az|en|ru

“Heydər Əliyev və multikultural dəyərlər” mövzusu müzakirə olundu


Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalında keçirilən diskussiyalar silsiləsindən “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda ikinci söhbət oldu.

Azərbaycan Respublikası Prezidenti Administarasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, “Azadinforma” İnformasiya Agentliyinin baş redaktoru, “Azərbaycanda birgə yaşayış və multikulturalizm”, “Mətbuatda multikulturalizm” kitablarının müəllifi Niyaz Niftiyev, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qəmbərov, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov söhbətdə iştirak edirdi.

Fuad Babayev: Biz hər bir tədbirimizə ümummilli liderimizin bir deyimini epiqraf kimi seçmişik. Bu dəfəki deyim belədir: “Heydər Əliyev: Azərbaycanda heç vaxt dini zəmində münaqişə, toquşma olmamışdır“. Heydər Əliyev bu sözləri Bakıda Baş Kafedral kilsənin açılışı münasibətilə keçirilən 24 mart 2013-cü il tarixli tədbirdə səsləndirib. Hətta ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində, həmin ağır dövrlərdə belə Azərbaycanda dini zəmində heç bir ağır hallar qeydə alınmayıb. Müstəqil Azərbaycanda isə hər bir insanın dini və vicdan azadlığı üçün hər cür şərait yaradılıb. Biz, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşları əsas missiyamızı sizin danışmağınız üçün şərait yaratmaqda görürük. İstərdim ki, əvvəlcə elə Əliheydər müəllim müzakirə etdiyimiz mövzuda ilk sözü desin. Çox şadam ki, Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin rəhbəri Etibar müəllimlə söhbətimizdə o da bizim bu təşəbbüsümüzü bəyəndi və bildirdi ki, Əliheydər müəllim bu tədbirdə iştirak edəcək.

Əliheydər Zülfüqarov: Bu mövzu Azərbaycan cəmiyyəti üçün aktuallığını həmişə saxlayır. Azərbaycandakı müxtəlif etnosların və din daşıyıcıları birgə, qarşılıqlı əməkdaşlıq çərçivəsində yaşayır, istər dini, istərsə də milli zəmində qarşıdurma heç vaxt qeydə alınmayıb. Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyyətə yenidən qayıdışından sonra bu sahədə həyata keçirilən tədbirlər sayəsində həm kəmiyyət, həm də keyfiyyət baxımından önəmli nəticələr əldə olunub. O, həmişə yüksək tribunalardan vurğulayırdi ki, dinimiz xalqımızın milli sərvətidir. Yəni dinə sərvət prizmasından yanaşırdı. Bu, Azərbaycandakı mövcud reallıqların ifadə tərzi idi. Azərbaycançılıq məfkurəsinin əsas mahiyyəti də Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinə qarşı hər hansı bir ayrı-seçkiliyin olmaması ilə xarakterizə olunur. Bunlar eyni ailənin bərabərhüquqlu üzvləridir, birlikdə vahid amal uğrunda çalışırlar. Qanunvericilikdə də bu öz əksini tapıb. İstər Konstitusiyamızda, istərdə də “Dini etiqad haqqında” qanunda insanların irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hamıya bərabər hüquqlar verilir. Xüsusilə vicdan, etiqad azadlığı, dinə yanaşmasını azad ifadə etmək hüququ tanınır. Müstəqillik əldə olunduqdan sonra dini plüralizm zəminində bütün dinlərə, xüsusilə də Azərbaycan əhalisinin mütləq əksəriyyətinin etiqad etdiyi İslam dini ilə yanaşı, xristianlara, onun müxtəlif istiqamətlərinə, yəhudilərə böyük qayğı ilə yanaşılır. Sovet dövründə Azərbaycanda mövcud olan məbədlərin bir qismi dağıdılmışdı. Məsələn, Şəhriyar adına Mədəniyyət Sarayının yerində böyük bir katolik kilsəsi var idi. 1934-cü ildə dağıdılmışdı.

Fuad Babayev: Yaxud bəzi abidələr təyinatı üzrə istifadə edilmirdi. Tutaq ki, Mahnı Teatrı sinaqoq olub, Qızıllı kilsə dağıdılıb…

Əliheydər Zülfüqarov: Bibiheybət məscidi partladılıb. Tarixi ədalətsizliyin bərpası istiqamətində Ümummilli Liderin həyata keçirdiyi siyasət, bu gün cənab Prezident tərəfindən uğurla davam etdirilir.  Bibiheybət məscidinin bərpası, 2002-ci ildə Bakıya Roma papasının səfərindən sonra tarixi ədalətsizliyin bərpası kontekstində katolik kilsəsi üçün yerin ayrılması, 2008-ci ildə isə cənab Prezidentin iştirakı ilə həmin kilsənin açılışı, “Qış bağı” ərazisində sineqaqun tikintisi buna sübutdur. Yeri gəlmişkən, həmin sinaqoq Qafqaz regionunda ən böyük sinaqoqdur. 2011-ci ildə isə dağ yəhudiləri üçün yeni bir sinaqoq inşa olundu. Mən katolik kilsəsinin vitrajının tikintisində, Qubadakı sinaqoqun təmirində, bir çox məscid və məbədlərin inşa və təmirində Heydər Əliyev Fondunun xidmətlərini də qeyd edərdim. Bütün bunlar göstərir ki, Azərbaycanda təkcə müsəlman icmalarına deyil, bütün dini konfessiyalara bərabər yanaşma var. İcmaların bir-biri ilə münasibətlərini isə mən yalnız tolerantlıq deyil, tolerantlığı aşan bir münasibət kimi qiymətləndirirəm. Çünki tolerantlıq dözümlü münasibət mənasını verir, amma burada dözmək yox, konstruktiv əməkdaşlıq, qardaşyana münasibət var. Bunu bir çox Avropa ölkələrində görmək mümkün deyil. Xarici qonaqlar bunu görəndə, öz təəccüblərini gizlətmirlər. Və bildirirlər ki, bizim bu model bir çox ölkələr üçün nümunə ola bilər.

