az|en|ru

"İlham Əliyev: Azərbaycanıma inanıram" kitabı unikal əsərdir


scotch egg
temp-thumb
 
 
 
 
 
Bu günlərdə tanınmış rusiyalı yazıçı-publisist Mixail Ozerovun Moskvada çap olunmuş "İlham Əliyev: Azərbaycanıma inanıram" kitabı ilə tanış olanda yadıma müdriklərdən birinin sözü düşdü: "Xatirənin qiymətli olması onun səmimiliyindən asılıdır". Kitab, doğrudan da səmimiyyətlə yazılmışdır.

Kitabın müəllifi Mixail Ozerov Azərbaycan oxucusuna aparıcı Rusiya qəzetlərində Londondan reportajları və bir çox maraqlı publisistik yazıları ilə tanışdır. M.Ozerovun xüsusilə "Qrinviçdən ekvatoradək" kitabı çox məşhurdur və bir sıra ölkələrdə mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarına, müsahibələrinə əsaslanan müəllif onun adından həyatı, ailəsi, ölkəsi, şahidi və iştirakçısı olduğu hadisələr, beynəlxalq siyasətdə baş verən ziddiyyətli proseslər, Azərbaycan həqiqətləri haqqında canlı, parlaq və obrazlı dildə danışır. Kitabda həmçinin cəmiyyətdə tanınmış şəxslərin rəylərindən, müxtəlif hadisələrin şahidlərinin fikirlərindən və mətbuatdan çıxarışlardan da istifadə olunmuşdur.

Girişdən, on dörd fəsildən və son sözdən ibarət olan kitabda cənab İlham Əliyevin həyat yolu - uşaqlıq, gənclik və prezidentlik dövründən geniş söhbət açılır, Azərbaycan Prezidentinin həyatında mühüm rol oynayan şəxslər xeyirxahlıqla anılır. Lakin eyni zamanda üzləşdiyi çətinliklər də kədər qarışıq istehza ilə xatırlanılır. Bütün bunlar gözümüz qarşısından ötüb keçmiş böyük və faciəli dövr haqqında və müstəqil Azərbaycanın bu günü, xarici siyasi dairələrlə münasibəti barəsində oxucularda obyektiv təəssürat yaradır. Əlbəttə ki, oxucular Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları əsasında yazılmış bu kitabda həm də onun siyasi baxışları, fəaliyyətinin mərhələləri ilə tanış olmaq imkanı qazanırlar. "İlham Əliyev: Azərbaycanıma inanıram" kitabı həm də bir növ gələcəyə baxışdır - artıq dünya iqtisadiyyat elmində məşhurlaşmağa başlanan "iqtisadiyyatın Azərbaycan modeli"nin müəllifi möhtərəm İlham Əliyevin baxışı.

Bu günlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı vəzifəsinə başlamasından dörd il ötür. İlham Əliyevin prezident seçilməsi ilk növbədə Azərbaycan xalqının Heydər Əliyevin seçdiyi yolun onun xələfi tərəfindən davam etdiriləcəyinə olan inamla bağlı idi. İnsanlar əmin idi ki, Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə başlanan demokratik islahatlar mütləq davam etdirilməlidir. Azərbaycan xalqı İlham Əliyevin şəxsində milli və dövlət maraqlarından heç vəchlə geri çəkilməyən qətiyyətli siyasi lider qazanmışdır.

"Mən Azərbaycan xalqı üçün yaxşı prezident olacağam" sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ali dövlət vəzifəsində çalışdığı dövrün leytmotivi olmuşdur. Həm daxili siyasətində, həm xarici siyasətində, həm də iqtisadi siyasətində İlham Əliyev bu sözlərinə sadiqdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başladığı və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatların həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir.

Dördüncü ildir ki, Azərbaycanın ümumdaxili məhsul istehsalına görə dünyanın lider dövləti olaraq qalması ölkə rəhbərinin yeritdiyi iqtisadi siyasətin parlaq göstəricisidir. Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı və idarə olunması istiqamətində imzaladığı qanun və fərmanlar, o cümlədən yoxsulluğun azaldılması, regionların inkişafı, antiinflyasiya tədbirləri, sahibkarlığın inkişafı və s. ölkədə daha demokratik iqtisadi şərait yaratmışdır.

