az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və “Kaspi” qəzeti mətbuatın 135 illiyi ilə bağlı kitab nəşr edib


Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzeti milli mətbuatın 135 illiyi ilə bağlı kitab nəşr edib. "Media forum" saytının məlumatına görə, Azərbaycan və ingilis dillərində nəşr olunan kitab "135 illik yol" ("Road of 135 years") adlanır.

Kitabın elmi məsləhətçisi Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur. O, kitaba yazdığı ön sözdə Heydər Əliyevin prezidentliyi dövründə kütləvi informasiya vasitələri ilə bağlı qəbul olunan sənədlərdən, prezidentin 1998-ci ilin avqustunda rəsmi senzuranı ləğv edən fərmanından söz açıb: "Senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə uyğun gəlirdi. Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi müstəqil KİV-in inkişafını, vətəndaşların beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığının təmin edilməsində mühüm rol oynadı. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edildi".

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin və "Kaspi" qəzetinin birgə ərsəyə gətirdiyi kitabda mərhum dövlət başçısı Heydər Əliyevin, hazırkı prezident İlham Əliyevin Azərbaycan mətbuatı haqqında çıxışları, fikirləri, imzaladıqları fərman və sərəncamlar iki dildə oxuculara çatdırılıb.