Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il ötür...
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri işıq üzü görmüşdür
Bu günlərdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr etdiyi "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" (İslam Konfransı Təşkilatının Kasablanka (1994-cü il), Tehran (1997-ci il), Məkkə (2005-ci il) və Dakar (2008-ci il) Zirvə görüşlərinin və Xarici İşlər Nazirləri Şurasının 33-cü Bakı sessiyasının (2006-cı il) materialları əsasında) kitabı çapdan çıxmışdır.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) 10 may 2004-cü il tarixdən etibarən fəaliyyət göstərən və ötən dövr ərzində dünyanın 200-ə yaxın ölkəsindən yüz minlərlə oxucunun tanış olduğu "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının əsasında yaradılmışdır. Mərkəz ümummilli liderimizin zəngin həyat yolunu, çoxşaxəli fəaliyyətini, xarici və daxili siyasətini, dövlət quruculuğu istiqamətində həyata keçirdiyi işləri təhlil etmək sahəsində əməli fəaliyyət göstərir. Fəaliyyətinin mühüm istiqamətlərindən biri də kitab nəşri olan Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin daha öncə nəşr etdirdiyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsərlərindən ibarət "Sabaha doğru", "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabları, eləcə də "İlham Əliyev: Azərbaycanıma inanıram" kitabı oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun ön söz yazdığı kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İslam Konfransı Təşkilatının Kasablanka və Tehran zirvə görüşlərindəki çıxış və müsahibələri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məkkə zirvə görüşündəki və İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasındakı çıxışları yer almışdır. Kitab Azərbaycan dili ilə yanaşı, İslam Konfransı Təşkilatının işçi dillərində - ingilis, fransız və ərəb dillərində nəşr olunmuşdur. Kitabın mövzusu təsadüfən seçilməmişdir. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, - "Ötən dövr ərzində İslam Konfransı Təşkilatı dünya siyasətinin mühüm amilinə çevrilmişdir, müasir dünyanın qlobal və regional problemlərinin həllinə sanballı təsir göstərir". Öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan 1991-ci ildən üzvü olduğu İslam Konfransı Təşkilatı ilə sıx əməkdaşlıq edir. İslam Konfransı Təşkilatı Azərbaycana münasibətdə, xüsusilə ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə düzgün mövqe tutmuş, onun Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinə dair bir sıra mühüm qərar və qətnamələr qəbul etmiş, ölkəmizin ədalətli mövqeyini daim dəstəkləmişdir. Qeyd etmək lazımdır ki, İKT qətnamələri Azərbaycan üçün yalnız siyasi əhəmiyyət daşımır. Respublikamıza müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və s. yardımın böyük bir hissəsi İKT konfranslarının qəbul etdiyi həmin mühüm sənədlər əsasında həyata keçirilir. Bu baxımdan İKT-nin mövqeyini digər beynəlxalq təşkilatlara nümunə hesab etmək olar. İstər Birləşmiş Millətlər Təşkilatında, istərsə də digər beynəlxalq təşkilatlarda müxtəlif məsələlərlə bağlı səsvermələr zamanı İKT üzvü olan ölkələr Azərbaycanın mövqeyini daim müdafiə edirlər. Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətinin elmi əsaslarla öyrənilməsi, Azərbaycan xalqının milli sərvəti, tükənməz xəzinəsi olan siyasi irsinin araşdırılması son dərəcə böyük nəzəri və praktik əhəmiyyətə malikdir. Bu baxımdan Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri olan "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" kitabı həmin təşkilatla ölkəmizin əlaqələri haqqında yeni, sanballı və dəyərli əsərdir. Kitabda ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İKT zirvə görüşlərindəki çıxışları ilə yanaşı, bu beynəlxalq təşkilatın Azərbaycanla əlaqədar qəbul etdiyi qətnamələr də daxil edilmişdir. Qeyd olunan zirvə görüşlərindən çəkilmiş foto-şəkillər, ekspert qrupu tərəfindən yazılmış tarixi arayışlar, məlumat-soraq materialları sayəsində kitab daha da baxımlı və oxunaqlı olmuşdur. Kitabın üzlüyündə və üz qabığının dizaynında Qarabağ xalçasından istifadə edən yaradıcı qrup oxucuların diqqətini bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, bu münaqişə dövründə erməni quldurları tərəfindən dağıdılmış tarix və mədəniyyət abidələrimizə cəlb etməyə çalışır. İnanırıq ki, oxucuların mühakiməsinə təqdim olunan "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" kitabı Heydər Əliyev irsinin tədqiqatçılarına layiqli töhfə, əbədiyaşar liderimizin xatirəsinə isə ehtiram nümunəsidir. Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarovun "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" kitabına yazdığı "Ön söz" əsasında hazırlanmışdır
|