Sosial-iqtisadi siyasətin əsas istiqaməti olan əhalinin həyat səviyyəsinin yüksəldilməsi prezidentin əsas diqqət yetirdiyi məsələlərdəndir. Prezidentin yeritdiyi sosialyönümlü siyasətin əsas məqsədi cəmiyyətdə sosial tarazlıq yaratmaqdan, əhalinin maddi gəlirləri arasındakı uyğunsuzluğun qarşısını almaqdan ibarətdir.

Son dörd il ərzində Azərbaycanda 610 min iş yeri açılıb ki, bunun da 430 mini daimi iş yerləridir. "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq respublikamızda əlli minə yaxın ailə (təxminən 294 min nəfər) dövlətin ünvanlı sosial yardım proqramından bəhrələnmək imkanı qazanmışdır. Gənc ailələrin mənzil probleminin həlli üçün vətəndaşlara ipoteka kreditinin verilməsi ilə bağlı xüsusi qurum - İpoteka Fondu yaradılmışdır.

Ölkə başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf siyasətinin ən mühüm istiqaməti Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsindən ibarətdir. Ötən dövrdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə, həmçinin xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri həyata keçirilmiş, müxtəlif biznes forumlar, sərgilər, xarici iş adamları ilə görüşlər keçirilmişdir.

2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılması barədə sərəncam imzalayan dövlət başçısı ölkəmizdə sənaye potensialının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirməyi qurum qarşısında ciddi tələb kimi qoymuşdur. Bu gün Azərbaycan yalnız xarici investisiya tələb edən ölkə deyil, həm də xarici ölkələrə sərmayə yatıran dövlətdir. Bunun ölkəmizin iqtisadiyyatı üçün yeni mənzərə olduğunu deyən prezident eyni zamanda xaricə investisiya qoyan şirkətlərə tövsiyələr verir: "Bu investisiyaları bizim üçün dost olan, yaxın olan ölkələrə daha çox qoymalıyıq. Eyni zamanda, bu məsələdə iqtisadi səmərə də başlıca rol oynamalıdır".

Möhtərəm İlham Əliyev əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş neft-qaz layihələrinin tikintisini uğurla başa çatdırmışdır. İndi bu layihələr - Bakı - Tbilisi - Ceyhan neft və Bakı - Tbilisi - Ərzurum qaz kəməri artıq Azərbaycanın davamlı və dayanıqlı inkişafına xidmət edir. Cari ilin fevralından isə növbəti miqyaslı layihənin - Bakı - Tbilisi - Qars dəmiryolu xəttinin inşasına start verilmişdir. Asiya ilə Avropanı Azərbaycan vasitəsilə birləşdirəcək dəmiryolu layihəsinin reallaşdırılması məqsədilə artıq Azərbaycan hökuməti tərəfindən böyük maliyyə vəsaiti ayrılmışdır.

Ötən dörd il ərzində yoxsulluğun səviyyəsinin 49 faizdən 20 faizədək azaldılması, azad bazar iqtisadiyyatı şəraitində qeyri-neft sektorunun yüksəlişi, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, yeni iş yerlərinin açılması, sosial xarakterli bir sıra problemlərin həlli Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyətinin bəhrələrindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək "İndi Azərbaycanda elə bir sahə yoxdur ki, orada inkişaf olmasın, işlər görülməsin, yaxud da sahənin inkişafı üçün tədbirlər planı olmasın. Bütün istiqamətlər üzrə bizim proqramlarımız, planlarımız var və biz bunları uğurla icra edirik. Azərbaycanın hərtərəfli inkişafı gələcəkdə də xalqın rifah halının yaxşılaşdırılmasına xidmət göstərəcək, ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirəcək və bir sözlə, Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil olacaqdır. Mən buna inanıram".

Həyatımızın bütün sahələrini əhatə edən müxtəlif dövlət proqramları həyata keçirilir. Təhsil sahəsində 1200 məktəbin tikilməsi və ali məktəblərdə aparılan islahatlar, səhiyyə sahəsində onlarca xəstəxananın tikintisi, tibbi xidmətin yaxşılaşdırılması, elmi-tədqiqat mərkəzlərinin yaradılması və s. Mən bu istiqamətdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondu xüsusilə təhsil, səhiyyə və mədəniyyət sahəsində ölkəmiz üçün çox gərəkli proqramlar həyata keçirir.