Fuad Babayev: Tamamilə haqlısınız. Ən əsası isə bu bəyan edilən yox, reallıqda olan bir hadisədir. Tarixən də belə olub. Tarix boyu yəhudilərin heç bir basqıya məruz qalmadıqları yeganə coğrafiya, yeganə ölkə Azərbaycandır. Rəvan müəllimi dinləyək.

Rəvan Həsənov: Həqiqətən də Azərbaycan xalqı Ulu Öndəri daim yüksək hörmətlə anır. Onun Azərbaycan xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Söhbət yalnız iqtisadi, siyasi deyil, həm də mənəvi məsələlərdə göstərilmiş xidmətdən gedir. Bu gün Azərbaycan dünyada multikulturalizmin vətəni kimi tanınır. Bizə məlumdur ki, dünyanın müxtəlif yerlərində etnik münaqişələr, dini və milli zəmində münaqişələr daim artmaqdadır. Adətən xaricdə olanda bizə deyirlər ki, sizdə multikulturalizm tarixi şəraitdə mövcud olub, bunun hüquqi, siyasi əsaslarının sonrada formalaşması necə baş verib. Danılmazdır ki, bu, birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Xatırlayırsınızsa, 1990-cı illərin əvvəllərində Azərbaycanda birliyə çağırışın əsas şüarı etnik, millətçi çağırışlar idi. Bu ona gətirdi ki, Azərbaycan vətəndaş müharibəsinin astanasına gəlib çıxdı.

Fuad Babayev: Separatizm meylləri artdı.

Rəvan Həsənov: Bəli, ona görə də Heydər Əliyev hakimiyyətə qayıdandan sonra nəinki vətəndaş müharibəsinin qarşısını aldı, xarici və daxili siyasətdə də köklü dəyişikliklər etdi. Qanunverici dəyişikliklər oldu. Etnik, milli icmalara aid 50-dən artıq beynəlxalq sənəd qəbul olundu. Azərbaycan BMT, ATƏT, Avropa Şurası, YUNESKO ilə əməkdaşlığını formalaşdırdı. Azərbaycanın qoşulduğu konvensiyalar onun daxili qanunvericilik aktlarında əks olunurdu. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının din-dövlət maddəsi, bərabərlik hüququ, milli mənsubiyyət hüququ, vicdan azadlığı huququnun təsbiti, bunların qanunvericilik aktlarında da əksini tapması, Azərbaycanın multikultural təhlükəsizliyinin təmin olunmasında böyük rol oynadı. Doğrudur, əvvəllər multikulturalizm ifadəsi çox işlənmirdi. Amma bu gün biz multikulturalizm ifadəsini işlətməkdə heç bir maneəyə rast gəlimirik və multikulturalizmin Azərbaycan modelini təbliğ ediriksə, bu həmin siyasi və hüquqi əsasların olması ilə bağlıdır. Ulu Öndər bunun əsaslarını çox möhkəm şəkildə qoymuşdu. Məncə, Heydər Əliyevin Azərbaycana bəxş etdiyi ən mühüm dəyər Azərbaycançılıq ideologiyasıdır. Artıq o, multikulturalizm məfkurəsinin də mühüm bir hissəsidir. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün xalqları bir torpaq, bir məfkurə ətrafında birləşdirən elə Azərbaycançılıqdır. Heydər Əliyevin belə bir ifadəsi var idi: “Biz bir yerdə dünya üçün maraqlıyıq, ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik”. Azərbaycançılıq bizim multikulturologiya dediyimiz anlayışı tamamlayan baza idi. Bu gün də o baza daim inkişaf edir və inkişaf edəcək. Bizim multikulturologiya anlayışımız cənab Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi və yeni səviyyəyə qaldırıldı. 2008-ci ildə cənab Prezident Bakıda regional bir hərəkat başlatmışdı – Bakı prosesi. 2011-ci ildən isə bu proses qlobal müstəviyə çıxmağa başladı. Bu il biz artıq “Bakı prosesi”nin on illik dövrünü qeyd edirik. Azərbaycan artıq dünyada humanitar məsələlərin müzakirə edildiyi platfirmaya çevrilib. Dünyanın buraya olan marağı gündən-genə artmaqdadır. 2014-cü ildə Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə müşavirlik xidməti yaradıldı. 2014-cü ildə Azərbaycan modelinin dünyaya təbliği və digər modellərin öyrənilməsi üçün Beynəlxalq Multikulturalim Mərkəzi yaradıldı.   2016-cı il “Multikulturalizm ili”, 2017-ci il “İslam həmrəyliyi ili” elan olundu. Azərbaycanda keçirilən idman yarışları xalqları bir-birinə daha yaxın edir. Yəni Ulu Öndər tərəfindən əsası qoyulan və kifayət qədər mürəkkəb olan həmin dövrdə atılan addımlar olmasaydı, bu gün atdığımız addımları ata bilməzdik. Bu gün artıq özümüzü sübut etməyə çalışmırıq. Multukulturalizm Mərkəzi Azərbaycandakı bu şəraiti, müxtəlifliyi təbliğ etmək istiqamətində fəaliyyət göstərir. Bu gün biz artıq xarici tədqiqatçıları qəbul edirik. Hər ay mərkəzə xarici ölkələrdən 3-4 tədqiqatçı gəlir. Onlar Azərbaycan modelini, etnik müxtəlifliyi, dini-konfessional münasibətləri öyrənmək üçün müxtəlif araşdırmalar aparırlar. Və beynəlxalq təşkilatlarda, siyasi mərkəzlərdəki seminarlarda təqdimatını həyata keçirirlər. Əvvəllər özümüz Azərbaycandakı vəziyyəti gur səslə çatdırmaq istəyirdik. BMT Baş katibi, beynəlxalq təşkilatların rəhbərlərinin öz çıxışlarında Azərbaycandakı vəziyyəti  vurğulamaları göstərir ki, biz artıq öz-özümüzə danışmırıq. Artıq Azərbaycandakı din-dövlət münasibətləri, etnik rəngarənglik, multikulturalizm Avropadakı miqrasiya fonunda baş verən problemlər içində kifayət qədər maraq doğurur. Düşünürəm ki, bu siyasət cənab Prezidentin öndərliyində qlobal müstəvidə daha da inkişaf edəcəkdir. Bir daha təkrarlamaq istəyirəm ki, bu gün biz yığışıb, bu məsələdən danışa biliriksə, Heydər Əliyevə borcluyuq. Məhz o, mürəkkəb bir məqamda bu məsələnin öhdəsindən gəldi və multikultural təhlükəsizlik üçün şərait yaratdı. Gələcək nəsillər isə bunu dünyaya nümayiş etdirməklə məşğul olacaq.

