az|en|ru

Siyasi portret


Azərbaycan dövlətinin tarixində, xalqının yaddaşında əbədilik özünə yer eləmiş Heydər Əlirza oğlu Əliyev anadan olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firavan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr edib.

Heydər Əliyev ilk azərbaycanlıdır ki, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilib. İlk azərbaycanlıdır ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib.

1969-cu ilin 14 iyul günü Azərbaycan xalqının həyatında önəmli günlərdəndir. Həmin gün Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilib. İşgüzarlığı, məqsədyönlülüyü, prinsipiallığı ilə seçilən rəhbərin qarşısında respublika iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye ölkəsinə çevirmək, Bakını daha da gözəlləşdirib abadlaşdırmaq, Azərbaycan kəndini dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq kimi məsələlər əsas vəzifələr kimi dururdu.

Heydər Əliyevin Az. KP MK - nin birinci katibi olduğu dövrdə təşkilatçılıq bacarığı sayəsində 1969 - 1982-ci illərdə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan keçmiş SSRİ-də inkişaf etmiş respublikalardan birinə çevrildi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər və rayonlarda yeni sənaye müəssisələri, ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Qısa müddətdə mövcud neft maşınqayırması və neft emalı, həmçinin kimya müəssisələrinin yenidən qurulması prosesi başladı. 70-ci illərdə tamamilə müasirləşmiş və yenidən qurulmuş müəssisələr fəaliyyətə başladı. Bunlara misal olaraq Bakı elektrik maşınqayırma, Bakı məişət kondisionerləri zavodu, Bakı şampan şərabları zavodu, Bakı məişət soyuducuları zavodu, Elektron hesablayıcı maşınlar zavodu, Sumqayıt kompressor zavodu, Gəncə "Büllur" zavodu və digərləri belə müəssisələrdəndir.

Heydər Əliyev sənayenin inkişafına böyük əhəmiyyət verməklə yanaşı, kənd təsərrüfatının da çiçəklənməsinə xüsusi diqqətlə yanaşıb. 1969 - 1982-ci illərdə Heydər Əliyevin yeritdiyi məqsədyönlü kənd təsərrüfatı siyasəti nəticəsində Azərbaycanda bu sahədə yüksək göstəricilər əldə edilib, məhsuldarlığın səviyyəsi xeyli yüksəlib. Üzümçülük, pambıqçılıq özünün ən yüksək inkişaf nöqtəsinə çatmışdı. 1970 - 1982-ci illərdə orta illik məhsuldarlıq əvvəlki 13 ilin məhsuldarlığından taxıl üzrə 1,9 dəfə, tərəvəz üzrə 1,6 dəfə, meyvəçilik üzrə 2 dəfə, çay yarpağı üzrə 2,3 dəfə çox olub. Bu dünyanın heç bir yerində görünməmiş inkişaf tempi olub.

Azərbaycanın inkişafı yolunda Heydər Əliyevin xüsusi fikir verdiyi məsələlərdən biri Azərbaycan ədəbiyyatının, dramaturgiyasının, incəsənətinin, bütövlükdə mədəniyyətinin inkişafı və dünyada tanıdılması idi. Azərbaycanın məşhur ədəbiyyat incəsənət nümayəndələrinin ölkədən kənarda keçirilən yubileyləri, dahi Azərbaycan şair və mütəfəkkirləri Nizami Gəncəvi və Nəsiminin yubileyləri, 1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyinin keçirilməsi, çoxlarının müqavimətinə baxmayaraq Azərbaycan dilinə dövlət statusunun verilməsi, repressiya qurbanı olaraq Sibir çöllərində vəfat edən Hüseyn Cavidin cənazəsinin qalıqlarının Bakıya gətirilməsi kimi mühüm hadisələr o dövr Azərbaycan mədəniyyətinin əlamətdar hadisələrindən idi. Ümumiyyətlə, 1969 -1982-ci illərdə Azərbaycan mədəniyyəti özünün əsl intibah dövrünü yaşayıb.

