl Qərb dövlətlərindən biri beynəlxalq münasibətlərindəki davranışlarında məhz dövlət yaddaşına söykənərək çıxış edirlər. Yəni bu dövlət tarixin hansısa mərhələsində necə qərarlar qəbul edib və bunun əsasları nəyin üzərində qurulub. Düşünürəm ki, Azərbaycan dövləti və dövlətçiliyinin yaddaşından danışan zaman mütləq biz Heydər Əliyevi xatırlamalıyıq. Çünki bu yaddaşı formalaşdıran liderlərdən birincisidir. Ona görə də bunun öyrənilməsi, təbliğ edilməsi mühüm vəzifədir. Bilirsiniz ki, biz Azərbaycan mediasını fərqli görə bilərik. Məsələn, elektron mediaya ayrı baxa, təbliğat metodlarını ayrıca təhlil edə, çap mediasına ayrıca funksional qurum kimi baxa bilərik. Müasir mərhələdə internet resursları üzərində olan vətəndaş mediasına da ayrıca sahə kimi yanaşa bilərik. Ötən illər ərzində Heydər Əliyevin fəaliyyəti ilə bağlı media çox mühüm işlər görməyi bacarıb. Bilirik ki, Azərbaycan mediasına azadlıq bəxş edən, onun üzərindən senzuranı götürən dövlət xadimi Heydər Əliyevdir. 1998-ci il avqust ayının 6-da bütün növ senzuranın ləğvi ilə bağlı Heydər Əliyev qərar qəbul etdi. Böyük dövlət xadimi Heydər Əliyev dərk edirdi ki, insanlar, fərdlər azad olmasa, fikirlərini sərbəst izah etməsələr, media azad olmasa cəmiyyətdə ideya, fikir istehsalı olmayacaq. İdeya və fikir istehsalı olmayan cəmiyyət isə qısır cəmiyyət kimi xarakterizə olunur. Heydər Əliyev medianın “Azərbaycan” nəşriyyatına olan borclarını sildi. Beləliklə, Azərbaycan jurnalistlərinin dostu oldu. Media-dövlət münasibətlərini koordinasiya edəcək icra strukturunu ləğv etdi.

Fuad Babayev: Mətbuat və İnformasiya Nazirliyini…

Hikmət Babaoğlu: Bəli, Heydər Əliyev bunu ləğv etdi. Medianın fəaliyyəti üçün sərbəst mühit yaratdı. Əvəzində Azərbaycan mediası kifayət qədər öz fəaliyyətində ciddi işlər görməyi bacardı. Hər bir millətin milli mətbuatı onun ən intellektual, lokomotiv instututlarındandır.

Fuad Babayev: Həm də güzgüsüdür.

Hikmət Babaoğlu: Doğrudur, həm də güzgüsüdür. Çünki media, mətbuat dediyimiz cəmiyyətin bir növ davamıdır. Əgər cəmiyyət inkişaf edibsə, onun mediası da inkişaf edib. Axı dediyiniz kimi, bu bir aynadır, orada özünüzə baxırsınız. Media ayrı-ayrı jurnalistlərin fəaliyyəti nəticəsində ortaya intellektual məhsul çıxarmağı bacaran istehsal müəssisəsidir. İdeoloji, ideya istehsal edən müəssisə. Bu baxımdan düşünürəm ki, Azərbaycan mediası Heydər Əliyev irsini cəmiyyətə lazımi qədər təbliğ etməyi bacarıb. Bunu yüksək qiymətləndirmək lazımdır. Azərbaycan mediası bu gün də prinsiplərinə sadiqdirsə, böyük dövlət adamı kimi Heydər Əliyevin fəaliyyət sferasını vaxtaşırı işıqlandırırsa, həm də yeni nəslə bu prosesləri ötürmüş olur. 2003-cü ildə cənab İlham Əliyev ilk dəfə prezident seçiləndə qeyd etdi ki, Azərbaycanda Heydər Əliyev siyasəti davam etdiriləcək. Aradan 15 il keçdi, bu gün də (18 aprel – red.) inauqurasiya mərasimində cənab Prezident eyni sözü təkrar etdi.  Bu, dövlətçilikdə varislilikdir. Söhbət Heydər Əliyevin siyasi irsindən gedir, deyəndə biz Azərbaycan dövlətçilik ənənələrini, dövlətçilik şüurunu nəzərdə tuturuq. Bunun ictimai yaddaşda düzgün formalaşması üçün medianın fəaliyyəti mühüm faktor kimi nəzərdən keçirilir. 2003-cü ildə cənab Prezident həm də qeyd etdi ki, məqsədi Azərbaycanın neft kapitalını intellektual kapitala çevirməkdir. Bu gün Azərbaycanda intellektual cəmiyyət formalaşıb, intellektual gənclik bu gün artıq beynəlxalq təşkilatlarda, transmilli mediada, internet resurslarında Azərbaycan dövlətçiliyinin maraqlarını qoruya bilir. Bu maraqların əsasında Heydər Əliyevin formalaşdırdığı siyasi, iqtisadi paradiqmalar dayanırsa, demək həm Azərbaycan ali təhsil müəssisələri, həm milli mətbuatı bu ideyalara, dövlətçilik məktəbinə sadiq qalıblar. İstər medianın, istərsə də hər bir Azərbaycan vətəndaşının üzərinə böyük bir vəzifə düşür. Bu, bizim dövlətçilik ənənələrimizi gələcək nəslə daha ardıcıl, daha dolğun, yüksək səviyyədə çatdırmaqdan ibarətdir. Bu gün də elə həmin proses gedir və belə də olacaq.