Fuad Babayev: Bizim tədbirimiz Azərbaycan İlahiyyat İnstitutu ilə müştərək həyata keçirilir. İnstitutun nümayəndəsi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovu dinləyək.

Aqil Şirinov: Məndən əvvəlki natiqlər elə gözəl danışdılar ki, bizə söz qalmayacağını düşündüm. Azərbaycandakı multikultural siyasəti və multikultural ənənələri çox gözəl izah etdilər. “Multikulturalizm bizim həyat tərzimizdir”, – cənab Prezidentin bu sözləri elə-belə ifadə deyil. Həqiqətən də tarixə nəzər saldıqda, Azərbaycanda multikultural dəyərlərin, tolerant mühitin olduğunu görürük. Orta əsrlərə diqqət yetirək. Bir çox ölkələrdə həmin dövrdə çaxnaşmalar mövcud idi, dinlərarası, məzhəblərarası müharibələr vardı, Azərbaycanda isə kiçik istisnalar çıxılmaqla, bunlar olmayıb. Azərbaycanda belə hadisələrlə qarşılaşmırıq. Məşhur coğrafiyaşünas Yaqub Həməvinin ensiklopedik əsərində qeyd olunur ki, Azərbaycan əhalisi çox xoşrəftar, xoşxasiyyət insanlardır. Yəni xalqımız tarixən tolerant, başqalarına münasibətdə dözümlü olub. Azərbaycanda bugünkü etnik və dini rəngarənglik də bunun göstəricisidir. Demokratiyanın çox inkişaf etdiyi sivil ölkələrin tarixlərində belə bu anlayışın olmadığını görürük. Məsələn, bilirsiniz ki, Əndəlüs tarixən müsəlmanların yaşadıqları bölgə olub. Sonra isə Ferdinand və İzabellanın qoşunu gəlib və oradakı müsəlmanları, yəhudiləri seçim qarşısında qoyublar – ya katolik olmalısınız, ya da ərazini tərk etməlisiniz. Ona görə də bu gün həmin bölgədə bir müsəlman və ya yəhudi kəndi yoxdur. Azərbaycanda isə yəhudiliyin 2500 ildən artıq tarixi var. Yəhudilərə Quba şəhəri yaxınlığında qəsəbə qurmağa müsəlman Quba xanı icazə verib. Quba rayonunun Nic kəndinə baxaq. Nic kəndində xristian udinlər uzun tarix boyudur ki, yaşayırlar. Heç bir müsəlman-azərbaycanlının ağlından da keçməyib ki, onları dinlərindən döndərsin. Bu günə kimi də yaşayırlar və əlamətdar tarixlərini də qeyd edirlər. Bunlar qədim alban kilsəsinin Azərbaycandakı mənəvi varisləridir. İslam dünyasında hazırda baş verənləri hamımız məyusluqla izləyirik. İraqda, Suriyada nələr baş verir, məzhəblərarası münasibətlər neçə gərgindir. Azərbaycanda isə belə münasibətləri heç ağlımıza da gətirmirik.  Azərbaycanda tarixən İslamın iki məzhəbi mövcud olub və aralarında da heç bir problem baş verməyib. Hətta elə kəndlər var ki, hər iki məzhəbin nümayəndələri dinc şəraitdə yaşayırlar. Bu da Azərbaycan multikulturalizminə bir illüstrasiyadır. Deyim ki, bir sıra ölkələrdə də bu olub, amma qoruya bilməyiblər. Rəvan müəllim hüquqi bazadan danışdı. Din-dövlət münasibətləri tənzimlənməlidir. Ulu Öndərin bu sahədəki xidmətləri əvəzsizdir. Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik prinsipi bəşəriyyətin din-dövlət əlaqələrinin nizamlanmasında nail olduğu ən yüksək prinsipdir. Bu prinsipin də dünyanın müxtəlif ölkələrində fərqli tətbiq şəkilləri var. Bəzən biz bunu iki yerə ayırırıq – neqativ dünyəvilik, pozitiv dünyəvilik. Neqativ dünyəvilik deyəndə nəzərdə tutulur ki, dövlət dinlə, din isə dövlətlə heç bir şəkildə əməkdaşlıq etmir.

