az|en|ru

"Tarixi Azərbaycan Dövlətləri"nə erməni qısqanclığı


Ermənilər bizə qarşı apardıqları ideoloji mübarizənin yeni stadiyasına adlayıblar. Əvvəllər tariximizi, Azərbaycan torpaqlarında qədim və yaxın tarixdə mövcud olmuş dövlətləri, onların silinməz izlər buraxmış salnamə xarakterli qəhrəmanlıq səhifələrinə aid çoxsaylı fakt və arqumentləri saxtalaşdırmağa cəhd edən erməni ideoloqları indi tariximizlə bağlı yazılanları dünya oxucusuna qısqanmağa başlayıblar. Özü də ədəbi-bədii təxəyyül əsasında deyil, tarixi məqamlar, daş kitabələr üzərində yazılmış, bütün dünyanın az-çox məlumatlı olduğu tarixi faktlar əsasında çap olunmuş ciddi kitablarımıza qarşı başlayıblar növbəti “müharibələrini”...

Qısqanclıq şübhəsiz ki, zəifliyin, haqsızlığın, ədalətsizliyin əlamətləridi. Əlbəttə həmişə yox. Qısqanclıq hissi daxildən alovlananda. Ancaq qısqancın qısqanclıq məqamında gözlərinin görməz, qulağının eşitməz olduğunu hamımız bilirik. Bu barədə uzun-uzadı şərh verməyə lüzum hiss etmədiyimizdən vaxt itirmədən keçək mətləbə. 4-cü ayını yaşadığımız 2012-ci ilin əvvəlində H.Əliyev İrsini Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Tarixi Azərbaycan Dövlətləri” adlı nəfis tərtibatlı bir kitab ərsəyə gətirilib. İdeya müəllifi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov, məsləhətçisi AMEA-nın həqiqi üzvü, professor Asəf Nadirov, elmi məsləhətçisi Tarix Elmləri Doktoru, AMEA-nın müxbir üzvü, professor İlyas Babayev, yaradıcı qrupun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru Fuad Babayev olan kitabda Azərbaycanda zaman-zaman mövcud olmuş müxtəlif adlı dövlətlər və onların dövlətçilik anlamında tarixdə əhəmiyyətləri barədə materiallar lakonik şəkildə öz əksini tapıb.

Kitabda heç bir başqa xalqın, heç bir başqa dövlətin ərazisi, əhalisi, hətta həmin dövrlərdə mövcud olub - olmamaları ilə ilgili müqayisələr, paralellər belə aparılmayıb. Sırf ensiklopedik faktlar toplusu əsasında tarixin bəlli mərhələlərində Azərbaycan torpaqlarında bərqərar olmuş kiçik və böyük dövlətlər barədə gərəkli faktlar yer alıb “Tarixi Azərbaycan Dövlətləri”ndə. Yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycan dili ilə yanaşı daha beş dilə - ingilis, gürcü, ukrayna, moldovan və erməni dillərinə tərcümə edilərək çap olunan məlumatlar şübhəsiz ki, bir vətənpərlik nümunəsi olmaqla yanaşı, məktəbli və tələbələr üçün də əlavə, dəyərli bir vəsaitə çevrilə bilər.   “Tarixi Azərbaycan Dövlətləri” kitabı Azərbaycan və dünya ictimaiyyətinə təqdim edilən kimi tez bir zamanda erməni qısqanclığı özünü göstərməyə başlayıb. İlkin addım kimi ermənilərə məxsus Voskanapat.info portalında Nikolay Melkumov adlı müəllif “Плутание между чужыми государствами” adlı tariximizi və xalqımızı aşağılayıcı “arqumentlər”dən qidalanan yazı ilə çıxış edib. Ona görə ilkin addım kimi yazıram ki, bizim əlaqədar dövlət qurumlarının təmsilçiləri, eləcə də mütəxəssislər həmişə olduğu kimi bu xüsusda növbəti erməni məkrini gözləmədən tarixi həqiqətlərin dünyaya çatdırılmasını arxa plana keçirməyə tələsməsinlər... Xatırlatma üçün qeyd edim ki, Melkumovun yazdığına görə, sən demə azərbaycanlıların bəşəriyyət boyu cəmisi üç dövləti olubmuş (?!). Onların da tarixi Şərqin ilk demokratik dövləti olan Azərbaycan Demokratik Respublikasının yarandığı 1918-ci ildən o tərəfə keçmir (?!). Nə Manna, nə Midiya, nə Atropatena, hətta Səfəvilər belə Azərbaycan dövlətləri deyil (?!). Şirvanşahlar, “Tarixi Azərbaycan Dövlətləri”ndə konkret adları, tarixləri, coqrafi milli tərkibləri, əraziləri və tarixdəki rolları barədə bilgilər verilmiş xanlıqlar yox imiş (?!). Azərbaycanlılar, ümumiyyətlə türklər Zaqafqaziyaya – İran və Erməni yaylalarına (?!) XI əsrdən (XI əsrdə Azərbaycan ərazilərində böyük mədəniyyətlər, böyük ədəbiyyatlar yaranmışdı artıq – N.Z.) gəlməyə başlayıblar (?!). Erməni yazısındakı bu və digər qısqanc xarakterli məqamlar xeyli sayda açıq suallar yaradır ki, biz bunlara əsaslı şəkildə cavablar verməyi tarixçilərin ixtiyarına buraxırıq. Tarixi gerçəkliklər barədə az-çox məlumatlı olduğumuzdan təhrifçilərin iç üzünün tezliklə açılacağına əminik.

