az|en|ru

"Azərbaycan İslam Konfransı Təşkilatı Sıralarında" kitabı sanballı və dəyərli mənbə rolunu oynayacaqdır


scotch egg
temp-thumb
 
 
 
 
 
 
AzərTAc xəbər verir ki, mayın 6-da "Park İNN-Azərbaycan" mehmanxanasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr olunmuş "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" kitabının təqdimat mərasimi keçirilmişdir.

Mərkəzin rəhbəri Fuad Babayev bildirmişdir ki, qurum 2004-cü il mayın 10-dan fəaliyyət göstərən və ötən dövr ərzində dünyanın 200-ə yaxın ölkəsində yüz minlərlə oxucunun tanış olduğu "Heydər Əliyev irsi" adlı beynəlxalq elektron kitabxananın əsasında yaradılmışdır. Mərkəz ümummilli liderimizin zəngin həyat yolunu, çoxşaxəli fəaliyyətini, xarici və daxili siyasətini, dövlət quruculuğu istiqamətində həyata keçirdiyi işləri təhlil etmək sahəsində fəaliyyət göstərir.

F.Babayev kitabın mövzusunun təsadüfən seçilmədiyini vuğulamışdır. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, "Ötən dövr ərzində İslam Konfransı Təşkilatı dünya siyasətinin mühüm amilinə çevrilmişdir, müasir dünyanın qlobal və regional problemlərinin həllinə sanballı təsir göstərir".
 
Azərbaycan 1991-ci ildən üzvü olduğu İslam Konfransı Təşkilatı (İKT) ilə sıx əməkdaşlıq edir. İKT Azərbaycana münasibətdə, xüsusilə ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə düzgün mövqe tutmuş, problemin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həllinə dair bir sıra mühüm qərar və qətnamələr qəbul etmiş, ölkəmizin ədalətli mövqeyini daim dəstəkləmişdir.

Vurğulanmışdır ki, İKT-nin qətnamələri Azərbaycan üçün yalnız siyasi əhəmiyyət daşımır. Respublikamıza müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və digər yardımın böyük bir hissəsi İKT konfranslarının qəbul etdiyi həmin mühüm sənədlər əsasında həyata keçirilir. Bu baxımdan İKT-nin mövqeyini nümunə hesab etmək olar. İstər Birləşmiş Millətlər Təşkilatında, istərsə də digər beynəlxalq təşkilatlarda müxtəlif məsələlərlə bağlı səsvermələr zamanı İKT üzvü olan ölkələr Azərbaycanın mövqeyini daim müdafiə edirlər.

Mərasimdə çıxış edən akademiklər Asəf Nadirov, Teymur Bünyadov, Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Cavanşir Axundov və başqaları qeyd etmişlər ki, fəaliyyətinin mühüm istiqamətlərindən biri də kitab nəşri olan Mərkəzin daha öncə nəşr etdirdiyi ümummilli lider Heydər Əliyevin əsərlərindən ibarət "Sabaha doğru", "Heydər Əliyev: biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabları, eləcə də "İlham Əliyev: Azərbaycanıma inanıram" kitabı oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

Qeyd edilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətinin elmi əsaslarla öyrənilməsi, Azərbaycan xalqının milli sərvəti, tükənməz xəzinəsi olan siyasi irsinin araşdırılması son dərəcə böyük nəzəri və praktik əhəmiyyətə malikdir. Bu baxımdan Mərkəzin yeni nəşri - "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" kitabı həmin təşkilatla ölkəmizin əlaqələri haqqında yeni, sanballı və dəyərli əsər kimi yüksək qiymətləndirilməlidir.

Kitabda ümummilli lider Heydər Əliyevin İKT-nin Kasablanka və Tehran zirvə görüşlərindəki çıxış və müsahibələri, Prezident İlham Əliyevin Məkkə zirvə görüşündəki və İKT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasındakı çıxışları yer almışdır. Kitab Azərbaycan dili ilə yanaşı, İKT-nin işçi dillərində - ingilis, fransız və ərəb dillərində nəşr olunmuşdur.

AzərTAc