Fuad Babayev: Sadəcə paralel mövcuddurlar.

Aqil Şirinov: Bəli, paralel mövcuddurlar. Dünyanın bir sıra ölkələrində bu neqativ dünyəvilik mövcuddur. Pozitiv dünyəvilikdə isə din dövlət işlərinə qarışmır, dövlət də dini işlərə qarışmır, amma əməkdaşlıq edirlər. Ümumilli Lider bunu gözəl ifadə etmişdi: “Bizdə dövlət dindən ayrıdır, amma biz dindən ayrı deyilik”. Yəni vətəndaş olaraq müsəlmanıq, dövlət olaraq da dinlə əməkdaşlıq edirik. Münasibət bu şəkildə qurulduğundan, Azərbaycanda tarixi tolerantlıq indi də davam edir. Və dövlət siyasəti şəklində davam edir. Mən dövlətin Multikultural Mərkəz yaratması nümunəsinin başqa bir ölkədə olduğunu bilmirəm. Olsa da nadir ölkələrdə ola bilər.

Rəvan Həsənov: Kanadada var, Kvebekdə.

Aqil Şirinov: Çünki multikulturalizm ideyaları ilk dəfə orada bariz şəkildə meydana çıxıb. ABŞ-da isə  hətta hindular üçün rezervuasiyalar yaradılıb. Amma yerli əhali məhv olandan sonra, qalanlarını eksponat kimi göstərməyin heç bir mənası yoxdur. Azərbaycanda isə multikulturalizmin həm hüquqi bazası var, dövlətin iradəsi var və Ulu Öndər tərəfindən qoyulan ənənə bu gün də davam etdirilir. Mən bura gəlməmişdən Heydər Əliyevin 1993-cü ilin oktyabrın 10-dakı andiçmə mərasimindəki çıxışını oxudum. Azərbaycanın bu günkü multikultural siyasətinin təməli həmin çıxışdadır: “Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun tarixi var və bu tarixlə, respublikanın ictimai-siyasi mənzərəsi ilə fəxr edirik. Respublikamızın bütün vətəndaşları dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər. Bundan sonra da vətəndaşların Azərbaycanın ictmai-siyasi hərəkatında iştirak etmələri üçün imkanlar yaradılacaq”. Burada bir neçə məqam var. Birincisi, hamı hüquq qarşısında bərabərdir.  İkincisi, Azərbaycanın mozaikası – çoxmillətli respublikadır. Üçüncüsü isə bunlar gələcəkdə də inkişaf etdiriləcəkdir. Bu gün dünyada islamofobiya var. İnsanları inandırıblar ki, İslam onlar üçün qorxulu dindir.

Fuad Babayev: Xüsusilə də qadınlar üçün…

Aqil Şirinov: Eləcə də qadınlar üçün. İslamı terror dini kimi çatdırmaq istəyirlər. Burada şübhəsiz ki, xüsusilə medianın rolu var. Ümummilli Liderimiz 1994-cü ildə Təzə Pir məscidində peyğəmbərimizin mövludu günündəki çıxışında deyir: “İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eynihüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-təalanın buyuruğu, bizim yolumuzdur”.  Yəni İslam dininin qəti şəkildə terrorla, digər neqativ hallarla əlaqəsinin olmadığını Ulu Öndər burada vurğulayır. Bu siyasət bu gün də Azərbaycanda dövlət tərəfindən məntiqi surətdə davam etdirilir. Bəzən sual verilir ki, Azərbaycanda multikultural siyasət yeridilir, digər tərəfdən isə İslam həmrəyliyi elan olunub. Bunlar bir-birinə zidd deyilmi? Mən bunu belə izah edirəm: öz evində sabitliyi, həmrəyliyi təmin edə bilməyən ailə qonşularına qarşı da aqressiv olar. Öz içində problemlərini həll etmiş, bir-biri ilə çəkişməyən İslam dünyasının başqa mədəniyyətlərlə də əlaqəsi güclü olacaqdır. Əksinə, öz içində çəkişən İslam dünyası həm özünə, həm də başqalarına zərər verə bilər. Bu baxımdan multikultural siyasət və İslam həmrəyliyi bir-birini tamamlayır. Azərbaycan da bunun ən gözəl nümunəsidir. Azərbaycan nümunə olması da burada qeyd edildiyi kimi, yalnız bizim tərəfimizdən qeyd olunmur.

