az|en|ru

www.aliyevheritage.org - Azərbaycan Xalqinin Ümummilli Liderinin əsərləri 25 dildə internetdə


 
 
 
 
 
 
Görkəmli dövlət xadimi və beynəlxalq miqyaslı lider Heydər Əliyevin şərəfli həyat nümunəsi və qoyub getdiyi zəngin irs böyük milli sərvətimizdir. Bu böyük məktəbin tükənməz xəzinəsinin dərindən və hərtərəfli öyrənilməsi müstəsna beynəlxalq əhəmiyyətə malikdir.

Hamımız üçün böyük xoşbəxtlikdir ki, öz tarixinin ən mürəkkəb məqamlarından birində Azərbaycana Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik etmişdir. Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynamışdır.

Siyasət Olimpində göründüyü andan müasir dünyanın siyasət nəhəngi Heydər Əliyevin şəxsiyyəti və zəngin siyasi irsi siyasətçilərin, politoloqların, iqtisadçıların və jurnalistlərin diqqət mərkəzindədir. Neçə ki, siyasət, iqtisadiyyat və idarəetmə elmləri var, Heydər Əliyevə olan maraq da qalacaqdır. Dünyada baş verən hadisələri məharətlə qiymətləndirmək qabiliyyəti, öz əməli fəaliyyətini məntiqi təhlil əsasında istiqamətləndirmək istedadı, inamlı və qəti qərarlar qəbul etmək cəsarəti, əmin olduğu haqq işi uğrunda mübarizlik əzmi bu görkəmli şəxsiyyəti bir çox dövlət xadimlərindən fərqləndirirdi.

Heydər Əliyevin siyasi portretini tam dolğunluqla yaratmaq çox məsul işdir və bəlkə də mümkünsüzdür. Şübhəsiz ki, ümummilli liderimiz haqqında ən dolğun təəssüratı məhz onun əsərləri - çıxışları, bəyanatları, məktubları yarada bilər. Heydər Əliyevin irsinin təbliğində YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi "Heydər Əliyev Fondu" təkrarsız fəaliyyət göstərməkdədir. Fond Heydər Əliyevin zəngin irsinin öyrənilməsi istiqamətində diqqətəlayiq işlər həyata keçirir.

Heydər Əliyevin həyatı və qoyub getdiyi böyük irsi o qədər zəngin və çoxcəhətlidir ki, bu tükənməz sərvətin müxtəlif tərəflərini öyrənmək üçün hələ bundan sonra da çoxlu təşəbbüslər olacaqdır.

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasını yaratmaqda da bizim əsas məqsədimiz isə tarixin ən böyük azərbaycanlısı olan Heydər Əliyevin zəngin irsini beynəlxalq aləmdə geniş oxucu kütləsinə çatdırmaqdan ibarətdir.

"Azerbaijan New Media" Azərbaycan - Bolqarıstan müştərək müəssisəsinin ən böyük layihəsi olan "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası 2004-cü il may ayının 10-da - ümummilli liderimizin ad günündə efirə çıxmışdır. Kitabxananın yaradılması ilə Azərbaycanın ən yeni tarixi və inkişafı, keçmişi və gələcəyi ilə maraqlanan oxucularımız Heydər Əliyevin əsərlərini dünyanın bir çox dillərində mütaliə etmək imkanı əldə ediblər.

Tədqiqatçılar, politoloqlar, jurnalistlər bu və ya digər problemi öyrənərkən müxtəlif informasiya mənbələrini araşdırır, lakin bütün hallarda sənədli və obyektiv faktlara üstünlük verirlər. Bu gün belə misilsiz informasiya mənbələrindən biri ümumdünya kompüter şəbəkəsi olan İnternetdir.

