az|en|ru

Heydər Əliyev və milli-mənəvi dəyərlərimizin qorunması


Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalında keçirilən diskussiyalar silsiləsindən “Heydər Əliyev və milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda dördüncü söhbət oldu.

           Birinci söhbət

İkinci söhbət

Üçüncü söhbət

 

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, kulturoloq Aydın Xan Əbilov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikov, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov və Büıbül adına orta ixtisas musiqi məktəbinin müəllimi Könül Təhməzova  söhbətdə iştirak edirdi.

Fuad Babayev: Bizim bu günkü “Heydər Əliyev və milli-mənəvi dəyərlərimizin qorunması” adlı tədbirimizin devizi belədir: “Heydər Əliyev: “Azərbaycan xalqının mənsub olduğu İslam dininin mənəvi dəyərləri bizim üçün həmişə dayaq, ilham mənbəyi olmuş və bizə həmişə güc vermişdir”. Bu sözlər Ümumilli Liderimizin İslam dininin banisi Həzrəti Məhəmməd Əleyhissalamın mövlud günündə, Bakının Şıx kəndində Bibi-Heybət məscidinin bərpasına başlanması mərasimindəki çıxışından (23 iyul 1997-ci il) götürülüb. İstərdim bu mövzuda əvvəlcə Kübra xanımı dinləyək.

Kübra Əliyeva: Təbii ki, din hər zaman olub. Azərbaycanlıların inamından danışsaq, ilk olaraq Zərdüştilikdən danışmalıyıq. Belə bir fikir var ki, Zərdüşt e.ə. I minilliyin V əsrində, Əhəmənilər Midiyanı zəbt etdikdən sonra meydana çıxıb və oda sitayişi öyrədib. Amma bu düz deyil, çünki göy həmişə insanlar üçün sirli aləm olub. Ona görə də insanların göyə, kosmosa münasibəti birmanalı deyildi. Zərdüşt haqqında Azərbaycanda araşdırmalar var, lakin bir o qədər də dərin deyil. Zərdüşt haqqında ən çox araşdırma aparan Meri Boysla mən onun ölümündən bir neçə il əvvəl Londonda görüşmüşdüm. O yazırdı ki, Zərdüşt daş dövründə anadan olub və peyğəmbərliyini yeddi planetdən alıb. Zərdüşt adını ona yunanlar qoyublar: Zoroastr – ulduzları öyrənən. Buna görə də Cənubi Azərbaycan ərazisində, Manna dövlətində Yeddi Ulduz ibadətgahı olub. Hər birində heykəl olub və yeddi gün ərzində hər gün bir məbədə getmək olarmış.

Fuad Babayev: Bəzən Qız qalasının yeddi mərtəbəsinin olmasını da onunla əlaqələndirirlər. Belə bir əlaqə varmı?

Kübra Əliyeva:   Bəli, əlaqəsi var. Mannadakı hurri tayfaları bilirsiniz ki, Şumerdə 125 il ağalıq ediblər. Manna çox böyük bir sivilizasiya olub. İkiçayarası mədəniyyətində də 7 hissədən ibarət olan zikkuratlar məhz Manna mədəniyyəti ilə əlaqədar idi. Şumerlər zikkuratın sonuncu, yeddinci mərtəbəsinə qalxırmışlar və kahin elan etdikdən sonra aşağı düşür, qoç kəsib, onun qanını həmin zikkuratın divarlarına yaxırmışlar. Bununla da bahar bayramı başlayırmış. Şumer dünyagörüşünə görə, Yerlə Göy ata-anadır, bunların bir balası var. O da payızda ölür, baharda dirilir. Bahar bayramı bizim də qədim bayramımızdır. Sonralar İslam dövründə də keçirilirdi – Həzrəti Məhhəmmədin Məkkədən Mədinəyə köçməsi adı ilə. Azərbaycan mühitində, istər Manna, Midiya və Atropatenada, istərsə də Albaniyada dinlər həmişə sintezdə olub. İslamın sufi dünyagörüşü həmişə zərdüştiliklə sintezdə olub.

Fuad Babayev: Aydın müəllim, Sizi dinləyək.

