az|en|ru

"İlxam Aliyev: Ya veryu v moy Azerbaydjan" və "İlham Əliyev Azərbaycanıma inanıram"


 30 oktyabr 2007-ci ildə Bakı şəhərində "Hyatt Regency" otelinin İclas və Konfrans Mərkəzində "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının təşkilatçılığı ilə tanınmış rusiyalı yazıçı-publisist, beynəlxalq icmalçı Mixail Ozerovun "İlxam Aliyev: Ya veryu v moy Azerbaydjan" və "İlham Əliyev: Azərbaycanıma inanıram" kitablarının təqdimat mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarına, müsahibələrinə əsaslanan müəllif kitabda onun adından həyatı, ailəsi, ölkəsi, şahidi və iştirakçısı olduğu hadisələr, beynəlxalq siyasətdə baş verən ziddiyyətli proseslər, Azərbaycan həqiqətləri haqqında canlı, parlaq və obrazlı dildə danışır. Kitabda həmçinin cəmiyyətdə tanınmış şəxslərin rəylərindən, müxtəlif hadisələrin şahidlərinin fikirlərindən və mətbuatdan çıxarışlardan da istifadə olunmuşdur. "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası müəllifə materiallar təqdim etməklə, onların seçilməsində iştirak etməklə kitabın ərsəyə gəlməsində yardımçı olmuşdur.
 
Dövlət rəsmilərinin, Milli Məclis üzvlərinin, xarici qonaqların, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri təqdimat mərasimini giriş sözü ilə "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının icraçı direktoru Fuad Babayev açmışdır. Kitabın müəllifi M.Ozerov kitab üzərindəki işindən bəhs etmişdir. Daha sonra çıxış edən rusiyalı qonaqlar – Rusiya Jurnalistlər İttifaqının sədri V.Boqdanov, "Obozrevatel" jurnalının baş redaktoru V.Ştol, tanınmış telejurnalist A.Karaulov, eləcə də Mili Məclisin üzvləri M.Ələsgərov, F.Heydərov, Z.Səmədzadə, R.Hüseynov, Azərbaycan Respublikasının təhsil naziri M.Mərdanov, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini X.Xələfov, kitabın Azərbaycan dilinə tərcüməsinin müəllifi R.Əskər, Azərbaycan Prezidentinin təhsil aldığı 6 saylı məktəbin müəllimi E.Kazımova, Yeni Azərbaycan Partiyasının fəalı Ş.Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü T.Hacıyev, "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası Redaksiya Heyətinin üzvü, professor Asif Hacıyev çıxış edərək kitabın əhəmiyyəti, müasir Azərbaycanın inkişaf yolu haqqında danışıblar.