Bu baxımdan universal informasiya mənbəyi kimi İnternetin əhəmiyyəti çox böyükdür. Dünyanın istənilən nöqtəsindən bir anda daxil olmağın mümkünlüyü digər kütləvi informasiya vasitələri fonunda onun əhəmiyyətini daha da artırır. İnternet həm də effektiv kommunikasiya vasitəsi kimi bir çox cəhətlərdən telefon, faks kimi rabitə vasitələrini üstələyir. Heydər Əliyevin hər birimiz üçün örnək olan həyat yolu, fəaliyyəti haqqında yüzlərlə kitab yazılmışdır. Bu kitabların böyük əksəriyyəti Azərbaycan və rus dillərindədir. Biz onların əhəmiyyətini azaltmaq fikrindən uzağıq. Lakin etiraf etmək lazımdır ki, Heydər Əliyev şəxsiyyətinə yalnız Azərbaycanda və keçmiş sovet məkanında deyil, bütün dünyada böyük maraq vardır. Bütün bunları nəzərə alaraq biz onun irsinin təbliği üçün elektron kitabxana yaradılmasını qərara aldıq. Qeyd etmək lazımdır ki, dünyada 14 analoji layihə mövcuddur. Tarixdə böyük iz qoymuş ictimai-siyasi xadimlərin (Avraam Linkoln, Corc Vaşinqton, Franklin Delano Ruzvelt, Mahatma Qandi, Uinston Çörçill, Con Kennedi, Ronald Reyqan, Mustafa Kamal Atatürk və s.) irslərinə həsr edilən kitabxanaların sırasına "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının qoşulması hesab edirik ki, təqdirəlayiq haldır və vaxtında atılmış addımdır.

Elektron Kitabxanamız 25 dildə fəaliyyət göstərir. Bu dillər kitabxanamızın Redaksiya Heyəti və yaradıcı qrup tərəfindən məqsədyönlü surətdə seçilmişdir və əsas etibarilə dünyada geniş yayılmış dillərdir. Belə bir siyasətin nəticəsidir ki, bu gün kitabxanamızın oxucuları sırasına dünyanın ən müxtəlif ölkələrindən olan şəxslər və təşkilatlar daxildir. Onu da bildirim ki, İnternet məkanda elektron kitabxananın 25 dildə fəaliyyət göstərməsi nadir hallardan biridir. Qeyd etməliyəm ki, yuxarıda adları çəkilən elektron kitabxanaların hamısı birdilli və ya ikidillidir. Biz bu yolla oxucularımıza həm dünyanın ən böyük siyasətçilərindən birinin əsərləri ilə, həm də müasir Azərbaycanın reallıqları ilə tanış olmaq imkanı yaratmışıq.

Elektron kitabxanada Heydər Əliyevin fəaliyyətinin bütün sahələrini maksimum əhatə etməyə çalışırıq. Kitabxanamızın daxili və xarici siyasət, iqtisadiyyat, neft strategiyası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, mədəniyyət, müsahibələr, diaspor, sosium, gənclər siyasəti, qayıdış və s. bölmələri ilə tanış olmaqla Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətləri ilə bağlı müəyyən qədər dolğun məlumat almaq mümkündür. Bu və ya digər sənədi asanlıqla tapmaq üçün qeyd olunan bölümlərin bir çoxu altbölümlərə bölünmüşdür və saytdaxili axtarış proqramlarından istifadə olunur. Elektron kitabxanamızın daha bir özəlliyi isə ondan ibarətdir ki, hər bir sənəd üçün ekspertlərimiz tərəfindən tarixi arayışlar, Azərbaycanın müxtəlif ölkələr, beynəlxalq təşkilatlar, şirkətlərlə münasibətilə bağlı qısa oçerklərin yazılmışdır. Həmçinin, sənədlərdə qeyd olunan şəxsiyyət, yer adları və anlayışlarla bağlı da indekslər yazılır. Əlavə sənədlər bölümündə isə ümummili liderimizin bu və ya digər əsərinə uyğun olaraq onun tərəfindən imzalanmış fərman və sərəncamlar verilir. Zəngin qalereya bölümündə on il ərzində Heydər Əliyevi müxtəlif səfərlərdə müşayiət etmiş Redaksiya Heyətimizin üzvü fotoqraf Rafiq Bağırov tərəfindən lentə alınmış yüzlərlə nadir foto-şəkillər yerləşdirilmişdir. Video materiallar bölümündə isə Heydər Əliyevin müxtəlif çıxışlarından fraqmentlər yer almışdır.

