az|en|ru

"Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012" kitabı təqdim edilib


14 iyun 2012-ci il tarixdə "Hilton" otelinin "Firuzə" zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012" kitabının çapdan çıxmasına həsr olunmuş təqdimat mərasimi oldu.

Mətbuat konfransını giriş sözü ilə Mərkəzin baş direktoru Fuad Babayev açdı. Kitab haqqında jurnalistlərə qısa məlumat verən Fuad Babayev, daha sonra sözü Şamaxının millət vəkili, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, kitabın elmi məsləhətçisi Elxan Süleymanova verdi. Millət vəkili Azərbaycan-Belçika münasibətlərinin tarixi və mövcud vəziyyəti barədə ətraflı danışdı. Natiq qeyd etdi ki, Azərbaycan-Belçika münasibətlərinin əsas müddəaları Azərbaycan Respublikasının Prezidenti və Belçika Krallığının Baş nazirinin 1998-ci ildə imzaladıqları birgə bəyanatda göstərilir. Həmin sənəddə tərəflər siyasi, iqtisadi, o cümlədən, sənaye, ticarət və investisiya sahəsində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tuturlar. E.Süleymanov Azərbaycan-Belçika münasibətlərinin ötən 20 il ərzində əməkdaşlıq və qarşılıqlı hörmət ruhunda inkişaf etdiyini, tərəflərin gündəlikdəki məsələlərlə bağlı yaxın mövqelərə malik olduğunu bildirdi. O, qeyd etdi ki, hər iki ölkə ikitərəfli iqtisadi və siyasi məsələlər üzrə müntəzəm dialoqun davam etdirilməsinə böyük əhəmiyyət verirlər. 

Şamaxının millət vəkili daha sonra rəhbəri olduğu Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətindən danışdı, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə birgə hazırlanan fəaliyyət planı barəsində məlumat verdi. Elxan Süleymanov "Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012" kitabını iki ölkə arasında münasibətlərin tarixi və mövcud durumu ilə maraqlananlar üçün dəyərli mənbə kimi səciyyələndirdi.

Belçikanın Azərbaycanda səfirliyinin müvəqqəti işlər vəkili Peter Booms kitabın nəşrini Belçika-Azərbaycan münasibətlərini xarakterizə edən nəşr kimi dəyərləndirdi. Müvəqqəti işlər vəkili Azərbaycanla Belçikanı birləşdirən məqamlardan bəhs edərək, Azərbaycanı dünyaya açıq, tolerant ölkə kimi xarakterizə etdi.

Belçikalı siyasətçi, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sabiq rəhbəri Alan Desteks Azərbaycan-Belçika münasibətlərinin tarixi haqda danışdı, bu münasibətlərin yaxşı perspektivə malik olduğunu vurğuladı.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi informasiya idarəsinin müdiri Cavanşir Məmmədov qeyd etdi ki, Avropanın mühüm siyasi mərkəzlərindən biri olan Belçika ilə Azərbaycan arasında əlaqələrin inkişafı müstəsna əhəmiyyətə malikdir. C.Məmmədov bu baxımdan təqdim olunan kitabın da əhəmiyyətini xüsusi qeyd etdi.

Millət vəkili Zahid Oruc da "Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012" kitabının çapdan çıxmasını əlamətdar hadisə kimi vurğuladı və yaradıcı heyəti bu hadisə münasibətilə təbrik etdi.

 

 

Sonda mətbuat konfransında iştirak edən jurnalistlərin sualları cavablandırıldı.