az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin altı dildə yeni kitabı nəşr olunmuşdur


Avronest Parlament Assambleyasının aprelin 2-dən 4-dək Bakıda keçiriləcək sessiyası ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan və ingilis, eləcə də quruma üzv olan digər dövlətlərin dillərində (gürcü, moldavan, Ukrayna və erməni) “Tarixi Azərbaycan dövlətləri” kitabı nəşr olunmuşdur.

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatlarla yanaşı, onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr də verilmişdir. 

Kitab Azərbaycan tarixində ilk dövlət olan Manna haqqında arayışla başlayır. Bundan başqa, yeni nəşrdə qədim Azərbaycan ərazisində mövcud olmuş Midiya, Skif şahlığı, Atropatena, Albaniya, Şirvanşahlar, eləcə də orta əsrlərdə Azərbaycanda vahid dil və mədəniyyətin formalaşmasında və xalqımızın etnik təşəkkülündə mühüm rol oynayan Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri haqqında məlumatlar yer alır. 

Kitabda təkcə Azərbaycanın deyil, Mərkəzi Asiya və Yaxın Şərq regionlarının tarixində də xüsusi yeri olan Atabəylər və Səfəvilər, həmçinin XV əsr Azərbaycan tarixində iz qoymuş Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən bəhs edilir.

Azərbaycan tarixində mühüm yeri olan xanlıqlar dövrü də kitabda yer alan əsas bölmələrdəndir. 
Nəşr Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Sovet Sosialist Respublikası və müstəqil Azərbaycan Respublikası haqqında məlumatla sona çatır.
Nəfis tərtibatı ilə diqqəti cəlb edən kitabda milli ornamentlərdən və Qarabağ xalçalarının görüntülərindən istifadə olunmuşdur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın ideya və “Ön söz” müəllifi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdur. 

Kitabın elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.

“Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirovdur.