QHT "Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012" kitabını təqdim etdi
E. Süleymanov deyib ki, Belçika parlamentində Dağlıq Qarabağ münaqişəsi barədə qətnamənin qəbulu gözlənilir. O, təqdim olunan kitabın Azərbaycan-Belçika əlaqələrini geniş işıqlandırdığını vurğulayıb. Belçikanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Peter Booms isə bildirib ki, səfirlik belə bir kitabın hazırlanmasından məmnundur: “Ölkələr arasında strateji nöqteyi-nəzərdən yaxınlıqlar var. Münasibətlərin daha da yaxınlaşması 2007-ci ildə Belçikanın Azərbaycanda səfirlik açması ilə nəticələndi”. Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sabiq həmsədri Alan Desteks çıxışında deyib ki, Azərbaycan son dərəcə əhəmiyyətli dövlətlərdən biridir: “Azərbaycanın coğrafi mövqeyi bunu deməyə əsas verir. Azərbaycanın bəzi qonşuları var ki, onlarla münasibətlər qurmaq o qədər də asan deyil”. A. Desteks ölkələrin parlamentləri arasında yaxşı münasibətlərin olduğunu, bu münasibətlərin son illər daha da inkişaf etdiyini söyləyib: “Bir neçə ay əvvəl Belçika parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçirildi. Bu tədbirdə 200-dən artıq adam iştirak edirdi. Dağlıq Qarabağ məsələsinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir. Beynəlxalq hüquqla Azərbaycanın mövqeyi daha möhkəmdir. Heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Artıq uzun illərdir dondurulmuş olan bu münaqişə həllini tapmalıdır. Bu sahədə bizim fəaliyyətimiz yavaş-yavaş da olsa irəliləyir”. Tədbirdə çıxış edən Azərbaycan XİN-in İnformasiya idarəsinin rəisi Cavanşir Məmmədov, Milli Məclisin deputatı Zahid Oruc bu cür kitabların tədqiqatçılar üçün mühüm mənbə rolunu oynadığını vurğulayıblar. |