Aydın Xan: Çox sağ olun ki, bü cür müzakirələr açmaqla çağdaş Azərbaycan humanitar düşüncəsini mərhələ-mərhələ qabağa aparan beyin mərkəzlərindənsiniz. Cənab Prezidentin çox vaxtında imzaladığı sərəncamla yaradılması ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunun kollektivini də təbrik edirəm. Bu, Azərbaycanda yalnız humanitar deyil, ilahiyyat düşüncəsini də qabağa apara biləcək bi mərhələdir. Mən bəlkə də qulağa təzə gələ biləcək təkliflərimi səsləndirmək istəyirəm. İstərdim ki, bizim bu diskussiyamız göylərdən çox yerə ximət etsin. Heydər Əliyev irsinin Azərbaycana və dünyaya verdiyi intellektual, estetik və kulturoloji enerjinin bəzi tərəflərini həm özümüz üçün müəyyənləşdirək, həm də xalqa, ictimaiyyətə çatdıra bilək. Din bildiyiniz kimi, universal, planetar hadisədir. Heç bir xalq deyə bilməz ki, onun dilində zühur olmuş müqəddəs kitablar sırf ərəblər, türklər, yəhudilər üçündür. Bu absurddur və onu iddia edənə də qəribə baxmaq lazımdır. Həm Tanrının yerə göndərdiyi enerji, həm də elmi baxımdan bu, belə deyil. Bəli, həmin kitablar hansısa xalqın dilində nazil olub, sonradan isə bu informasiyanın kodları açılmağa başlayıb. Bu kodlar açıla-açıla elm inkişaf etdirilib, həm də ruhi, psixoloji, mənəvi dünyamız zənginləşib. Ümumilli Lider Heydər Əliyevin istər İslam dini, istər digər səmavi din və təriqətlərlə bağlı çox dəyərli fikirləri və mövqeyi var. Hətta bu dinlərin bir-biri ilə dil tapması üçün çox böyük geosiyasi addımlar atıb. Heydər Əliyev hakimiyyətə yeni gələndə mürəkkəb hadisələr baş verirdi. O, modern, dünyəvi Azərbaycan qururdu. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin bir-biri ilə münasibətləri çox gərgin idi. Türklər və ərəblər, farslar və türklər, farslar və ərəblər, digər müsəlman ölkələri arasında münaqişələr var idi. Heydər Əliyev Qərb dünyası ilə yanaşı, Şərqə də xüsusi önəm verdikdən sonra İslam Əməkdaşlıq Təşkilatında sanki bir Azərbaycan faktoru formalaşdı. Bu faktor heç bir bölünməyə getmədi. Konkret sivilizasiya faktoru kimi meydana çıxdı. Sonralar Prezident İlham Əliyev bu faktoru daha da genişləndirdi və dünyanın universal düşüncə tərzi olan multikulturalizmi ortaya qoydu və dünya ideologiyası səviyyəsinə qaldırdı. Əlbəttə, dünyada bu ideologiya var idi, amma Bakıda Multikuturalizm Mərkəzinin yaranması, sivilizasiyalararası forumların, dinlərarası dialoqların təşkil edilməsi həmin konsepsiyanın müxtəlif tərəfləri idi. Fikir verirsinizsə, Türkiyə və İran arasında istiləşmə, Pkistanla İran arasında istiləşmə duyuldu, ərəbdilli ölkələrlə Türkiyə və İran arasında münasibətlər quruldu. Müxtəlif problemlərin müzakirəsində ölkələr arasında ayrılmalar müşahidə edilirdi. Heydər Əliyev beynəlxalq platformalardan istifadə etməklə Azərbaycanı tanıdır, eyni zamanda Qərblə Şərq, müsəlman və xristian dünyası arasında körpü rolunu oynayan bir Azərbaycan yaradırdı. Bu əslində Azərbaycanın geosiyasi oyunçuya çevrilməsi demək idi. Bunun reallaşmasında Heydər Əliyev dühası, Heydər Əliyev idrakı çox böyük rol oynadı. Tarix şəxsiyyətlərdən ibarətdir. Heydər Əliyev tarixçi idi və tarixi gözəl bilirdi. Bədii-intellektual irsimizdən, Qurandan, İslam elmindən çox gözəı istifadə  etməklə Şərq ölkələrinə yeni konsepsiya təqdim etdi. Heydər Əliyevin irsində də sırf bir xalqın mədəniyyətindən yox, Azərbaycançılıqdan danışılır.