Fuad Babayev: Bəli, bayaq Rəvan müəllim də qeyd etdi ki, artıq bizim multikulturalizm beynəlxalq elmin predmetinə çevrilib.

Aqil Şirinov: Amerikadan sefard yəhudilərinin nümayəndələri gəlmişdilər. Onlarla söhbət etdik. Azərbaycanda yəhudilərə yaradılan şərait onları valeh etmişdi. Qeyd edirdilər ki, bunu gözləmirlərmiş.

Rəvan Həsənov: Sizin sözünüzün qüvvəti onlar deyirdilər ki, Nyu-York film festivalına Azərbaycandakı etnik, milli və dini münasibətlər haqqında film hazırlayıb, çıxarmağı arzulayırlar. Multikulturalizm Mərkəzi bununla bağlı onlarla bir layihə də hazırlayacaq.

Aqil Şirinov: Biz bir çox ölkələrdə olmuşuq. Onların çoxunda sinaqoqlar polis tərəfindən qorunur, Azərbaycanda isə bu yoxdur. Bakıda erməni kilsəsinin mövcudluğu da qeyri-adi hadisədir. Ermənistanda və Dağlıq Qarabağdakı məscidlərimizin vəziyyətindən isə xəbərdarsınız.

Rəvan Həsənov: Təsadüfi deyil ki, bu gün Ermənistan dövləti bizim tədbirlərimizə qıcıqla reaksiya verir. Biz tutaq ki, “Qafqaz Albaniyası” layihəsinə başlamışıq. İnternet TV-lər və dünyanın 20 universitetində bu layihəni təbliğ edirik. Ermənistanda atıq Qafqaz Albaniyası ilə bağlı əks-süjetlər hazırlamağa başlayıblar. Bu sahənin tanınmış alimi Fəridə Məmmədovanın istinadlarına “qeydlər” edirlər. Deməli, indi artıq özünütəsdiq yoluna ermənilər keçiblər. Bu yaxınlarda mərkəzimizin İsrail filialının rəhbəri Arye Qut (fəal jurnalistdir, “Yerusəlim Post” qəzetində yazıları çap olunur – R.H.) ilə bağlı Ermənistanda bir neçə gün əvvəl kampaniya başladılıb. Bildirirlər ki, Arye Qut Multikulturalizm Mərkəzini təmsil edir, sosial şəbəkədəki səhifəsində daim Azərbaycandan bəhs edir və müstəqil ekspert ola bilməz. Bu göstərir ki, bizim fəaliyyətimiz, atdığımız addımlar hədəfə çatır. Əvvəllər 1 universitetdə bir fənni tədris etməyə çətinlik çəkirdik, indi isə bu fənn 30-dək universitetdə tədris olunur. Osaka Universitetindən özləri müraciət ediblər ki, sosial və siyasi elmlər nəzdində Azərbaycan modeli öyrənilsin. Bizdən material, müəllim istəyir, orada treninqə başlayırlar. Bu yaxınlarda Yaponiyadan 22 tələbə gəlmişdi, tədqiqat işləri aparmaq istəyirlər. İtaliyanın 7 universiteti eyni zamanda müraciət etdi. Hətta “Azərbaycan multikulturalizmi” fənninə kredit ayrıldı. Əvvəllər seçmə fənn idi, istəyən oturub dinləyə bilərdi. İndi isə kredit verirlər, əgər bu fənni dinləyirsənsə, diplom işinin müdafiəsində üstünlüyə malik olacaqsan.

Fuad Babayev: Kütləvi informasiya vasitələrinin Azərbaycanın bu reallığının translyasiyasında müstəsna rolu var. “Mətbuatda multikulturalizm” kitabını Niyaz müəllim bizə hədiyyə etdi. Gəlin elə Niyaz müəllimi dinləyək.