Xarici və daxili siyasətdə ötən dörd ildə qazanılan uğurlar obyektiv amillərlə yanaşı, həm də prezidentin şəxsi liderlik keyfiyyətləri ilə əlaqədardır. Ölkə rəhbərinin hərtərəfli düşünülmüş və ardıcıl siyasəti nəticəsində "güclü iqtisadiyyat-güclü dövlət" prinsipi təmin olunmaqdadır. Bu gün artıq Azərbaycan regionun ən güclü dövlətinə çevrilmişdir. Azərbaycanın iştirakı və razılığı olmadan bu regionda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsi həll edilə bilməz.

Azərbaycanda həm də uğurla hüquqi, demokratik dövlət quruculuğu prosesi davam etdirilir, vətəndaş cəmiyyəti formalaşdırılır. Azərbaycan demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük verir. Ölkəmiz Avropaya inteqrasiya yolunu seçmişdir və həm siyasi inkişaf, həm də sosial müdafiə sistemində, humanitar aspektdə Avropa İttifaqı meyarlarını əsas götürür.

Prezident seçildiyi ilk gündən İlham Əliyev ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin formalaşdırılması üçün qəti addımlar atır. Bütün bunlar isə ölkəmizin müstəqilliyini möhkəmləndirmək, mövqelərimizi gücləndirmək və Azərbaycanın qarşısında duran ən başlıca problem olan ərazi bütövlüyümüzün bərpa olunmasına yönəldilmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar prezidentin mövqeyi birmənalıdır: ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa olsun təmin olunmalıdır, köçkünlər öz doğma yurdlarına qayıtmalıdır.

Kitabda bütün bu hadisələrin canlı təsviri və dərin analizi ölkəmizin siyasi həyatının parlaq mənzərəsini yaradır və oxucunu böyük siyasət və onu yaradanların dünyasına daxil edir. Kitab həm də bir növ cənab İlham Əliyevin dörd illik prezident müddətinin yekunudur.

Hesab edirəm ki, "İlham Əliyev: Azərbaycanıma inanıram" kitabı Azərbaycanşünaslıq elminə layiqli töhfədir və bu kitabın yaranmasında əməyi olanların hər birinə təşəkkür edirəm. Azərbaycan və rus dillərində nəşr olunan kitabın ingilis dilində də çapına hazırlıq prosesi başa çatmaq üzrədir.

Mənim üçün ikiqat fərəhlidir ki, Mixail Ozerovun özünün də qeyd etdiyi kimi, "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası materiallar təqdim etməklə, onların seçilməsində iştirak etməklə kitabın ərsəyə gəlməsində yardımçı olmuşdur. 2004-cü ilin 10 mayından etibarən fəaliyyətdə olan "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çıxışlarının, bəyanatlarının, məktublarının, müsahibələrinin mətnini 26 dildə dünya oxucularına çatdırmaqla, həm də Azərbaycan reallıqlarını dünyaya yayır. Ötən dövr ərzində kitabxanamızla dünyanın yüz əllidən artıq ölkəsindən yüz minlərlə oxucu tanış olmuş, ən geniş yayılmış dillərdə kitablarımız nəşr olunmuşdur. Bu kitablardan altı dildə "Sabaha doğru", dörd dildə isə "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" adlı kitablarımızı xüsusi qeyd etmək istərdim.

Çox böyük inkişaf yolu keçən, həm ölkə daxilində, həm də xaricdə əlaqələr yaradan elektron kitabxana, 2007-ci ildə daha da genişlənmiş və indi Heydər Əliyev İrsini Araşdırma Mərkəzi kimi fəaliyyət göstərir. Bir həftə öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara səfər proqramı çərçivəsində Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyeva ilə birgə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Qobustan bürosunun açılış mərasimində də iştirak etmişdir.

"İlham Əliyev: Azərbaycanıma inanıram" kitabının nəşrində yaxından iştirakı kitabxananın uğurları bazasında əldə olunmuş böyük nailiyyətidir.

"İlham Əliyev: Azərbaycanıma inanıram" kitabı belə başa çatır: "Mən inanıram ki, bu kitab hələ başa çatmamışdır. Başa çata da bilməz. Onun qalanını zaman, həyat özü yazacaq, dəqiqləşdirəcək. Və məqsədlərimizə çatmağa kömək edən yorulmaz, gündəlik işimiz yazacaq."

Məncə, daha dəqiq ifadə tapmaq çətin olardı.

Asəf Nadirov,

akademik, əkdar elm xadimi,

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası Redaksiya Heyətinin sədri.

"Xalq qəzeti", 30 oktyabr 2007-ci il