Fuad Babayev: İlahiyyat İnstitutunun dəyərli əməkdaşlarına ev sahibi kimi qonaqlardan sonra söz verəcəm. İstərdim ki, ona görə də əvvəlcə qonaqlarımız danışsın. Milli-mənəvi dəyərlərin qorunmasından söz düşəndə ilk yada düşən dövlət qurumu Mədəniyyət Nazirliyidir. Asif Usubəliyev də nazirliyin nəzdindəki mühüm bir mərkəzə rəhbərlik edir.

 Asif Usubəliyev: Milli adət və ənənələrimizin qorunması, onların özəlliyinin itirilməməsi şərti ilə modernləşmə prosesinin aparılması, yeni nəslin Azərbaycançılığı dərk etməsi üçün Mədəniyyət Nazirliyi müxtəlif səpkili tədbirlər keçirir. Təqdiqatlar aparılır, elmi konfranslar təşkil olunur, populyar kütləvi tədbirlər keçirilir. Aydın müəllimin Azərbaycançılıq fəlsəfəsindən rahat-rahat danışması məni sevindirdi, deməli, bu fəlsəfənin arxasında nələrin durduğunu bilənlər var. Hərçənd ali məktəb müəllimi, mədəniyyət sahəsində çalışan bir insan kimi, bu fəlsəfənin arxasında duranlarla bağlı kütlənin məlumatlı olmasına şübhə ilə yanaşıram. İnformasiya açıqlığı Azərbaycan hökumətinin apardığı ən güclü siyasətlərdən biridir. Cibində telefon gəzdirən hər bir şəxs sosial şəbəkələrdən rahatlıqla istifadə edir. Amma ondan necə istifadə etməsi, şəxsi və ya dövlət maraqları naminə, yaxud öz hədəfləri uğrunda istifadəsi başqa məsələdir. Mədəniyyət Nazirliyi olaraq qarşımızda çox mürəkkəb məsələlər durur. Azərbaycançılıq ideologiyasının mahiyyətinin çatdırılması da bunlardan biridir. Müxtəlif alimlərlə görüşüb, diskussiya aparsaq, on alimdən ən azı beşində fərqli fikir olacaq. Ola bilsin ki, eyni amillər sadalanacaq, lakin onların prioritetləri ilə bağlı gərgin diskussiyalar olacaq. Yaxşı ki, Ulu Öndər tərəfindən Azərbaycançılıq ideologiyası səsləndirilib, strategiya və prioritetlər müəyyənləşdirilib. Dövlət qurumları bu istiqamətdə çalışır. Cənab Prezident tərəfindən multikulturalizm sahəsində böyük işlər görülüb və bu gün Azərbaycan beynəlxalq təşkilatlarda multikulturalizm siyasəti ilə assosiasiya olunur. Azərbaycan multikulturalizmi dünya siyasətinə verilən böyük töhfədir. Azərbaycan mədəniyyəti İslam dəyərləri ilə zəngin bir mədəniyyətdir. Dövlət başçısı da bu dəyərlərə böyük önəm verir və çıxışlarında bunu dəfələrlə vurğulayıb. Cənab Prezidentin İslam Oyunlarının açılışındakı bəyanatı bu cəhətdən çox önəmlidir. İslam dəyərlərinin dağıdıcı yox, birləşdirici olması haqqında İlahm Əliyevin söylədikləri dünyaya bir mesaj idi. Ölkə başçısının öz nitqlərində buna istinad etməsi sivil və neytral siyasət yeridən Azərbaycanın İslam dünyasında ön mövqeyə çıxması ehtimalını artırır. Düşünürəm ki, bunlar açıq mesajlardır və Azərbaycan ictimaiyyəti tərəfindən dəstəklənməlidir. Korrupsiya ilə mübarizədə, sosial bəlalarla mübarzədə cənab Prezident İslam dəyərlərinə istinad edir. Daha bir faktı qeyd edim. Andiçmə mərasimində dövlət rəhbəri Konstitusiya ilə yanaşı, Qurani-Kərimə də and içir. Azərbaycan beynəlxalq təşkilatlarda, o cümlədən də İslam Əməkdaşlıq Təşkilatında fəal iştirak edir. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da Azərbaycan dövlətinin bu sahəyə qayğısının, İslami dəyərlərə hörmətinin göstəricisidir. Düşünürəm ki, Azərbaycan bütün dünyaya sivil İslamı nümayiş etdirmək iqtidarındadır.