Niyaz Niftiyev: Əliheydər müəllim və Rəvan müəllim dövlətin bu sahədəki fəaliyyətindən, xüsusilə Bakı Multikulturalizm Mərkəzinin yaranmasından danışdılar. Azərbaycan tarixən multikultural dövlət olub. Amma Azərbaycan multikulturalizmi bugünkü kimi ətraf aləmə yayılmayıb. Sovet dövründə Azərbaycanda yaşayan xalqları sovet alimləri, xüsusilə də 1920-ci illərdə Azərbaycan Tədqiq və Tətöbbö Cəmiyyəti milli azlıqları öyrənib və tədqiqatlar Rusiya Elmlər Akademiyasının bülletenlərində çap olunub. Biz o tarixi materialları araşdırarkən, daha çox bu xalqların təsərrüfat həyatı, sənətkarlıq nümunələri, sayları və məişət həyatları haqqında məlumat əldə edə bildik. Amma mən qeyd edim ki, sovet dövründə udinlərin erməniləşdirilməsi, ingiloyların gürcüləşdirilməsi problemləri var idi. Belə ki, erməni alimləri udinlərin öz törəmələri olduqlarını iddia edir, gürcülər isə ingiloyların gürcü olduqlarını bildirirdilər. Müstəqilliyin ilk illərində Azərbaycanda baş verən hadisələr təəssüf ki, milli məsələni arxa plana saldı. Və qısa zamanda bunun əziyyətini də çəkdik. 1992-1993-cü ildə idarəçilik sistemində buraxılmış ciddi nöqsanlar üzündən Rusiya Federasiyasında çox qısa müddətdə qeydiyyatdan keçmiş “Sadval” təşkilatı fəallaşdı və Azərbaycanın şimal rayonlarına iddia etdi, “Talış-Muğan Respublikası” kimi qondarma qurumun yaradılmasına təşəbbüs göstərildi. Lakin Heydər Əliyevin qətiyyətli addımları sayəsində bütün bu problemlər aradan qaldırıldı. Heydər Əliyev Azərbaycan multikulturalizminin Azərbaycançılığın tərkib hissəsi kimi öyrənilməsinə stimul verdi. Əslində Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü il ağır dövr idi – ölkə büdcəsi boş idi, müharibə gedirdi, vətəndaş müharibəsi başlamışdı. Bunula belə Heydər Əliyev dərhal Azərbaycanda yaşayan milli azlıqların inkişafı, onların dillərinin, mədəniyyətlərinin qorunması üçün vəsait ayırdı. Onların milli mədəni mərkəzlərinin qeydiyyatdan keçirilməsinə başlandı. 1995-1996-cı illərdə həmin milli-mədəniyyət mərkəzləri üçün ofislərin alınması, onların media orqanlarının buraxılması üçün böyük vəsait ayrıldı. Heydər Əliyev bilirdi ki, multikultural təhlükəsizlik Dağlıq Qarabağ problemindən ağırdır. Çünki Dağlıq Qarabağ problemi də separatizmin qaynaqlandığı yerdən başlanmışdı. Ona görə də talış separatizmi, şimalda ləzgi və avar separatizminə yol verilməməsi üçün bu addımlar atıldı. Hüquq-mühafizə orqanlarına tapşırıqlar verildi ki, milli əlamətinə görə hər hansı ayrı-seçkilik baş verməsin. Bu problemlərin qarşısının alınması üçün 1995-ci ildə Heydər Əliyev ləzgi ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Qeyd etdi ki, Azərbaycanda yaşayan bütün xalqlar azərbaycanlıdır. Beləcə Heydər Əliyev Azərbaycançılığın əhatə dairəsini genişləndirdi. Yalnız Azərbaycanda deyil, bütün dünyada yaşayan azərbaycanlıları bir çətir altında birləşdirdi. Azərbaycanla bağlı olan hər bir şəxsi, hər bir fərdi Azərbaycançılıq ideologiyasının daşıyıcısına çevirdi. Təbii ki, yalnız multikultural subyektlərə yaradılan şəraitlə kifayətlənilmirdi. İnstitutlar, dövlət müşavirliyi yaradıldı. 2014-cü ildə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi təsis olundu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Müasir dövr multikulturalimlə bağlı dövlət qurumlarının və instututlarının yaradılmasını zəruri edir. Azərbaycan hər beş ildən bir milli azlıqlarla bağlı görülən işlərlə əlaqədar Avropa Şurasına hesabat verir. Azərbaycan mediasının multikulturalizmə münasibəti həmişə müsbət olub. Hər hansı milli azlığa qarşı ayrı-seçkilik heç vaxt hiss olunmayıb. Araşdırma nəticəsində əldə etdiyimiz statiskadan da bunu görürük. Azərbaycandakı milli azlıqların yetərincə saytları var.

Rəvan Həsənov: Niyaz müəllimin dediyində həqiqət var. Amma burada bir çətinlik ondan ibarətdir ki, bəzən evdə qəzet buraxırlar. Məsələn, “Talış dili”. Bu dilin qrammatikasını bilən mütəxəssislərin sayı azdır. Bu adamlar da bir-birilərini inkar edirlər. Dilin bilicisi olan alimə bunu göstəririk, deyir ki, bu səhvdir və ona yol vermək olmaz. Başqa bir mütəxəssisə göstərirsən, o deyir ki, hər şey yaxşıdır və o, müsbət rəy verir. Bəzən elə bir məqamlar ortaya çıxır ki, onu tənzimləmək çətinləşir. Xüsusən sərhəd bölgələrində evlərdə qəzet buraxılır. Hansı maliyyə vəsaiti ilə buraxıldığı məlum deyil.

