az|en|ru

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında “Heydər Əliyev irsi internetdə (aliyevheritage.org portalının materialları əsasında)” adlı tədbir keçirilmişdir


30 aprel 2012-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında “Heydər Əliyev irsi internetdə (aliyevheritage.org portalının materialları əsasında)” adlı tədbir keçirilmişdir.

Tədbirdən öncə, AMEA-nın rəyasət heyətinin və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin rəhbərliyi ümummilli liderin büstü önünə əklil qoymuşlar.

 Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov açmışdır. A.Həşimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 89-cu ildönümü ərəfəsində keçirilən tədbirin əhəmiyyətinə toxunaraq, onun məhz AMEA-da baaş tutmasının rəmzi məna daşıdığını qeyd etdi. Natiq fikrini əsaslandıraraq, akademiyanın ölkəmiz müstəqillik əldə etdikdən sonrakı fəaliyyətinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu söylədi. Akademik Mərkəzin çoxcəhətli fəaliyyətini yüksək dəyərləndirdi.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev Mərkəzin 8 il öncə, 2004-cü il may ayının 10-da – Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü günündə yaradıldığını bildirdi. F.Babayev Heydər Əliyevin siyasi portretini tam dolğunluqla yaratmağın məsul və mümkünsüz iş olduğunu qeyd edərək, ümummilli lider haqqında ən dolğun təəssüratı məhz onun əsərləri - çıxışları, bəyanatları, məktublarının yarada bildiyini vurğuladı. Natiq qeyd etdi ki, Heydər Əliyev şəxsiyyətinə yalnız Azərbaycanda və keçmiş sovet məkanında deyil, bütün dünyada böyük maraq vardır.  Mərkəzin portalının yaradılması da bu maraqdan irəli gəlir.

Mərkəzin www.aliyevheritage.org ünvanındakı portalı ümummilli liderin irsinin təbliği ilə məşğul olan ən iri elektron resursdur. Portal hər gün yeni materiallar və ideyalarla zənginləşir. Portalda böyük Heydər Əliyevin fəaliyyətinin demək olar ki, bütün sahələrini – xarici və daxili siyasət, iqtisadiyyat, neft strategiyası, mədəniyyət, gənclər siyasəti, ordu quruculuğu, müsahibələr, beynəlxalq terrorizmlə mübarizə, diaspor, böyük siyasətə qayıdış və s. - əhatə etməyə çalışmışıq. Materialların oxucular tərəfindən asanlıqla tapılması üçün bölümlər və altbölümlər yaradılmışdır.

F.Babayev xüsusi olaraq vurğuladı ki, fəliyyətləri ərzində yüksək dövlət rəhbərliyinin daim diqqət və dəstəyini hiss etmişik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bölgələrə səfəri çərçivəsində Mərkəzin Qəbələ və Qobustan rayonlarında regional bürolarının fəaliyyəti ilə tanış olmuş, məsləhət və tövsiyələrini vermişdir.

Baş direktor bildir ki, 8 yaşlı resurs Azərbaycanın ən yeni tarixi haqqında qiymətli mənbədir. Bunu sayta daxil olan oxucuların say dinamikası da sübut edir. Mərkəzin portalına yalnız ötən il yüz minlərlə oxucu daxil olmuş, 2 milyonadək sənədlə tanış olmuşdur.  Son göstəricilər əsasında demək olar ki, portalın oxucularının 63%-ini dünyanın tanınmış elmi mərkəzləri, 15%-ini rəsmi qərarların qəbul edildiyi mötəbər dövlət qurumları, 10%-ini dünyanın nüfuzlu kütləvi informasiya vasitələri, 3 %-ini transmilli şirkətlər, qalan 12%-ini isə digər qurumlar əhatə edir.

Fuad müəllim iştirakçıların diqqətinə çatdırdı ki, Mərkəzin portalı vasitəsilə oxucular 50 dildə Heydər Əliyev iris ilə tanış olmaq imkanı qazanıblar. Bu dillər dünya ölkələrinin mütləq əksəriyyətini əhatə edir.

Natiq vurğuladı ki, indiyədək 200-dək ölkədən oxucular portala daxil olublar. Yalnız ötən 2011-ci il ərzində portala dünyanın 185 ölkəsindən oxucular daxil olmuşdur. Gündəlik olaraq 80-100 ölkədən portalla tanış olurlar. Gündəlik ziyarətçilər sırasında ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə və İrandan oxucular var.

Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Mərkəzin əməkdaşlarının son dərəcə vacib və gərəkli işlə məşğul olduqlarını vurğuladı. Bu vacib işdə gələcəkdə Mərkəzin Akademiyanın institutları ilə əməkdaşlığının vacibliyini qeyd etdi.

AMEA-nın müxbir üzvü Asəf Hacıyev portalın fəaliyyətinin zəruriliyini qeyd etdi və ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini danışdı.
Mərkəzin baş elmi məsləhətçisi akademik Asəf Nadirov Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin keçdiyi 8 illik yoldan bəhs etdi. O, Mərkəzin bütün elmi mərkəzlərlə əməkdaşlığa hazır olduğunu bildirdi.