Aydın Xan: Mən Asif müəllimin sözlərinə bir əlavə etmək istəyirəm ki. bir sıra ölkələrin universitetlərində Azərbaycan multikulturalizmi haqqında dərsliklərə bölmələr salınıb.

Fuad Babayev: İstərdim Ələddin müəllimi dinləyək.

Ələddin Məlikov: Milli-mənəvi dəyərlər çox geniş anlayışdır. Heydər Əliyev dühası haqqında danışmaq asan olduğu qədər də çətindir. Milli-mənəvi dəyərlərdən danışarkən, sadəcə bir neçə nüansa diqqəti yetirmək istəyirəm. Mən əsas din-dövlət münasibətləri ilə bağlı danışmaq istərdim. Heydər Əliyevin 1970-ci illərdə sovet imperiyası dövründə Azərbaycanda yaratdığı şərait o dövlətin heç birində olmayıb – məşhur partizan Mixaylonun abidəsinin ucaldılması, Hüseyn Cavid adı üzərindən qadağaların götürülməsi və nəşinin Azərbaycana gətirilməsi, “Kitabi Dədə Qorqud” dastanının nüsxəsinin Kral Kitabxanasından ölkəmizə gətirilməsi.  “Kitabi Dədə Qorqud”  Azərbaycanda qadağan edilmişdi. Heydər Əliyevin Moskva ilə danışıqları, müzakirələri sayəsində bu kitabın Azərbaycana gətirilməsi mümkün oldu. “Dədə Qorqud” və “Nəsimi” filmləri çəkildi. Kitabı məhdud bir çərçivədə insanlar oxuyur, amma filmə milyonlar baxır. Bunlar cəmiyyətə aşılanmalıdır. Sovetlər dönəmində ruslaşma prosesi var idi. Heydər Əliyev öz siyasəti ilə bu prosesin qarşısını aldı. Ruslaşma prosesini başqa bir yönə çəkdi. Heydər Əliyevədək Azərbaycanda ali hərbi məktəb yox idi. Onun səyi ilə belə bir məktəb fəaliyyətə başladı. Azərbaycanlıların keçmiş Sovet İttifaqının qabaqcıl ali məktəblərdə təhsil almaları üçün göndərilməsinə nail oldu. Bunlar hamısı milli-mənəvi dəyərləri ehtiva edir. Milli-mənəvi dəyərlərin formalaşmasında təbii ki, dinin də rolu az deyil. Daha doğrusu, din milli-mənəvi dəyərlərin əsasını təşkil edir. Çünki din insanların həyatına, daxili aləmlərinə təsir göstərmiş, nüfuz etmiş bir vasitədir. Hazırda din-dövlət münasibətlərində üç əsas istiqamət var: 1. Dövlət və din eynidir – Vatikan, İran, Səudiyyə Ərəbistanı, Pakistan kimi. 2. Mənfi sekulyarizm. Yəni din dövlətdən tamamilə ayrıdır. Məsələn, Fransa kimi. Fransa dövlət başçısı dini məsələlərə qarışmır. 3. Müsbət sekulyarizm. Din dövlətdən ayrıdır, amma dövlət dinin qayğısına qalır, dindarların arxasında durur, onlara şərait yaradır. Məsələn, Azərbaycan prezidenti dindarlara maddi dəstəyin göstərilməsi, məscidlərin bərpası, dini abidələrin qorunması, icmaların yaradılması məsələlərində dövlət dinin arxasında durur. Azərbaycan dövləti mümkün olan qədər dinə qayğı göstərir. Din-dövlət münasibətlərində bu tendensiyanın əsasını Heydər Əliyev qoyub. Məscidlərə, ziyarətgahlara getməklə Heydər Əliyev dövlətin dinə qayğısını göstərirdi. Burada dövlətin dinə təzyiqi yoxdur, dindarlara dövlətə xətərin olmadığı və olmayacağı təqdirdə dini ayinlərin icrasına izin verilir. Ulu Öndərin müəyyənləşdirdiyi bu siyasət Azərbaycanı İslam dövlətləri içərisində fərqləndirir. Azərbaycan bu istiqamətdə artıq bir model kimi göstərilməkdədir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da dediklərimizin ən bariz təcəssümüdür. Deməli, Heydər Əliyev siyasəti davam etdirilir.