Niyaz Niftiyev: Gürcü dilində, ləzgi dilində Azərbaycan radiosunda verilişlər hazırlanır, çox yaxşı da alınır. Kütləvi informasiya vasitələri haqqında Dövlət Konsepsiyası 2008-ci ildə qəbul olundu və 5-ci maddəsində dövlətin bilavasitə maliyyə yardımı ayıracağı sahələr müəyyənləşdirilib. Onlardan biri də milli azlıqlardır. Hər il hər bir qəzet hər gün bir səhifə Azərbaycanda yaşayan milli və dini azlıqlarla bağlı material verməlidir. Mənim araşdırmalarıma görə, 10-dək qəzet hər gün milli azlıqlarla bağlı bir səhifəlik material hazırlayır. Eyni zamanda Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu hər il 3 dəfə müsabiqə elan edir. Orada da bir bənd milli-dini məsələlərə həsr olunur. Bu da Azərbaycanda milli-dini məsələyə kifayət qədər loyal münasibət bəsləndiyini göstərir. İctimai Televiziyada azsaylı xalqlarla bağlı departament var idi. Bu mövzuda 450-dək film çəkmişdilər. Milli azlıqların kompakt yaşadıqları bölgələrdə televiziya kanalları fəaliyyət göstərir. Milli Teleradio Şurası onların qarşısında milli və dini ayrı-seçkiliyə yol verməmək tələbi qoyub. Onların mədəniyyəti ən azı musiqi formasında təqdim edilməlidir. Bizim araşdırmalarımıza görə, 2008-2017-ci illərdə hər gün 50-dək qəzetdə milli azlıqlarla bağlı yazılar dərc olunub. Bir məsələni də mən xüsusi qeyd etmək istəyirəm. Biz birgə yaşayışın Azərbaycan modelindən danışırıq. Tutaq ki, İsveçdə   dil və təhsil modeli əsas götürülürsə, bizdə bütün komponentlər əsas götürülür – vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq, din, dil, mədəniyyət amilləri və s. Avropanın mərkəzində bu gün milli məsələ yetərincə gərgindir. Azərbaycanda yaşayan hər bir milli azlığın nümayəndəsi isə ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparıb. Vətənpərvərlik deyəndə bunu nəzərdə tuturuq. Dövlətçilik deyəndə separatist meyillərə qarşı bizimlə birləşmələrini nəzərdə tuturuq.

Fuad Babayev: Asəf müəllim, söz Sizindir.

Asəf Qənbərov: Azərbaycan multikulturalizmi ilə bağlı çox geniş məlumat verildi. Eyni məsələləri təkrarlamaq istəməzdim. Düşünürəm ki, Azərbaycanda multikulturalizm modelini dünyada təsbit olunan siyasi nəzəriyyə və yaxud siyasət fəlsəfəsindəki modellərlə müqayisə etmək lazımdır. Multikulturalizm həm Azərbaycanda, həm də dünyada çox aktual məsələdir, çünki birbaşa cəmiyyət müxtəlifliyini tənzimləmə, bu müxtəlifliyi rədd etməyərək, onu idarə etməklə bağlı yeni bir siyasətdir. Düzdür, tarixdə hər zaman milli, dini, etnik müxtəliflik olub. Amma imperiyalarda bu fərqli şəkildə tənzimlənirdi. Millət və dövlətlər yaranandan sonra isə yeni bir fenomen – assimilyasiya prosesi başladı. Bu gün, liberal siyasətin hökm sürdüyü dünyada isə mədəni azlıqlar tanınır. Multikulturalizm də müxtəlifliyin qorunub saxlanması və inkişaf etdirilməsi ilə əlaqəli siyasətdir. Dünyada bunun bir neçə modeli var. 1. Kommunitarian multikulturalizm; 2. Liberal multikulturalizm. Bu iki multikulturalizm arasında müqayisə apardıqdan sonra onları Azərbaycan multikulturalizmi ilə tutuşdurmaq lazımdır ki, bizdəki siyasət bunların hansına uyğundur və nə üçün onu seçməliyik. Öncə kommunitarian multikulturalizmin nə olduğunu araşdıraq. Kommunitarian multikulturalizm birbaşa olaraq etnik və milli azlıqların hüquqlarının qorunmasının daha da inkişaf etdirilməsini nəzərdə tutur. Kommunitarian multikulturalizm əsasən Kanadada, Kvebekdə tətbiq edilir. Orada frankofonlar yaşayır və rəsmi dilləri fransız dilidir. Ana dili fransız dili olan bir icmada ailə uşağını ingilisdilli məktəbə qoyarkən məhdudiyyətlə qarşılaşır. Çünki kommunitarian multikulturalizmə görə, əgər icma daxilində milli hüquqlar müdafiə edilməsə, icma yox ola bilər. Bu siyasətin əsas əlaməti odur ki, kollektiv hüquqlar fərdi hüquqlardan daha üstündür.  ABŞ, Avstraliya və Kanadada bunun örnəklərinə rast gələ bilərik. Burada icmanın davranışından fərqli davranış sərgiləyən şəxs icmadan xaric edilə bilir və icma daxilindəki bütün haqqlarını, mülki hüquq da daxil olmaqla, itirir. Məhkəməyə müraciət edəndə kommunitarian multikulturalizmin bir elementi olduğundan, onun hüquqları təmin edilmir. Çünki icmanın hüquqları ön plana çəkilir. Azərbaycanda isə istər etnik, istərdə də dini azlığın hüququ qorunur, amma fərdi hüquqlar hər zaman üstün tutulur. Bu da daha çox liberal multikulturalizmə aid olan siyasətdir. Liberal multikulturalizm də ilk dəfə Kanadada irəli sürülüb.

Fuad Babayev: Gəlin, İlkin müəllimi də dinləyək.

