az|en|ru

İlham Əliyevin mətbuat günündəki çıxışı ilə bağlı kitabı nəşr olunub


Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzeti "İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram" adlı kitab nəşr edib.

"Media forum" saytının məlumatına görə, kitabda prezident ilham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barədə sərəncamından iyulun 22-nə - mətbuat gününə qədər dövlət səviyyəsində görülmüş tədbirlər Azərbaycan və ingilis dillərində oxuculara çatdırılır.

Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi Prezident Administrasiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

İlham Əliyev milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barədə sərəncamı 2010-cu il iyunun 10-da imzalayıb. Sərəncamda göstərilənləri yerinə yetirmək üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirlər planını təsdiqləyib, həmin tədbirlərdən 6-sı Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran və Xaçmazda baş tutub, sonuncu tədbir isə iyulun 22-də "Gülüstan" sarayında keçirilib.

Dövlət başçısının iyulun 22-də imzaladığı sərəncamla 38 nəfərə "Əməkdar jurnalist", 15 nəfərə "Əməkdar mədəniyyət işçisi", 1 nəfərə "Əməkdar mühəndis" fəxri adları verilib, eyni zamanda 38 nəfər "Tərəqqi" medalı ilə təltif edilib.

Ilham Əliyevin iyulun 22-də imzaladığı daha bir sərəncama əsasən isə Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan 1 milyon manat məbləğində vəsait ayrılıb.

Bundan başqa, prezident jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilməsi üçün də sərəncam imzalayıb. Həmin sərəncamla Prezidentin Ehtiyat Fondundan KiV-in inkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat maliyyə vəsaiti ayrılıb.