Bir faktı da qeyd edim ki, kitabxanamızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 oktyabr 2003-cü il tarixli andiçmə mərasimindəki çıxışını və 31 dekabr 2003-cü il tarixli Yeni il münasibətilə Azərbaycan xalqına müraciətini yerləşdirməklə Heydər Əliyev siyasi kursunun davam etdirilməsini göstəririk.

İlham Əliyev müstəqil respublikamızı əzmlə, böyük uğurla və sarsılmaz inamla Heydər Əliyev yolu ilə irəli aparır. "Əsrin müqaviləsi"ni və Heydər Əliyevin memarı olduğu digər milli yüksəliş layihələrini bu gün uğurla həyata keçirən dövlətimizin başçısı İlham Əliyev Azərbaycan vətəndaşlarında nikbinlik hissi yaratmış, bir çox siyasi, sosial-iqtisadi və mənəvi mahiyyət daşıyan problemlərin gələcəkdə tezliklə həll olunacağına bəslənən ümidləri artırmışdır. Xüsusilə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru neft kəmərinin inşasının başa çatdırılması, Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikintisinin isə yaxın vaxtlarda başa çatdırılması üçün atılan addımlar, prezidentin fərmanları ilə Azərbaycanın və onun regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi, o cümlədən, bu layihələrin tərkib hissəsi olaraq ölkədə məşğulluğun artırılması üçün beş il ərzində 600 min yeni iş yerinin yaradılması sahəsində həyata keçirilən böyük fəaliyyət və quruculuq işləri xalqımızın firavan yaşaması və respublikamızın qüdrətli dövlətə çevrilməsi üçün möhkəm zəmin yaradacaqdır. Heydər Əliyevin əsərlərinə yazılan tarixi arayışlarda bu məsələlərə də böyük önəm veririk.

"Azerbaijan New Media" şirkətinin rəhbəri gənc iş adamı Vurğun Süleymanovun təşəbbüsü və dəstəyi ilə "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının çox nüfuzlu Redaksiya Heyəti yaradılmışdır. Bu qurum elektron kitabxananın yaradıcı heyəti tərəfindən hazırlanmış perspektiv iş planı ilə, həftəlik toplantılar keçirərək görülən işlərlə bağlı məsləhət və tövsiyələr verir. Kitabxanamızın Redaksiya Heyətinə Azərbaycanın nüfuzlu alim və ziyalılarından ? akademik Teymur Bünyadov, görkəmli bəstəkar Xəyyam Mirzəzadə, tanınmış yazıçı Çingiz Abdullayev, böyük rəssamımız Tahir Salahov, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən dəyərli filmlərin müəllifi kinorejissor Vaqif Mustafayev, Bakı Slavyan Universitetinin prorektoru, professor Asif Hacıyev, Qərb Universitetinin professoru Fikrət Sadıxov və başqalarından ibarət böyük bir qrup daxil edilib. Rusiya Jurnalistlər İttifaqının sədri, Beynəlxalq Jurnalistlər Konfederasiyasının prezidenti Vsevolod Boqdanov, Rusiyadan "Literaturnaya qazeta"nın baş redaktoru Yuri Polyakov, "Obozrevatel" jurnalının baş redaktoru Vladimir Ştol, İnternet və biznesin hüquqi aspektləri sahəsində dünyada tanınmış mütəxəssis olan Harvard Hüquq Məktəbinin İnternet və İctimaiyyət üzrə Berkman Mərkəzinin təsisçisi, professor Conatan Zittreyn, Almaniyadan Sakson-Anhalt Federativ Almaniya dövlətinin sabiq baş naziri, professor Verner Münx, Bolqarıstanın eks-prezidenti Jelyu Jelev, Bolqarıstan parlamentinin deputatı, professor Bojidar Dimitrov, Türkiyədən professorlar Toxtamış Atəş, İrfan Ciftçi və başqaları da kitabxanamızın Redaksiya Heyəti üzvləri sırasındadır.

