az|en|ru

“Azərbaycan bayrağı İst-River sahilində” kitabının təqdimatı olmuşdur


scotch egg
temp-thumb
 
 
 
 
 
 
Sentyabrın 29-da "Excelsior" mehmanxanasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə ithaf etdiyi yeni nəşrinin - "Azərbaycan bayrağı İst-River sahilində" kitabının təqdimat mərasimi olmuşdur.

Kitab oxuculara Azərbaycan və ingilis dillərində tam mətn, Çin, fransız, ispan, rus və ərəb dillərində isə qısa xülasə ilə təqdim olunur. Nəşrdə ölkəmizin BMT ilə əlaqələrindən və qəbul olunmuş mühüm sənədlərdən də söhbət açılır.

Mərasimdə çıxış edən mərkəzin rəhbəri Fuad Babayev, akademik Asəf Nadirov, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının ictimai əlaqələr və informasiya şöbəsinin müdiri Fərqan Abbaszadə kitabın əhəmiyyətindən danışmış, onun Heydər Əliyev irsinin öyrənilməsində mühüm mənbə olacağını vurğulamış, Azərbaycanın BMT ilə münasibətlərindən bəhs etmişlər.

Vurğulanmışdır ki, ilk dəfə olaraq məhz ulu öndər BMT-nin tribunasından Azərbaycanın haqq səsini dünyaya çatdırmışdır və bu fikirlər indiyədək aktual olaraq qalır. Bu kitab elmi araşdırmalar və diplomatiyamızın uğurlarının öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Kitabda ulu öndər Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu, 50-ci sessiyalarındakı və Nyu-Yorkda Minilliyin zirvə görüşündəki çıxışları yer almışdır. Həmçinin, kitaba Prezident İlham Əliyevin BMT Baş Məclisinin 58-ci, 59-cu sessiyalarındakı nitqləri, BMT-nin proqram, agentlik və fondlarının rəhbərləri ilə görüşlərinin mətni daxil edilmişdir.

Bundan əlavə, kitabda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ona YUNESKO-nun xoşməramlı səfiri fəxri adının verilməsi mərasimindəki və BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında "Azərbaycan otağı"nın açılışındakı çıxışları da yer almışdır.

Ümumiyyətlə, 64 sənədin, sözügedən çıxış və görüşlər zamanı çəkilmiş 50-dən çox fotosənədin, BMT-Azərbaycan münasibətlərinin şərh olunduğu tarixi arayışın, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin daxil edildiyi kitab qiymətli mənbədir.

Kitabda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) rəsmi saytının materiallarından da istifadə olunmuşdur.

AzərTAc