Fuad Babayev: Əhməd müəllimi dinləyək.

Əhməd Niyazov:  Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dövlətimizin tarixində böyük bir addımdır. Çünki bu institut milli-mənəvi dəyərlərimizin özəyini təşkil edəcək dinləri öyrədərək elə bir kadrlar yetişdirəcək ki, bunlar dini sahədə elmi-tədqiqat da apara biləcəklər. Hazırladığımız kadrlar dinin ana qaynaqlarını mənimsəyərək, hadisələrə geniş perspektivdən yanaşmaq gücünə malik olacaqlar. Onlar düşünürəm ki, cəmiyyətdə Quranın sülh təklifini bərqərar edə biləcək mütəxəssislər kimi yetişəcəklər. Heydər Əliyev “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş və milli ruhun canlanması lazımdır”, deyirdi. Bu, tələbə vaxtı eşitdiyim və heç vaxt yadımdan çıxmayan sözlərdir. Milli ruhun əlbəttə ki, əsas hissəsini İslam dini təşkil edir. Danılmaz həqiqətdir ki, heç bir cəmiyyət dinsiz olmayıb. Biz ilahiyyatçılar fəxr edirik ki, dövlətimizin bu sahədə atdığı addımlar dinin özəyinə xidmət edən addımlardır. Mənim çıxışımın əvvəlində söylədiklərim dinizimin görmək istədiyi akademik səviyyədir. Dövlət başçısının  Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə bağlı qərarına mən Heydər Əliyevin “milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş və milli ruhun canlanması lazımdır” sözlərinin davamı kimi baxıram. Heydər Əliyev “Biz heç vaxt inamımımızdan və dinimizdən uzaqlaşmayacağıq, mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq”, deyirdi. Dinimizdən, inamımızdan uzaqlaşmadan, mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi necə quracağıq məsuliyyəti gənclərimizin üzərinə düşür. Bu cəhətdən İlahiyyat İnstitutu da bizim nümunə kimi qarşımızdadır.  Heydər Əliyevin bu sözləri adi şüarlar deyil. Bunların altında böyük mənalar, həqiqətlər var. Bizim milli irsimiz yalnız tikili abidələrdən ibarət deyil. Milli irsimizin böyük bir qismi arxivlərimizdə yatır. Bunlar alimlərimizin, bu coğrafiyada yaşamış insanlarımızın əllərilə yazdıqları əsərlərdədir. Arxiv materialları göstərir ki, gələcəyimizi quracaq, ölkəmizin əldə etdiyi nailiyyətlərin təməlinə xidmət edəcək çox gözəl materiallar var. Arxivdə çox çalışan bir insan kimi İslam mədəniyyətinə xas olan çox gözəl nümunələrin şahidi olmuşam. Məsələn, XVI əsrdə Seyid Yəhya Şirvani bir sufi düşüncəsi ilə yaşayıb, yaradıb və dünyaya insan sevgisini aşılayan xəlvətilik cərəyanını dünyaya yayıb. Azərbaycanın tarixi keçmişində belə bir gözəl, hətta gələcəyimizi aydınlaşdıracaq, insanı insanla birlikdə yaşadacaq nümunələrimiz var. XIX  əsrdə İsmayıl Siracəddin Şirvani Kürdəmiri Azərbaycanın, Qafqazın və Anadolunun ictimai həyatında böyük rol oynayıb. Bir sufi düşüncənin daşıyıcısı olan İsmayıl Siracəddin Şirvani “insanı yaşat ki, insan yaşasın” ideyasını irəli sürüb,  sünni və şiələrin birgə yaşayışının ən gözəl nümunələrini sərgiləyib. İsmayıl Siracəddinin ruslar tərəfindən ölümə məhkum etmələrinin və onun da gedib Anadoluda yaşamasının əsas səbəbi Azərbaycanda sünni və şiə mənsublarının ortaq həyatı paylaşmaq ideyasının çar Rusiyasının “böl, parçala və hökm sür” siyasətini baltalayan sufi düşüncə sahibi olması ilə bağlı idi.  Bu, bizim qaynaqlarımız, ana mənbələrimiz, dinimizin xalqımıza bəxş etdiyi ən gözəl nümunələrdir.

 Fuad Babayev: Əhməd müəllimin çıxışından əldə etdiyim qənaət ondan ibarətdir ki, bizim milli-mənəvi dəyərlərimizin qorunmasının tarixi özülü var. İlahiyyat İnstitutunu bitirəcək kadrların əsas keyfiyyətlərini də çox gözəl sadaladınız. Amma institututa girmək üçün orta məktəbi bitirmək lazımdır. Orta məktəb isə birinci sinifdən başlayır. Ona görə də gəlin, ibtidai siniflərlə çalışan Könül xanımı dinləyək.

Könül Təhməzova: Hərtərəfli vətəndaş yetirmək üçün biz onların ilkin pillələri uğurla keçməsinə yardım göstərməliyik. Milli-mənəvi dəyərlərin qorunması ilə bağlı qonaqlarımızın çox dəyərli fikirlərini dinlədim. Əslində bu sahədə ən böyük iş ailənin və məktəbin üzərinə düşür. Cəmiyyətə müxtəlif sənət sahibləri müəllimin əziyyəti sahəsində bəxş olunur. Cənab Prezidentin rəhbərliyi ilə keçirilən islahatlar sayəsində məktəbdə milli-mənəvi dəyərlərin aşılanması üçün bir sıra tədbirlər keçirilir. Əlbəttə ki, ibtidai siniflərdə dinin təbliği ilə bağlı geniş müzakirələr olmur. Amma ədəb-ərkan qaydalarının, böyüklərə hörmət, kiçiklərə diqqətlə yanaşılmasının öyrədilməsini nəzarə alsaq, bunlar da dinin yollarıdır. Heydər Əliyevin “Hər bir vətəndaş dini mənsubiyyətini qorumalıdır. Hər bir insan üçün onun milli mənsubiyyəti, milli dəyərləri, dini, dili onun qürur mənbəyidir”, sözlərini biz əziz tuturuq. Mənim çalışdığım Bülbül adına orta ixtisas musiqi məktəbi də milli dəyərlərimizin qorunmasında öz səylərini əsirgəmir. Məktəblərdə Təhsil Nazirliyinin “Milli-mənəvi dəyərlərin aşılanması” mövzusunda yazı müsabiqəsi keçirilir,  biz də bu tədbirlərə sevgi və həvəslə qatılırıq. İbtidai sinif şagirdinə milli-mənəvi dəyərləri aşılamaq üçün daha çox çalışmalısan. İlk növbədə dəyərin nə olduğunu öyrətməlisən. Maarifləndirmə məqsədilə biz sosial şəbəkələrin imkanlarından geniş yararlanmalıyıq.

 Aydın Xan: Bir çoxları sosial şəbəkədən alternativ təhsil platforması kimi istifadə edir.

 

Könül Təhməzova: Bəli, Sizinlə razıyam. Mən hətta ev tapşırıqları verəndə də uşaqlardan internetdən istifadə etmələrini tövsiyə edirəm. Və görürəm ki, yetərincə maraqlı məlumatlar toplayıblar. Birinci sinfin “Həyat bilgisi” dərsliyində İslamla bağlı mövzu var. Bu mövzu ilə bağlı məlumatları şagirdlərin özləri tapıb gətirəndə onlar üçün daha maraqlı olur. Mən yenə təkrar edirəm, milli-mənəvi dəyərlərin aşılanmasında valideyn və məktəbin rolu daha önəmlidir.

 

 

 Hazırladı: Gündüz Nəsibov, 1905.az