Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə tədbir keçirib

Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalında keçirilən diskussiyalar silsiləsindən “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda birinci diskussiyamız oldu.

Diskussiyanın moderatoru Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev idi. Diskussiyada Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Aİİ-nin müəllimləri – dosent Elvüsal Məmmədov, dosent Anar Qafarov, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev iştirak edirdi.

Fuad Babayev: Ceyhun müəllim, bu günkü söhbətimizin mövzusu məhz rəhbərlik etdiyiniz ali məktəbin fəaliyyəti profili ilə bağlıdır. Ona görə də istərdik ki, ilk giriş sözünü də elə Siz edəsiniz. Sonra isə müzakirələrə başlayaq.

 

Ceyhun Məmmədov: Mən öncə, Fuad müəllim, Sizin şəxsinizdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinə əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Müxtəlif sahələr üzrə çalışan qurumlarla biz əməkdaşlıq etmək istəyirik. Bilirəm ki, bu sahədə Sizin təşkilatınız da çox fəaldır, müxtəlif tədbirlər keçirirsiniz. Sosial şəbəkələrdən mən də bu barədə məlumat alıram. Düşünürəm ki, birgə əməkdaşlığımız da məhz ümumi işin xeyrinə olacaq. Həm sizin təşkilatınızın, həm də bizim institutumuzun əsas vəzifələrindən biri insanları maarifləndirmək, müxtəlif mövzularda araşdırmalar aparmaqdır. Dini təhsil məsələsi bu gün Azərbaycanda ən vacib dini məsələlərdəndir. İnsanlara dini bilgilərin verilməsi, onların bu mövzu ilə bağlı məlumatlandırılması çox vacibdir. Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da orta məktəblərdə dini təhsilin zəruriliyi ilə bağlı fikirlər səsləndirib. Bu gün cəmiyyətdə bəzi insanların radikallığa yuvarlanması, zərərli fikirlərin yayılması ilə tez-tez rastlaşırıq. Ona görə də hesab edirik ki, insanları zərərli yollardan və fikirlərdən qorumağın ən optimal yollarından biri maarifləndirmədir. Təcrübə göstərir ki, bu cür diskussiyaların, tədbirlərin təşkil edilməsi inzibati yoldan daha effektiv vasitədir. Biz ideologiyanın qarşısına ideologiya ilə çıxmalıyıq. Bəzən inzibati üsullar bu baxımdan əks-təsir verir. Bu baxımdan da mən bizim tədbirimizi əhəmiyyətli hesab edirəm. Tədbirlərimiz ilboyu davam edəcək. Mən bu tədbirimizə uğurlar diləyirəm və ümidvaram ki, bu diskussiyaların hər biri uğurlu olacaq. Bu gün də diskussiyamızda bu sahəni kifayət qədər yaxşı bilən həmkarlarımız iştirak edir. Elə bu faktın özü də tədbirimizin uğurlu və səmərəli alınacağına ümidimizi artırır.

Fuad Babayev: Mən bizim bu günkü tədbirimizin şüarını səsləndirmək istəyirəm. Bu fikri ümummilli liderimiz Heydər Əliyev 29 iyul 1998-ci ildə Ukrayna kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə səsləndirib: “Uşaqlar məktəblərdə din haqqında, onun tarixi, əhəmiyyəti haqqında məlumat almalıdırlar”. Elə müzakirəmizi də bu fikir ətrafında qurmaq istərdik.