Onu da qeyd edim ki, kitabxanamızın enerjili və təşəbbüskar gənclərdən ibarət yaxşı təşkil olunmuş yaradıcı qrupu mövcuddur. Redaktorlardan, ekspertlərdən, peşəkar tərcüməçilərdən, kompüter mütəxəssislərindən ibarət olan bu qrupa Fuad Babayev rəhbərlik edir. Oxucularımıza bir sıra mətbu orqanlardakı fəaliyyətindən və "Space" kanalı ilə yayımlanan "Hər həftə" verilişinin aparıcısı kimi yaxşı tanış olan Fuad Babayev çox qısa müddət ərzində həmfikirlərinin komandasını formalaşdıra bilmişdir. O, kitabxananın Beynəlxalq Redaksiya Heyətinin dünyada və ölkəmizdə tanınmış üzvləri ilə gənc yaradıcı heyətin uğurlu vəhdətinə nail olmuşdur.

Bu gün, kitabxananın yaranmasından ötən iki il beş aydan sonra keçdiyimiz yolun nəticələrini qiymətləndirərkən qazandığımız uğurların şahidi oluruq. Əvvəla qeyd edim ki, biz bu elektron kitabxananı yaradanda siyasət dünyasının ən parlaq simalarından biri kimi, Heydər Əliyev şəxsiyyətinə, onun keçdiyi böyük həyat yoluna bütün dünyada böyük maraq göstərildiyinə qəti əmin idik. İki il sonra, əldə etdiyimiz nəticələrə nəzər saldıqda buna bir daha inanırıq. Ötən dövr ərzində dünyanın beş qitəsindən yüz əllidən artıq ölkədən on minlərlə oxucu kitabxanamızda yüz minlərlə sənədlə tanış olmuşdur. Bu gün biz fəxrlə deyə bilərik ki, Harvard, Kaliforniya, Minnesota, Texas, Kolumbiya universitetləri (ABŞ), Oksford və Kembric universitetləri (Böyük Britaniya), Berlin Açıq Universiteti, Dortmund, Leypsiq universitetləri (Almaniya), Paris Universiteti (Fransa), Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti, Ural Dövlət Universiteti (Rusiya), T.Şevçenko adına Kiyev Dövlət Universiteti (Ukrayna), Kalqari Universiteti (Kanada), Upsala Universiteti (İsveç), Mərkəzi Avropa Universiteti (Macarıstan), Hacəttəpə, Bilkənd, Mərmərə, Səlcuq universitetləri (Türkiyə), Nikolay Kopernik adına Universitet (Polşa), Vilnüs Universiteti (Litva), Sürix Universiteti (İsveçrə), Belarus Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti (Gürcüstan), Barselona Universiteti (İspaniya), Şarl Universiteti (Çexiya), Tehran, Təbriz və İfahan universitetləri (İran), Avrasiya Universiteti (Qazaxıstan) kimi dünyanın bir sıra qabaqcıl təhsil müəssisələri bizim daimi oxucularımız sırasındadır. ABŞ Senatı və Dövlət Departamenti, Rusiya hökuməti, Türkiyə Böyük Millət Məclisi, Bolqarıstan və Ukrayna parlamentləri, Britaniya Kitabxanası, Konqresin Kitabxanası, Kanada Milli Kitabxanası, Corc Marşall Mərkəzi (Almaniya), Avstriyanın, İtaliyanın və Danimarkanın təhsil portalları, BBC korporasiyası, Maykrasoft korporasiyası, BP, "Lukoyl", "Total", "Statoyl", "Şevron" şirkətləri müntəzəm olaraq elektron kitabxanamızla maraqlanır. Xarici ölkələrimizdəki oxucularımızdan aldığımız məktublar da göstərir ki, kitabxanamız onların ürəyincədir. Ən sevindirici cəhət isə odur ki, hər ay oxucularımızın sayı artır. Bütün bunlar fəaliyyətimizi düzgün və lazımlı istiqamətdə qurduğumuzdan xəbər verir.