Onsuz da hər zaman erməni məkrinə konkret tarixi situasiyaları olduğu kimi xatırlatmaq təkcə azərbaycanlıların deyil, bütün türk dünyası tarixçi və siyasətçilərinin taleyinə yazılıb. Bu məqamda elə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, digər Türkiyə siyasətçilərinin dəfələrlə təkcə Ermənistana deyil, bütün dünyaya səslənərək “tarixçiləri dəvət edək, arxivləri açaq, dünyaya həqiqətləri olduğu kimi bəyan edək!” çağırışlardan çəkinməməsi kimin haqlı olduğunu söyləməyə əsas verir. Çünki “doğriya zaval olmadığı” ifadəsi bizlərə miras qoyanlar həm də qürur duyub, şərəf hissi keçirdiyimiz tariximizi yaradanlardı. O tariximizi ki, indi ermənilər onu şübhə altına almağa “dünyəvi cəhdlər” edirlər. Bunların cəhddən o tərəfə keçməyəcəyi isə gün kimi aydındır. Bu aspektdə bir gün hətta Günəşin, Ayın olmasını belə görməməzliyə vuracaqlarına şübhə etmədiyimiz ermənilərin həm də Türkiyə torpaqlarına iddia etməkləri fonunda, bu minvalla Osmanlı hökumətinin tarixi mövcudiyyətini danmaq istəmədikləri mənə çox qəribə göründü. Amma sualın cavabını öz-özümə təxmin edə bildim. Osmanlını danmış olsaydılar o zaman uydurduqları qondarma “genosid”-i dünyaya çatdırmaq naminə göstərdikləri çabalar öz əhəmiyyətini itirmiş olardı...  

...Məqalə siyasi-diplomatik çalarlardan da xali deyil. Ona görə də Ermənistanın siyasi dairələrində yazıya dəstək verildiyi şübhəsizdir. Melkumov və onun yol göstərənləri tarixi məqamlarda tez-tez İranı, Kürdüstanı, hətta bu gün də ölkəmizdə bir bayraq altında mehriban yaşayan bütün xalqların varlığını, kimliyini xatırlatmaqla sələflərinin köhnə peşələrinə bir daha sadiq qalırlar. Təbii ki, bunlar keçərli deyil. Azərbaycan bütün xalqların tolerant şəkildə yaşadığı bir məmləkətdir. Belə güllələrin boşa çıxdığının ən böyük göstəricisi Azərbaycan dövlətinin varlığıdı.      

Hədəfə vurmuş kitabın bütün komponentləri haqqındasa izafi danışıqlara ehtiyac qalmır. Kitabın hədəfə tuşlamadan hədəfi düz vurması elə ən böyük uğurdu. Bizdən qalır yaradıcı heyətə növbəti müvəffəqiyyətlər diləmək.