Nahid Məmmədov: Əslində bu ideya müstəqilliyin ilk illərindən mövcuddur. Təəssüf ki, dini təhsil Azərbaycanda ənənəsi qopan sahələrdəndir. Müstəqillik illərində dini azadlığımıza qovuşduğumuz zaman bu boşluğu daha çox hiss etməyə başladıq. Dövlət rəhbərliyinin və ümummilli liderimizin diqqət mərkəzində olan din sahəsindəki boşluq onun da marağına səbəb olmuşdu. O, yaxşı bilirdi ki, dini təhsil olmadan dini kadrların yetişdirilməsi mümkün deyil və insanların dini inanclarının müvafiq şəkildə həyata keçirilməsi çətindir. Dini təhsil ideyası çoxdan mövcud idi, lakin təəssüflər olsun ki, onu həyata keçirmək üçün fiziki imkanlar məhdud olub. Çünki qeyd etdiyim kimi, dini təhsil sahəsində Azərbaycanda digər sahələrlə müqayisədə çox boşluqlar olub. Sovet dövründə bu sahədə işlər görülməsinə imkan verilməyib. Təbii ki, belə bir şəraitdə istər orta məktəb, istərsə də ali məktəb şəraitində dini təhsil problematik məsələyə çevrilmişdi. Amma tədricən bu istiqamətdə işlər görülməyə başlandı. 1980-ci illərin sonlarında Qafqaz Müsəlmanları İdarəsi nəzdində islam mədrəsəsi fəaliyyətə başladı. Sonradan mədrəsənin bazasında Bakı İslam Universiteti yaradıldı və indi də fəaliyyətdədir. Amma o yetərincə fəaliyyətini təmin edə bilməyən bir qurum oldu. Çünki ənənələr üzərində qurulmuşdu, dərs deyənlər isə xaricdə təhsil almış, bu və ya digər dərəcədə sovet dövründə dini inanclarını qoruyub saxlayan insanlardı. Kadr problemi burada da özünü açıq şəkildə biruzə verirdi. Lakin Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlaması, xaricdə kifayət qədər mütəxəssisin tədris alması müasir şəraitdə yeni zərurəti meydana çıxardı. Azərbaycan dövləti öz ali dini təhsil müəssisəsini yaratmaqla yanaşı, ibtidai siniflərdən başlayaraq dini bilgilərin verilməsi prosesinə də başlamalıdır. Bu gün də qarşımızda duran əsas problemlərdən biri kadr problemidir. Düşünürük ki, yaxın gələcəkdə Təhsil Nazirliyinin tədris etdiyi dərs vəsaitlərinin içində dinlə bağlı materialların həcmini çoxaldaraq, ilkin dini təsəvvürlərin yaradılmasına başlanılacaq.

Fuad Babayev: Nahid müəllim, yəni söhbət ayrıca dərslikdən yox, mövcud dərsliklər çərçivəsində müvafiq bölmələrin artırılmasından gedir?

Nahid Məmmədov: Birincisi, “Həyat bilgisi” dərsliyindəki dini mövzuların genişləndirilməsi, ikincisi də ayrıca fakultətiv məşğələlərin təşkil olunması, könüllü şəkildə şagirdlərə müəyyən dini biliklərin verilməsi təklif olunur. Bunlar hələlik yalnız istəkdir, qərar hələ verilməyib. Ola bilər ki, format dəyişikliyi də olsun.

Ceyhun Məmmədov: Bir neçə gün əvvəl Mübariz müəllim də mətbuatda bəyanat verdi, ümumiyyətlə, yanaşma ondan ibarətdir ki, bu gün dünyanın müxtəlif bölgələrində din ayrıca bir fənn kimi tədris olunur. Azərbaycanda bu mövzu Nahid müəllimin dediyi kimi “Həyat bilgisi” dərsliyində verilirdi. Müxtəlif dərsliklərin içərisində bu mövzu ilə bağlı müəyyən müzakirələr gedir. Amma ümumi mövqe belədir ki, bu, ayrıca bir fənn olmalıdır. Həmin fənndə şagirdlərə dinlər haqqında məlumat verilməlidir ki, gələcəkdə özlərini zərərli təsirlərdən qoruya bilsinlər. Təcrübə göstərir ki, insanlar zərərli ideologiyalara daha çox məlumatsızlıqdan və savadsızlıqdan qoşulurlar. Müəyyən insanlar ibadət qaydalarını öyrənmək istəyəndə gedib belə ideologiyanın daşıyıcılarına qoşulurlar. Ona görə də din haqqında gənclərə əvvəlcədən müvafiq bilgilərin verilməsi çox vacibdir. Biz hiss edirik ki. bu gün müəyyən zərərli cərəyanlar, təlimlər məktəbliləri də öz əhatə dairələrinə salmaq, cəlb etmək üçün çox çalışırlar. Onun qarşısını almaq üçün Təhsil Nazirliyi ilə birgə iş aparılır, müxtəlif dövlət orqanları ilə məsləhətləşmələr gedir. Mən hesab edirəm ki, məktəblərdə dini bilgilər ayrıca fənn kimi tədris olunmalıdır.

Elvüsal Məmmədov: Bu gün çox aktual və mühüm mövzunun müzakirəsi üçün toplaşmışıq. Azərbaycanda dini təhsil məsələsi çox aktual mövzudur. Həm daxili gerçəklik, həm də dünya təcrübəsi bu mövzu üzərində düşünməyi tələb edir. İslam dini Azərbaycan reallığında özünü isbat etmiş dindir. Bizim İslamla əlaqəmiz sadəcə olaraq bir neçə əsrlik əlaqə deyil. On əsrdən çoxdur ki, biz İslamla iç-içəyik və bu din bizə artıq doğmalaşıb. Tariximizə nəzər salsaq, başımızı ucaldan bütün dahilərimizin həyatında və yaradıcılığında din var. Nizami, Füzuli, Xaqani, Bəhmənyar, Bakıxanov, Zərdabi, Ağaoğlunu dindən kənar təsəvvür edə bilmirik. Mən hələ din xadimlərindən, Azərbaycanda meydana çıxan təriqətlərin əsas təmsilçilərindən danışmıram. Xaqımızın bütün töhfələrində sanki İslamın bir növ xeyir-duası var. Bu baxımdan Azərbaycanda həm keçmişə bağlılığımızı təmin etmək, həm də milli-mənəvi kimliyimizin daha da bütövləşməsi üçün övladlarımıza məktəbdə bu dinin əsas elementlərinin öyrədilməsi vacibdir. Bu günkü görüşümüzün devizi olan ümummilli liderimizin söylədikləri sadə bir cümlə deyildi. Bu, Azərbaycan reallığını duyan bir insanın ifadəsidir. O şey ki, tariximizlə bağlıdır, gənclərimizə istiqamət verir, onun sağlam əsasda tədris olunması çox vacibdir. İstəyimizdən asılı olmadan Azərbaycanda dindarların sayı artır. Bu bizi narahat eləməməlidir. Bizi daha çox dinin necə yayıldığı, dindarlaşmanın necə getməsi narahat etməlidir. Onu sağlam bünövrə üzərində aparmaq lazımdır. İnsanın formalaşmasında, onun dünyaya baxışının təşəkkül tapmasında ən mühüm mərhələ uşaqlıqdır. Ona görə də zənnimcə, Azərbaycanda ayrıca din fənninin tədris olunması çox vacibdir. Hətta mənə elə gəlir ki, biz bir qədər də gecikmişik. Suriya hadisələri başlayanda Azərbaycanın müxtəlif bölgələrindən gənclər həmin ölkəyə getdilər və ucuz ideologiyanın qurbanı oldular. Bu hadisə ölkəmizin özündə də bəzi ünsürlərin fəallaşmasına səbəb oldu, dinin özünün də rədd etdiyi məzhəbçilik qabardı. Dini dəyərlərimizin sağlam əsasda, həm xurafatdan, mövhumatdan, həm də radikalizmdən uzaq şəkildə məktəb şagirdlərinə aşılanması lazımdır. Biz bu işi düzgün əsasda aparmasaq, acınacaqlı nəticələrlə üzləşə bilərik. Orta məktəb şagirdlərində bizim milli kimliyimizlə üst-üstə düşməyən əxlaqsız davranışlar, zərərli vərdişlərə erkən yaşlarda aludəçilik kimi hallara tez-tez rast gəlinir. Din, mənəvi dəyərlər bu halların qarşısının alınmasında bizə kömək edə bilər. Orta məktəblərdə dinin tədrisi, ali məktəblərdə onun akademik şəkildə öyrənilməsi prosesini asanlaşdıracaq. Təsəvvür edin, ali dini məktəbə daxil olan tələbə heç kəlimeyi-şəhadətini bilmir, adi dini bilikləri də yoxdur. Beləcə ali məktəb akademik təhsil vermək yerinə, ən ibtidai bilgiləri öyrətmək məcburiyyətində qalır. Beləliklə, dini kadrların hazırlanması ləngiyir və istənilən səviyyədə getmir. Dini proseslərə sağlam istiqamət verə biləcək kadrların yetişdirilməsi isə dövlətin marağındadır. Əminəm ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da bu istiqamətdə atılmış addımdır.

Fuad Babayev: Azərbaycanda kifayət qədər xristianlar, yəhudilər də yaşayır. Anar müəllim, təklif olunan dərslik Azərbaycanın yəqin ki, bütün dini palitrasını əks etdirməlidir, elə deyilmi?

Anar Qafarov: Bu məsələ bizim milli mövcudluğumuz, milli təhlükəsiliyimiz baxımından çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanda orta məktəblərdə dini tədrisin təşkil olunması ehtiyacı qonşu dövlətlərdə bu məsələyə əhəmiyyət verildiyinə görə yaranmayıb. Biz ilk növbədə yaşadığımız cəmiyyətdəki problemlərin xəritəsinə nəzər salmalıyıq. Əvvəlcə belə bir sual verək: Nə üçün dini təhsil önəmlidir? Bu gün milli, ideoloji, mənəvi, sosial təhlükəsizlik sahəsində bəzi sıxıntılarımız var. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gənci Yaxın Şərqdəki hansısa bir hadisənin arxasınca gedir. Yəni bəzən dini kimlik milli kimliyin önünə keçir. Halbuki hesab edirəm ki, məktəblərdə dini bilgilər verilsə və həmin dərsliklər mütəxəssislər tərəfindən hazırlanmalı, işin ictimai, fəlsəfi, psixoloji tərəfləri əhatə olunmalıdır. Təhsildə milli identikliklə bağlı gözəl fikirlər təbliğ edilməlidir. Milli və dini kimliyimizin sahələri müəyyənləşdirilməlidir. Xaricə bağlı olan bəzi dini icmalar və qruplar müstəqil Azərbaycana hansısa şəkildə nüfuz edərək parçalamağa çalışırlar. Dini tədris içi boşaldılmış din məfhumlarının öz mahiyyətinə qovuşdurulmasına xidmət edəcək. Dini tədris milli mövcudluğumuz baxımından da önəmlidir. Dinin fərdin və cəmiyyətin həyatında mühüm yer tutduğunu nəzərə alsaq, bunu qulaqardına vurmaq olmaz. Din bizim istəyimizdən asılı olmadan mövcud olan fenomendir. İradəmiz xaricində mövcud olan bu fenomeni mənalandırmaq üçün dini təhsil zəruridir. ABŞ, Almaniya, İngiltərədə başqa dinlər seçmə şəkildə öyrədilsə də, hesab edirəm ki, bu mənada Azərbaycanın özünəməxsusluğu olmalıdır. Çünki Azərbaycandakı ənənəvi dindarlıq multikultural anlayışa əsaslanır. İslamın öz mahiyyətində də bu var. Məhəmməd peyğəmbərin (s.a.s.) həyatında da biz bunu görə bilərik. Bir gün səhabəsi ilə oturub, söhbətləşərkən, bir yəhudi cənazəsi keçir. Ayağa qalxır. Yanındakılar söyləyirlər: “O ki, bir yəhudi cənazəsidir”. Peyğəmbərin cavabı çox önəmlidir: “Canlı olması kifayət etməzmi?” Yəni insanı belə dəyərləndirən bir din təsəvvürü hesab edirəm ki, Azərbaycanın praktik həyatında və ənənəsində də özünü göstərir. Bunların hamısının öyrənilməsi üçün dini təhsil vacibdir. Məktəbdə yalnız İslamın deyil, bütün dinlərin öyrədilməsi vacibdir. Cəmiyyətdə din haqqında təsəvvürü olmayan birisini tez bir zamanda təsir altına salmaq və başqa məqsədlər naminə istifadə etmək mümkündür.

Ceyhun Məmmədov: Fuad müəllim, Siz aktual bir məsələyə toxundunuz. Həmin dərsliklərdə yalnız bir dinin təbliğindən söhbət getmir. Bu gün Azərbaycanda xristianlığa, yəhudiliyə mənsub insanlar da yaşayır. Ona görə də bu dərslikdə söhbət məhz dinlər haqqında ümumi təsəvvür yaratmaqdan gedir. Burada söhbət şəriət ehkamlarından getmir. Yalnız dinlər haqqında, zaman-zaman din daxilində ayrılmış məzhəblər, ehkamlar haqqında məlumat verilməlidir. Əsas məqsəd şagirddə ilkin “immunitet” yaratmaqdan ibarətdir ki, onlar sabah hansısa təbliğatçının təsiri altına düşməsinlər.

Fuad Babayev: Kövsər müəllim, Sizin fikirlərinizi dinləmək istərdik.

Kövsər Tağıyev: Mən cənab Prezidentimizin bir sözü ilə başlamaq istəyirəm ki, din bir ehtiyacdır. İnsanlara dini öyrətsəniz də, öyrətməsəniz də onlar bir inanca yönələcəklər, bir təmayülün arxasınca gedəcəklər. Bu təmayülü sadəcə doğru istiqamətləndirmək lazımdır. Ona görə də məktəblərdə din təhsili nə qədər tez başlansa, bir o qədər yaxşıdır. Son 25 ildə Azərbaycandan xaricdə dini təhsil alanların sayı inanılmaz dərəcədə çoxdur. Bu nədən irəli gəlir? Tarixi proses elə gətirib ki, bizim dini təhsil müəssisələrimiz ya zamanla öz funksiyasını itirib, ya da tamamilə ortadan qaldırılıb. Buna görə də insanlar dini təhsil ehtiyaclarını xaricdə qarşılamalı olublar. Fransız inqilabına qədər xaricdə dini təhsil normal hadisə sayılırdı. Çünki toplumlar bir-biri ilə çox yaxın idilər. Milli dövlətlər meydana çıxandan sonra din, millət həmin dövlətlərin ayrılmaz bir parçası oldu. Və onların ideologiyalarına, siyasətlərinə xidmət edən fərqli formaya çevrildi. İndi hər hansı ölkə vətəndaşının xaricdə dini təhsil alması, yalnız dini biliklər alması yox, həm də həmin ölkənin dünyagörüşünü, ideologiyasını, storeotiplərini gətirməsidir. Bu baxımdan yerli dini təhsil müəssisələrinin formalaşması, aktiv fəaliyyət göstərməsi dövlətçiliyimiz və milliyyətçiliyimiz baxımından çox önəmlidir. Cəmiyyətdə bəzən belə fikirlər səsləndirilir ki, guya dünyəvi dövlətdə dini təhsil verilməsi olmaz və düzgün deyil. Halbuki məncə, burada din təhsilinin yanlış anlaşılmasından söhbət gedə bilər. Din təhsili və dini təhsil arasında bir fərqə baxa bilərik. Avropada bu “din haqqında öyrənmək” və “dindən öyrənmək” adlanır. Dünyəvi dövlətin siyasəti din haqqında öyrənməkdən ibarətdir. Hər hansı dinin “pəncərə”sindən başqa dinlərə baxmaq doğru olmaz və dünyəviliklə uyğun gəlməz. Azərbaycanda müxtəlif inanc qrupları var. Din təhsili, məktəblərdə dini məlumatların verilməsi gənclərin yanlış təsəvvürlərə yönəlməməsi baxımından çox mühümdür. Avropada din təhsili təcrübəsi uzun zamandır mövcuddur. Yalnız Fransa və Macarıstanı ayıra bilərik, onlarda din təhsili bir qədər fərqlidir. Digər Avropa ölkələrində din təhsili məktəblərdən başlayaraq davam edir. Bəzi ölkələrdə bunu dövlət təşkil edir, bəzilərində isə bu hüququ kilsələrə verirlər. Bəzi ölkələrdə din təhsili məcburidir. Bəzilərində isə seçmə fənndir. Xüsusilə Skandinaviya ölkələrində dini təhsil daha mütəşəkkil şəkildə tədris olunur. Bizdə ümidverici olan odur ki, dövlətimiz din sahəsindəki düşüncələrini artıq real şəkildə həyata keçirir. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlaması da bunun bir göstəricisidir. Ümid edirik ki, bu institut layiqli kadrlar yetişdirəcək və ölkməzin bu sahədə olan ehtiyacını ödəyəcəkdir.

Elvüsal Məmmədov: Kövsər müəllim vaxtaşırı olaraq bəzi dairələrdə ölkənin din siyasətini tənqid edənlərə cavab verdi. Cəsarətlə deyə bilərəm ki, Azərbaycan dünyəviliyi Avropa dünyəviliyindən ciddi olaraq fərqlənir. Avropada din qorxusu var, çünki keçmişdə kilsənin əlindən çox müsibətlər çəkiblər. Kilsə xristianlığı düşüncənin, elmin qarşısını kəsən bir ideologiya idi. Və uzun müddət Avropanın qaranlıqlar içərisində qalmasına səbəb olmuşdu. Lakin İslamın tarixində bu cür presdentlər yoxdur.

Fuad Babayev: Yəni Siz inkvizasiyanı nəzərdə tutursunuz?

Elvüsal Məmmədov: Mən kilsə xristianlığının, papa təsisatının elmə, düşüncəyə qarşı olmasını nəzərdə tuturam. Amma İslam tarixində belə bir hadisə olmayıb. Əksinə, İslamda elmə çağırış var. Ona görə də düşünürəm ki, bizim təcrübəmizdə məsələ ölkənin gələcəyi olmalıdır. Bəzən görürük ki, kimlərinsə dinə qarşı bir qıcığı var. O insanların şəxsi dünyagörüşlərində bir din düşmənçiliyi var. Dindarlar arasında özünü göstərən problemlərdən biri isə öz məzhəbini, öz camaatını haqlı bilərək, digər müsəlmanlara düşmən kimi yanaşmaqdır. Biz bu konsepsiyaya qarşı Azərbaycan reallığında İslamın qardaşlıq anlayışını, İslamın insana baxışını, valideynə münasibətini, əxlaqi davranışı qoymalıyıq. Beləcə uşaqlarda İslamın humanistliyi haqqında bir baza formalaşacaq. Kimlərsə onları zərərli yola çəkmək istəyəndə biz 100 şagirddən 90-ı qorumuş olarıq. Bu preventiv tədbirləri görməsək isə 100 şagirddən 80-90 nəfəri mənfi istiqamətə gedəcək və sonrakı peşmançılıq fayda verməyəcək.