Kitabxanamızda müntəzəm olaraq müxtəlif görüşlər keçirilir. Qərb Universitetinin tələbələri üçün "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası ilə tanışlıq kursu keçirmişik. ABŞ-ın Kanzas Universiteti ilə yaratdığımız İnternet körpü də maraqlı layihələrimizdəndir. Kitabxanamızın ekspertlərinin və Kanzas Universitetinin professor və müəllimlərinin iştirak etdiyi bu bağlantıda kitabxananın fəaliyyəti və regiondakı vəziyyət əsas müzakirə obyektləri olmuşdur.

Biz həmçinin, oxucularımızın maraqlarını nəzərə alaraq nəşr fəaliyyəti ilə də məşğuluq. Bir müddət öncə "Sabaha doğru" adlı ilk kitabımız çapdan çıxmışdır. Elektron kitabxanamızın bir sıra dillərində - Azərbaycan, rus, ingilis, fransız, ispan, alman və türk dillərində çap olunan və oxuculara müraciətlə başlanan kitaba xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin tərcümeyi-halı, Azərbaycan Respublikası Ali Sovetinin 15 iyun 1993-cü il tarixli iclasındakı, 10 oktyabr 1993-cü il və 18 oktyabr 1998-ci il tarixli andiçmə mərasimlərindəki çıxışları, 1 oktyabr 2003-cü il tarixdə Azərbaycan xalqına müraciəti və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tərcümeyi-halı, 31 oktyabr 2003-cü il tarixli andiçmə mərasimindəki çıxışı daxil edilmişdir.

Bir neçə gün əvvəl isə "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" adlı ikinci kitabımız çapdan çıxmışdır. Dörd dildə (Azərbaycan, ingilis, fransız və rus dillərində) çap olunmuş kitaba ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində Heydər Əliyevin çıxışları, müsahibələri, ictimaiyyətin nümayəndələrilə görüşdə çıxışı daxil edilmişdir. Kitaba həmçinin, həmin sənədlər üçün yazlmış tarixi arayışlar, indekslər, qeyd olunan zirvə görüşlərinin bəyannamələrindən çıxarışlar, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələri, foto-sənədlər əlavə olunmuşdur. Kitabın "Təcavüzkarın dəst-xətti" bölümündə isə erməni təcavüzünün nəticələrini əks etdirən foto-şəkillər yer almışdır.

Heydər Əliyevin iştirak etdiyi bu üç sammit Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqlar prosesində mühüm mərhələ olmuşdur. 1994-cü ilin dekabrında Budapeştdə keçirilən ATƏM-in dördüncü sammitində Heydər Əliyevin səyi və təşəbbüsü ilə ATƏT-in Minsk qrupunda həmsədrlik institutu təsis edilmişdir. Bu institut vasitəçilərin fəaliyyətindəki rabitəsizliyi aradan qaldırmağa və ATƏT üzvlərinin münaqişənin sülh yolu ilə həllinə yönəldilmiş səylərini nizamlamağa imkan yaratdı.

Ümummilli liderimiz Heydər Əliyevin ATƏT-in Lissabon sammitindəki fəaliyyəti hələ uzun illər siyasətçilər üçün örnək olacaqdır. O, Zirvə görüşündəki çıxışında "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" deyərək, ölkəmizin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini ATƏT tribunasından bütün dünyaya bəyan etmişdir. Münaqişənin sülh yolu ilə həlli prinsiplərinin əks olunduğu bəndin sammitin yekun sənədinə salınmasına Ermənistan prezidenti veto qoyduqdan sonra, Heydər Əliyev ATƏT sammitlərində hələ heç kəsin etmədiyi bir işi edir. O, bütövlükdə ATƏT-in yekun bəyannaməsinə veto tətbiq edir. Yalnız sammitin yekun iclasında ABŞ nümayəndə heyətinin rəhbəri, vitse-prezident A.Qor qeyd edilən prinsiplərin ATƏT sədrinin bəyanatında səsləndirilməsini və həmin bəyanatın zirvə görüşünün yekun sənədləri srasına daxil edilməsini təklif etdikdən sonra, Heydər Əliyev öz vetosunu geri götürmüşdür. Adı çəkilən kitaba daxil olan Lissabon Zirvə görüşünün yekun iclasının stenoqrammı vəziyyətin drammatikliyini aydın göstərir.

Məhz Lissabon Zirvə görüşündə Heydər Əliyevin sərt mövqeyi və qətiyyəti nəticəsində sammitin yekun sənədləri sırasına daxil olan ATƏT sədrinin bəyanatında Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdir. 54 ATƏT üzvündən Ermənistan istisna olmaqla 53-nün lehinə səs verdiyi bu qərarın qəbul edilməsi yolunda Heydər Əliyev zirvə görüşünün gedişində 14 ölkənin nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirmişdir. Qeyd etmək yerinə düşər ki, son aylar ərzində bir neçə dəfə, o cümlədən də 19 sentyabr 2006-cı ildə Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, vaxtilə ümummilli liderimizin söylədiyi "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" fikrini bir daha qətiyyətlə təsdiqləyərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyinin dəyişmədiyini, bir qarış torpağımızın da düşmənə güzəştə gedilməyəcəyini bəyan etmişdir.

1999-cu il noyabrın 18-19-da keçirilən ATƏT-in İstanbul sammitində Avropa Təhlükəsizliyi haqqında Xartiya, Avropada adi silahlar haqqında müqavilə, İstanbul Zirvə görüşünün yekun bəyannaməsi qəbul olunub. Yekun bəyannaməsinin ayrıca bir bəndi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Bir sözlə, hesab edirik ki, kitaba daxil olan bütün bu materiallar oxucularımız, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ədalətin zəfər çalmasını arzulayan hər kəs üçün maraqlı olacaqdır.

Zənnimcə, "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabı əslində kitabxanamızın növbəti uğurudur. Lakin biz bu uğurlarla kifayətlənmək fikrində deyilik. Yaxın gələcəkdə kitabxanamızın dillərinin sayının 30-dək artırılmasını planlaşdırırıq. Nəşriyyat fəaliyyətimizi genişləndirməyi də nəzərdə tutmuşuq. Bir sıra mövzularda, o cümlədən də Heydər Əliyevin neft strategiyası ilə bağlı kitabın nəşri planlarımız sırasındadır.

Cari ildə bir sıra seminarlar, dəyirmi masalar, konfranslar keçirmək niyyətindəyik. Dünyanın bir sıra qabaqcıl təhsil müəssisələri - universitetlərlə İnternet körpülər yaradılması ilə əlaqədar danışıqlar aparırıq.

Bir sözlə, planlarımız böyükdür. Amma bütün bunların öhdəsindən gələcəyimizə əminik. Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olan elektron kitabxananın yaradılması kimi məsuliyyətli və şərəfli bir işin öhdəsindən gələn, onu samballı informasiya resursuna çevirməyi bacaran kollektivimizin potensialına və "Azerbaijan New Media" şirkətinin dəstəyinə güvənirik.

Asəf Nadirov,

akademik, əməkdar elm xadimi,

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası Redaksiya Heyətinin sədri.

"Xalq qəzeti", 12 oktyabr 2006-cı il