İlkin Əlimuradov: Bizim üçün bu tədbirdə iştirak etmək böyük qürur və fəxrdir. Həqiqətən də Ümmulli Lider Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik dövründə milli-mənəvi dəyərlərin qorunmasına və təbliğ olunmasına çox böyük zəhmət sərf edib. Məndən əvvəl danışanları böyük maraqla dinlədim. Etiraf edim ki, mənim üçün də maarifləndirici bir tədbir oldu. Çünki bilavasitə bu sahə ilə məşğul olan mütəxəssislər öz fikirlərini söylədilər. Mən təhsilimlə əlaqədar 5 ilə yaxın İraqda yaşamışam. 1990-cı illərdə İraqın vəziyyəti ağır idi, ölkə bir neçə müharibədən çıxmışdı. Bağdadda hər kəs yeni müharibənin başlayacağı gözləyirdi. Hətta bir neçə dəfə Bağdadı bombalamışdılar. Orada iraqlı bir vətəndaşın dilindən belə bir söz eşitdim: “Biz bu dağılan küçələri, binaları, məscidləri yenidən bərpa edəcəyik, amma bu mühariblər milli-nəvi dəyərlərimizə zərbə vurub, iraqlı kimliyimizi əlimizdən alıb, onu heç vaxt bərpa edə bilməyəcəyik”. Sağlam düşüncəli, müdrik iraqlılar bunun fərqinə varmışdılar. Mən bu misalı nə üçün çəkirəm? Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra atdığı mühüm addımlardan biri atəşkəsə nail olmaq idi. Atəşkəsin imzalanması ilə o, bizim milli-mənəvi dəyərlərimizə böyük töhfə verdi. İraqda iki yaşayış məntəqəsi var – Ərzəniyyə və Kazımiyyə. Birində İslamın sünni, o birisində isə şiə məzhəbinə mənsub olan insanlar yaşayır. Orada olduğum müddətdə bu məntəqələrdə yaşayanların biri-biriləri ilə ədavət apardıqlarının şahidi olmadım. Lakin müharibə başlayandan sonra mətbuatdan oxudum ki, bu məntəqədə yaşayanlar artıq biri-birlərinə düşmən müasibət bəsləyirlər. Hətta belə bir təklif olunmuşdu ki, onların düşmənçiliklərinin qarşısını almaq üçün aralarından hasar çəkilsin.

Aqil Şirinov: Mən bu tarixi araşdırmışam. Əslində bu hadisənin tarixi kökləri var. Bizdə isə bu cür hadisələr ola bilməz, çünki tarixi təməlləri yoxdur.

İlkin Əlimuradov: Mən demək istəyirəm ki, məhz müharibə birgə yaşayış qaydalarına əməl edən bu insanların arasına ədavət saldı. Tolerantlıq, multikulturalizm və İslam həmrəyliyi bir-birini tamamlayan formalardır və Azərbaycanın daxili siyasətində öz əksini tapıb. Bu həm də cəmiyyətin müxtəlif təbəqələinin birgə yaşayışı üçün münbit şərait yaradır. Qeyd olundu ki, Azərbaycanda multikultural ənənə keçmişdən mövcuddur. Ancaq müasir mərhələdə biz multikulturalizmin bir siyasətə çevrildiyinin şahidiyik. Ölkəmizdə də bu siyasət uğurla həyata keçirilir. Ulu Öndərin başladığı siyasət cənab Prezident tərəfindən uğurla davam etdirilir. Bu siyasətin təbliğ olunması isə hər bir azərbaycanlının borcudur.

Hazırladı: Gündüz Nəsibov, 1905.az

 

***

Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalında keçirilən diskussiyalar silsiləsindən “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda ikinci söhbət sentyabrın 12-də baş tutdu.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev birgə tədbir barəsində iştirakçılara ətraflı məlumat verdi və qonaqları təqdim etdi. F.Babayev söhbətin devizini – Heydər Əliyevin “Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır” sözlərini xatırlatdı və iştirakçıları müzakirələrdə fəal olmağa çağırdı.

Azərbaycan Respublikası Prezidenti Administarasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov Azərbaycanda multikulturalizm dəyərlərinin formalaşmasında ümummilli liderimiz Heydər Əliyevin rolundan danışdı. Prezident Administrasiyasının rəsmisi bu gün həmin ənənənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı və ölkə ərazisindəki məscid, kilsə və sinaqoqların bərpasında Heydər Əliyev Fondunun xidmətlərini qeyd etdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanı bu gün dünyada multikultural dəyərlərin vətəni kimi xarakterizə etdi. R.Həsənov Azərbaycanın multikultural dəyərlərinin xarici mütəxəssislər tərəfindən dərindən öyrənildiyini və digər ölkələr üçün tövsiyə edildiyini bildirdi.

Azərbaycan İlahiyyat İnstitutunun nümayəndəsi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycanda multikulturalizmin tarixindən və bugunkü vəziyyətindən danışdı.

“Azadinforma” İnformasiya Agentliyinin baş redaktoru, “Azərbaycanda birgə yaşayış və multikulturalizm”, “Mətbuatda multikulturalizm” kitablarının müəllifi Niyaz Niftiyev multikultural təhlükəsizliyin təmin edilməsində Heydər Əliyevin rolundan və mətbuatda multikulturalizm problemindən bəhs etdi.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qəmbərov dünyada tətbiq olunan multikulturalizm modelləri barəsində məlumat verdi və Azərbaycan multikulturalizminin özəlliklərini qeyd etdi.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov müharibə və milli kimlik probleminə toxundu.

Tədbirdə həmçinin Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşları Gündüz Nəsibov və Təmkin Məmmədli, Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları Şəms Bağırova və Ayşən Hüseynova iştirak edirdi.