Həmin dövrün ən mühüm hadisələrindən biri də Bakıda milli hərbi kadrlar hazırlayan C. Naxçıvanski adına məktəbin fəaliyyətə başlaması oldu. Bu məktəbin fəaliyyətə başlaması nəticəsində yüzlərlə gələcək zabit hərb elminin sirlərinə yiyələndi. Heydər Əliyevin sovet Azərbaycanının rəhbəri olduğu müddətdə minlərlə azərbaycanlı gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə -Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə göndərildi və ölkəyə lazımlı ixtisaslar üzrə təhsil aldılar. SSRİ-də ilk dəfə məhz Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə korrupsiyaya, rüşvətxorluğa, tayfabazlığa qarşı genişmiqyaslı müharibə elan edildi. 70 -80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik dövrü kimi xarakterizə olunur.

Heydər Əliyev 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib və faktiki olaraq SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev səhiyyə, elm, maşınqayırma, yüngül sənaye, nəqliyyat, rabitə, mədəniyyət, təhsil kimi bir çox vacib sahələrə rəhbərlik edirdi. Sovet rəhbərliyi ötən əsrin ən nəhəng tikililərindən olan Baykal - Amur Magistralının (BAM) çəkilişlərinə rəhbərlik etməyi Heydər Əliyevə tapşırmışdı. Heydər Əliyev prinsipial mövqeyi, dönməzliyi, işgüzarlığı nəticəsində ona verilən bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlmişdi. Heydər Əliyev rəhbərlik etdiyi və yuxarıda adları çəkilən bu sahələrin demək olar ki, hamısında dövlət proqramı qəbul olunub.

80-ci illərin sonunda sovet rəhbərliyinin apardığı yarıtmaz siyasət bir çox sahələrdə xaosa gətirib çıxarmışdı. Məhz bu səbəblərə görə 1987 - ci ildə Heydər Əliyev sovet rəhbərliyinin yeritdiyi siyasətə etiraz edərək tutduğu vəzifələrdən istefa verdi.

Heydər Əliyev 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklərə etiraz əlaməti olaraq Moskvadakı Azərbaycan nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqıma qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. Bir çox analitiklər Heydər Əliyevin bu bəyanatını cəsarətli addım saymaqla yanaşı, onun böyük siyasətə qayıdışı adlandırırlar. 1991-ci ilin iyulunda Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin vəziyyətlə əlaqədar SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Kommunist Partiyasının sıralarını tərk etdi. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, həmçinin, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib.

Azərbaycanın müstəqillik qazandığı ilk illərdə siyasi hakimiyyətdə təmsil olunanların naşılığı, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş addımları Azərbaycanı getdikcə tənəzzülə aparırdı. Digər tərəfdən də Azərbaycanın Ermənistanla cəbhə xəttində baş verən məğlubiyyətlər, uğursuzluq ölkədə dərin böhranın yaranmasına gətirib çıxarırdı. Sözün həqiqi mənasında əsl hərc-mərclik var idi. Belə bir anda - 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə o vaxtkı hakimiyyət Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etdi. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı dünyada tanıda bildi.

Heydər Əliyev Azərbaycanda hüquqi - demokratik dövlət quruculuğu yolunu seçdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Aparılan islahatlar nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklərə səbəb olan yeni mütərəqqi qanunlar qəbul edildi. 1998-ci il iyulun 14-də yaranan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin ali konstitusiya məhkəməsi olmaqla, Azərbaycan konstitusiyasının aliliyini, hər kəsin əsas hüquq və azadlıqlarmı təmin edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz fəaliyyətində insan hüquqları haqqında beynəlxalq hüquqi sənədlərin müddəalarına əsaslanır. Bu da öz növbəsində ona, konstitusiya əsasında işlərə baxarkən Avropa və dünya birliyi tərəfindən qəbul edilmiş demokratik norma və standartlara riayət etmək imkanı verir.

Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hərbi hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi.

Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalatda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarının təcəssümü idi.

1996-cı ildən başlayaraq, ölkə iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaratdı. Heydər Əliyevin hakimiyyəti dövründə əmək haqlarının, aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilərək vətəndaşların təqaüd təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.

Demokratiyanın daha bir göstəricisi kimi 1999-cu ilin dekabrında Azərbaycanda ilk dəfə olaraq yerli özünüidarəetmə orqanlarına - bələdiyyə seçkiləri keçirildi. Heydər Əliyevin rəhbərliyi ilə bələdiyyə institutu yaradıldı, bələdiyyələrin iş mexanizmi, statusu vəzifə və səlahiyyətləri, inkişaf istiqamətləri müəyyən edildi. Bələdiyyələrin yaradılması və fəaliyyəti Azərbaycanın demokratiya yolunda addımlamasının ən bariz göstəricilərindən biri idi.

Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərək Heydər Əliyev iki halı xüsusi qeyd etmişdi: "Respublika iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial - siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik". 1993-cü ildə Heydər Əliyev prezident seçilərkən respublikada ümumi daxili məhsul istehsalında orta hesabla 20-23 faiz geriləmə baş verirdi. Lakin Heydər Əliyevin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994 - 1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən - ilə artmasını təmin etdi.

Heydər Əliyevin həyata keçirdiyi islahatlar sistemində özəlləşdirmə siyasətinə də mühüm əhəmiyyət verilib. O, 1994 - 1995-ci illərdə özəlləşdirmə proqramının hazırlanması ilə əlaqədar gərgin və səmərəli iş rejiminə rəhbərlik edib. Onun bilavasitə təşəbbüsü ilə "Azərbaycan Respublikasında 1995 - 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" hazırlanıb.

Heydər Əliyevin diqqət yetirdiyi vacib sahələrdən biri də torpaq və onunla bağlı münasibətlər sistemi oldu. 1996 -cı ildə onun rəhbərliyi və qayğısı sayəsində ölkədə aqrar islahatlar və onun tərkib hissəsi olan torpaq islahatları aparıldı. Bununla əlaqədar olaraq torpaqlar pulsuz olaraq kəndliyə verildi və yeni torpaq -əkinçi münasibətlərinin yaradılması üçün real zəmin yaradıldı. Bu islahatlar nəticəsində həmçinin, torpaqlar vətəndaşlara ömürlük verildi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi, respublika ərazisində yaşayan vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi.

1993 - cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın xarici siyasətində nəzərəçarpacaq dəyişikliklər baş verdi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qoşulması oldu.

Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin xarici siyasətində əsas yerlərdən birini tutub. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyəti, ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcə də çoxtərəfli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə görüşlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin, Ermənistan prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Heydər Əliyevin siyasətinin mühüm hissəsini təşkil edib.

Heydər Əliyev siyasi və iqtisadi problemlərin həlli ilə yanaşı, mədəniyyət sahəsinə də xüsusi diqqət yetirib. Ölkənin maddi rifahı artdıqca mədəniyyət xadimlərinə göstərilən dövlət qayğısı yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan mədəniyyəti Heydər Əliyevin qayğı və diqqəti sayəsində möhtəşəm bir dövr yaşayıb. Müstəqillik dövründə tarixi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin görkəmli nümayəndələrimizin, habelə ayrı - ayrı milli bayramların və tarixi günlərin qeyd edilməsi ilə bağlı tədbirlər Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla keçirilib. Buna misal olaraq Azərbaycanın ən qədim yazılı abidəsi olan "Kitabi -Dədə Qorqud" dastanının 1300 illik yubileyinin, həmçinin böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin təntənəli şəkildə keçirilməsi haqqında imzaladığı sərəncamları göstərmək olar.

Bütün dünyada tanınan dahi siyasətçi haqqında nüfuzlu siyasətçilər, dövlət və hökumət nümayəndələri, elm və mədəniyyət xadimləri öz ürək sözlərini deyiblər. Onların hər biri Heydər Əliyevi nüfuzlu siyasətçi, güclü dövlət xadimi kimi xarakterizə ediblər. Onlardan bəzilərinə diqqət yetirək:

Corc Buş (Amerika Birləşmiş Ştatlarının prezidenti): "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə ABŞ və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır ".

Jak Şirak ( 1995- 2007-ci illərdə Fransa Respublikasının prezidenti): "Bu qeyri -adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim".

Rəcəb Tayyib Ərdoğan (Türkiyə Respublikasının Baş naziri): " Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur".

İslam Kərimov (Özbəkistan Respublikasının prezidenti): "Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir"

II İohan Pavel ( 1978 - 2005-ci illərdə Roma papası): "Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm".

Çingiz Aytmatov (Məşhur qırğız yazıçısı): "Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasyanın yeni tarixinin bugünkü qurucularındandır".