Fuad Babayev: Elçin müəllim, Sizin də auditoriyanız var. Həm də işlədiyiniz ali məktəbdə politoloqlar, beynəlxalq münasibətlər üzrə mütəxəssislər hazırlanır. Orada vəziyyət necədir? Ən azı Hikmət müəllimin yazdığı dərsliyin mövcudluğu bu sahədə əhəmiyyətli işlər görülməsindən xəbər verir. Auditoriyaya Heydər Əliyev irsini təbliğ edə bilirikmi, əks rabitə varmı?

Elçin Əhmədov: Əlbəttə, sovet dövlətinin tərkibində olarkən, bizdə beynəlxalq münasibətlər, politologiya üzrə ixtisaslaşma yox idi. Müstəqil dövlət olmadığımızdan müstəqil xarici siyasət fəaliyyətimiz də mövcud deyildi. Hərçənd beynəlxalq mədəni əlaqələrimizi SSRİ çərçivəsindən kənara çıxara bilmişdik. Yalnız 1991-ci ildən sonra əvvəlcə Bakı Dövlət Universitetində, sonra bizdə və Azərbaycanın digər ali məktəblərində beynəlxalq münasibətlər bir ixtisas kimi öyrədilməyə başlandı. İndi biz Azərbaycanın xarici siyasətini fənn kimi tədris edirik. Bu fənn bizim akademiyada 1999-cu ildən geniş saatla tədris olunur və Təhsil Nazirliyinin standartlarında da oturuşub. Artıq bu fənnin proqramı, dərsliyi, metodiki vəsaiti var. Burada biz tarix elmləri doktoru, professor Əli Həsənovun adını çəkməliyik. Onun Azərbaycanın xarici siyasəti, geosiyasəti, milli inkişaf və təhlükəsizlik siyasəti ilə bağlı  40-a yaxın kitabı var. Eyni zamanda Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası Universitetində də Əli müəllimin və Hikmət müəllimin kitablarından bəhrələnirlər. Bu fənnlər sistemli şəkildə tələbələrə bakalavr pilləsində öyrədilir. Azərbaycan xarici siyasətini öyrədərkən biz xüsusilə 1993-cü ildən sonrakı dövrü götürürük. Bu dövrdə xarici siyasət məhz ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır. Biz bu proqramı 90 saat ərzində keçirik, amma bundan əlavə bakalavr pilləsindəki buraxılış işlərində mövzuları hazırlayarkən, Heydər Əliyevin xarici siyasət kursuna həsr olunmuş mövzulardan da istifadə edirik. Heydər Əliyevin xarici siyasət kursu ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığı, dövlətlərlə əməkdaşlığı, ümummilli liderin neft strategiyasını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində fəaliyyətini ayrıca veririk.

Fuad Babayev: Bunlar ayrıca kurslardır?

Elçin Əhmədov: Ayrı-ayrı mövzulardır, bunları yazıb, müdafiə edirlər. Yəni xarici siyasətlə bağlı 4-cü kursun sonunda və ya magistraturanın sonunda mövzular seçəndə, hazırladığımız bu mövzuları seçirlər və müdafiə edirlər. Ümummilli liderimizin irsini özümüzün öyrənib, gələcək nəsillərə ötürməyimiz bizim şərəf işimizdir.

