az|en|ru

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il ötür...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri işıq üzü görmüşdür


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri – “Xocalı-1992” kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri çapdan çıxmışdır.

Kitab 1992-ci ildə, erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuşdur. Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında müxtəlif çıxış və müraciətlərindən iqtibaslar, insanlığa utanc gətirən bu faciə haqqında tarixi arayış, məlumat-soraq materialları daxil edilmişdir. Kitabın “Təcavüzkarın dəst-xətti” bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer almışdır.

Məlumat-soraq materiallarında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəyən maddi zərər, eləcə də işğal olunmuş rayonlarımıza vurulan zərərin həcmi Elxan Süleymanov və Vurğun Süleymanovun müəllifi olduqları “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” tədqiqat əsərindəki rəqəmlərə uyğun verilmişdir. 

Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, kitabın ilk nəşri Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində çap edilmiş, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük maraqla qarşılanmışdı. Kitab ABŞ Konqresinin, eləcə də Harvard Universitetinin kitabxanalarının fondlarına daxil edilmişdir.

“Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirov, elmi məsləhətçi və ön sözün müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov, yaradıcı heyətin rəhbəri Fuad Babayevdir.

Kitabın hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilmişdir.

Kitabın ön sözündə qeyd olunduğu kimi: “Kitabın Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və rus dillərində nəşr edilməsi də rəmzidir. Çünki bu xarici dillər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dilləridir. Bununla da kitabın yaradıcı heyəti həmin münaqişənin ən dramatik və qanlı hadisəsi barəsində gerçəkliyi növbəti dəfə diqqətə çatdırır”.

Yüklə