az|en|ru

Heydər Əliyev İrsini Araşırma Mərkəzi tərcümə laboratoriyasının növbəti toplantısı keçirilib


Yanvarın 18-də Heydər Əliyev İrsini Araşırma Mərkəzi tərcümə laboratoriyasının növbəti toplantısı keçirilib.  Toplantını giriş sözü ilə açan Mərkəzin tərcümə şəbəkəsinin rəhbəri Təmkin Məmmədli toplantılararası dövrdə Mərkəzin fəaliyyəti haqqında məlumat verib. Toplantı iştirakçıları qarşısında çıxış edən Mərkəzin baş direktoru Fuad Babayev 2014-cü ildə bu qurumun fəaliyyətinin 10 illiyinin tamam olacağını xatırladıb. F.Babayev bu əlamətdar hadisə ərəfəsində tərcümə laboratoriyasının təşkilatçılığı ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin xarici dillərə tərcüməsi və təqdimatı məsələləri” mövzusunda konfrans keçirilməsini təklif edib.

Toplantıda çıxış edən filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Qılıncxan Bayramov, filologiya elmləri doktoru, professor Həbib Zərbəliyev, filologiya elmləri üzrə fəlsəfə doktoru Rza Xəlilov, tarix elmləri üzrə fəlsəfə doktoru Aqil Şahmuradov, ərəb dili tərcüməçisi Şıxəli Əliyev, fransız dili tərcüməçisi Şəhla Ağalarova çıxış edərək Heydər Əliyevin əsərlərinin xarici dillərə tərcüməsinin əhəmiyyətindən bəhs edərək,  təklifi dəstəklədilər.  Natiqlər bu əsərlərin tərcüməsinin Azərbaycan tarixi ilə bağlı qiymətli mənbə olduğunu və siyasi leksikanın zənginləşdirilməsinə xidmət etdiyini vurğulamaqla yanaşı, bəzi təklif və tövsiyələrini bildiriblər.