az|en|ru

Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı


Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı

Dekabr ayının 11-də Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev, RİH başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

İlk öncə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının binasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr edilmiş kitablara baxış keçirildi. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı nəşr olunmuş kitablar haqqında məlumat verdi. Daha sonra YAP Binəqədi Rayon Təşkilatının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül qoyuldu.

Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının böyük akt zalında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı “Nurlu ömrün anları” bədii kompozisiyasının nümayişi ilə davam etdirildi.

Kompozisiyanın ardınca Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev çıxış edərək Ümummilli Liderin irsinin təbliğindən bəhs etdi.

Çıxışına Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan, Ulu Öndərin keçdiyi mənalı ömür yolu, Azərbaycan dövlətçiliyi və xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Heydər Əliyevin bütün sahələrdə silinməz iz qoyduğunu diqqətə çatdırdı. O vurğuladı ki, Heydər Əliyev məhz memarı və qurucusu olduğu Azərbaycan dövlətinə hər sahədə verdiyi töhfələrə görə xalqın qəlbində milli liderlik məqamına yüksəlmişdir.

Sonda teatrın kollektivi ilə xatirə şəkli çəkdirildi.