29 sentyabr 2009-cu il tarixdə EXELCİOR otelinin "Əlincə" zalında "Azərbaycan bayrağı İst-River sahilində" kitabının işıq üzü görməsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Media təmsilçilərinin iştirak etdiyi mətbuat konfransında Mərkəzin baş direktoru F.Babayev, Elmi-Redaksiya Şurasının sədri akademik A.Nadirov, Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri E.Poluxov və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin ictimaiyyətlə əlaqələr və informasiya məsələləri üzrə müşaviri F.Abbaszadə çıxış edərək, kitabın əhəmiyyətindən bəhs etmişlər.
"Azərbaycan bayrağı İst-River sahilində" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycanın BMT ilə münasibətlərindən bəhs edən yeni nəşridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə ithaf olunan bu kitabda ölkəmizin BMT ilə əlaqələri mühüm sənədlərin dili ilə şərh olunur. Əlbəttə, Azərbaycanın BMT-nin bütün qurumları ilə əlaqələrini əks etdirən sənədlərin hamısını bir cilddə yerləşdirmək mümkün deyil. Ona görə də kitab tərtib edilərkən bu əlaqələrin mahiyyətini əks etdirən sənədlərə üstünlük verilmişdir. Kitab oxuculara Azərbaycan və ingilis dilində tam mətn, Çin, fransız, ispan, rus və ərəb dillərində isə qısa xülasə ilə təqdim olunur. Kitabın məsləhətçisi akademik Asəf Nadirov, buraxılışa məsulu Vurğun Süleymanov, yaradıcı qrupun rəhbəri isə Fuad Babayevdir.
"Azərbaycan bayrağı İst-River sahilində" kitabına böyük siyasətçi Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu, 50-ci sessiyalarındakı və Minilliyin zirvə görüşündəki çıxışları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 58-ci, 59-cu sessiyalarındakı çıxışları, BMT-nin proqram, agentlik və fondlarının rəhbərləri ilə görüşlərinin mətni daxil edilmişdir. Kitabda həmçinin, BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ona bu mötəbər adın təqdim olunduğu təntənəli mərasimdə və BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında "Azərbaycan otağı"nın açılışındakı çıxışları da yer almışdır. Ümumiyyətlə, 64 sənədin, yuxarıda qeyd olunan çıxış və görüşlər zamanı çəkilmiş 50-dən artıq foto-sənədin, BMT-Azərbaycan münasibətlərinin şərh olunduğu tarixi arayışın, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin daxil edildiyi kitab ölkəmizin bu universal təşkilatla əlaqələri ilə maraqlananlar üçün dəyərli mənbədir. |