Fuad Babayev: Həm də onların bunu öyrənib, tədqiq etmələrini təmin etmək…

Elçin Əhmədov: Bəli. Dediyim kimi, dərslik baxımından ortada xeyli kitab var. Hələ mən dövri mətbuatı, elektron medianı nəzərdə tutmuram. Keçdiyimiz dövrü təhlil süzgəçindən keçirmək üçün zamana ehtiyacımız var. 1993-cü ildə xarici siyasətin ancaq istiqamətləri görünürdüsə, indi bunlar artıq reallığa çevrilir. Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasət kursu yalnız davam etdirilmir, həm də novatorluqla və dinamik şəkildə müasir dövrün tələblərinə uyğun olaraq çox çətin və mürəkkəb geosiyasi şəraitdə uğurla inkişaf etdirilir. Bu danışdıqlarımızı tədris prosesində tələbələrə də çatdırırıq, çünki əsas məsələ maarifləndirməkdir.

Fuad Babayev: Ümummilli liderimizin anadan olmasının 95 illiyi tamam olur. Rəmzi məna kəsb edir ki, bu gün cənab Prezidentin Milli Məclisdə inauqurasiya mərasimi olub və Hikmət müəllim də orada iştirak edib. “Yeni Azərbaycan” qəzeti və Dövlət İdarəçilik Akademiyası 95 illiklə bağlı hansı tədbirlər və layihələri gerçəkləşdirəcək?

Hikmət Babaoğlu: Artıq bizim “Yeni Azərbaycan” qəzetinin formalaşmış, oturuşmuş ənənələri var. Böyük dövlət xadimi Heydər Əliyevin hər il doğum günü ərəfəsində, biz hesab edirik ki, onun hər doğum günü yubileydir, yazı müsabiqələri keçirilir. Orta məktəb şagirdləri arasında inşa müsabiqəsi keçirilir və “Yeni Azərbaycan” qəzeti vasitəsilə nəşr olunur. Müxtəlif idman yarışları təşkil olunur. Eyni zamanda Yeni Azərbaycan Partiyasının müxtəlif tədbirləri var və bunlar görüləcək işlər planı daxilində həyata keçirilir. Mən hesab edirəm ki, media öz fəaliyyəti ilə bağlı daim ictimaiyyətə hesabat verməlidir. Hər nömrə böyük məsuliyyətdir, bir hesabatdır və ötən tarixin salnaməsidir. “Yeni Azərbaycan” qəzeti 25 ildir ki, Azərbaycanın ən yeni siyasi tarixinin salnaməsini yazır. Aprelin 25-də qəzetin artıq 25 yaşı tamam oldu. Az qala Azərbaycanın müstəqilliyinin yaşıdıdır. “Yeni Azərbaycan” qəzeti hər nömrəsində Heydər Əliyev siyasətinin salnaməçisi olmağı bacarıb, bu gün də belədir. Düşünürəm ki, bu, çox şərəfli, tarixi bir missiyadır. Bundan sonra da “Yeni Azərbaycan” qəzeti Yeni Azərbaycan Partiyasının orqanı, Heydər Əliyev siyasətinin təbliğ olunması missiyasını davam etdirəcək.

Fuad Babayev: Sizə uğurlar arzulayıram. Buyurun, Elçin müəllim.

Elçin Əhmədov: Bizim böyük Dissertasiya Şuramız var, orada dissertasiyalar müdafiə olunur, Hikmət müəllim də o şuranın üzvüdür. Ümummilli liderimizin 95 illiyi ilə əlaqədar tələbə-elmi cəmiyyətinin xətti ilə konfranslar keçirməyi planlaşdırırıq. Akademiya səviyyəsində də may ayının birinci həftəsində böyük tədbirlər olacaq. Bu elmi konfranslarda şübhəsiz ki, publisisitikadan kənar, yalnız elmə əsaslanan çıxışlar olacaq. Bu konfranslara tələbələri də cəlb edəcəyik. Çünki oradakı çıxışların hər biri gənclər üçün dərs sayıla bilər. Bütün bunların hamısı bir məqsədə xidmət edir: 35 il ərzində ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə gördüyü işləri öyrənmək, təbliğ etmək və gələcək nəsillərə çatdırmaq.

 

Hazırladı: Gündüz Nəsibov, 1905. az,

aliyevheritage.org