Ceyhun Məmmədov: Fuad müəllim, mən bir məsələyə qısa şəkildə toxunmaq istəyirəm. Bu gün zaman-zaman belə bir fikir söylənir ki, Avropa yalnız xristianlığın buxovlarından azad olduqdan sonra inkişaf etməyə başladı. Dini insanların həyatından tamamilə çıxarmaq qeyri-mümkündür. Biz bunun acı təcrübəsini sovet dövründə gördük. Problemlərimizin köklərindən biri elə sovet hökumətinin dini tamamilə insanların həyatından çıxarmağa çalışması ilə bağlıdır. Buna tam nail ola bilməsələr də, onun fəsadlarını biz indi duyuruq. Məscidlər təyinatı üzrə istifadə edilmədi, din xadimləri qətlə yetirildi. Dediyim kimi, dini insanların qəlbindən tam çıxara bilmədilər, müstəqillik əldə etdikdən sonra isə insanlar yenidən dinə üz tutdular. Hərçənd biz bunun bəzi zərərlə cəhətlərini də gördük. Başqa bir mənfi cəhət dini ənənənin zəiflədilməsi, hətta qırılması oldu. Bayaq Siz görüşümüzün devizini oxudunuz. Ümummilli Liderimiz uzaqgörən bir şəxs kimi bu prosesləri izləyir və bilirdi ki, insanlara dini məlumatlar verilməlidir. Azərbaycan cəmiyyətində orta məktəbdə dini təhsillə bağlı müzakirələr zaman-zaman gedib. Bu barədə diskussiyalar gedib ki, bu dərsləri kim keçəcək, dərsliklər, məzhəb məsələsi necə olacaq. Məsələ ondadır ki, biz bu prosesə artıq başlamalıyıq. Azərbaycanda son illərdə orta məktəbdə dini dərsliklərin keçilməsi üçün dərsliklər hazırlandı və onların içərisində uyğun olanı da var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin özünün də dərslik layihəsi var və dinlər haqqında ümumi bilgilərin verilməsini nəzərdə tutur. Kadrlarla bağlı deyə bilərəm ki, Bakı İslam Universitetinin, Bakı Dövlət Universiteti ilahiyyat fakültəsinin məzunları var, indi isə bizim institut fəaliyyət göstərir. Növbəti ildə bizdə dinşünas-pedaqoq ixtisasının açılması nəzərdə tutulub və bu ixtisası bitirənlər dini təhsillə məşğul olacaqlar. Yekun olaraq bu fikrə gəlirik ki, dini tamamilə qadağan etmək mümkün deyil, dini məsələlər bilavasitə dövlətin nəzarətində olmalıdır. Dini müstəvidə bilikləri dövlət özü verməlidir. Dərsliklər, kadrların hazırlanması da dövlətin nəzarətində olmalıdır və həllini tapacaq. Hər hansı işə başlayanda problemlər yarana bilər. Bununla belə tam səmimi etiraf etməliyik ki, dövlət din sahəsinə böyük qayğı göstərir. Məscid, kilsə və sinaqoqların bərpası və tikintisi, dini icmalara maddi vəsaitin ayrılması, əlamətdar tarixlərdə Azərbaycan Prezidenti İlham Əliyevin dini icmalara təbrik ünvanlaması reallıqdır. Azərbaycan İlahiyyat İnstitutunun cənab Prezidentin sərəncamı ilə yaradılması olduqca vacib və tarixi hadisədir. Bu, qarşımızda duran ən vacib məsələnin – dini durumun saflaşdırılması baxımından önəmlidir. Azərbaycandan kənarda 3000 nəfərdən artıq insan dini təhsil alıb və onların böyük bir qismi xarici təsirlərə məruz qalıblar. İndi isə dini təhsilin Azərbaycanın özündə verilməsi xüsusi əhəmiyyətə malikdir. Bütün hallarda İlahiyyat İnstitutuna qəbul olunmazdan öncə, tələbələrin düzgün dini bilik və təsəvvürlərə malik olmaları lazımlıdır və bu, onların ixtisas seçiminə də təsir göstərəcək. Düzgün və sağlam istiqamət verilməsi üçün həmin bilgilər çox əhəmiyyətlidir.

Anar Qafarov: Danışdıqca gözəl nüanslar açılır. Bir məsələni qeyd etmək istərdim. Hazırki dövrdə dindarlıq məfhumu o qədər zəhərlənib ki, dindar yetişdirmək çox böyük problemə çevrilib. Azərbaycan İlahiyyat İnstitutu tarixini, ədəbiyyatını, eləcə də dinini yaxşı bilən kadrlar, Azərbaycan vətəndaşları yetişdirəcək.

Ceyhun Məmmədov: Azərbaycanda dini cəhətdən təhlükə dini kimlik milli kimliyi üstələdiyində başlayıb. Hər hansı cəmiyyətdə dini kimlik milli kimliyi üstələməməlidir. Xüsusilə Azərbaycan cəmiyyətində biz bu istiqaməti qorumalıyıq. Bizi daha çox narahat edən isə bəzi hallarda milli kimliyin unudulması və ya onun sarsıdılmasıdır. Hər bir Azərbaycan vətəndaşı öz milli kimliyi ilə fəxr etməlidir.

Fuad Babayev: Gürcüstanda və Ermənistanda orta məktəblərdə dini təhsil məsələsi nə yerdədir?

Nahid Məmmədov: Gürcüstanda kilsə ilə dövlət arasındakı anlaşmaya görə, hətta kilsənin dövlətə müdaxiləsi də mümkündür. Kilsənin həm orduda, həm parlamentdə, həm də təhsil müəssisələrində təsir imkanları çox genişdir. Təbii ki, təhsil müəssisələrində də din tədris olunur.

Ceyhun Məmmədov: Üç ölkə – Azərbaycan, Gürcüstan və Ermənistan arasında müqayisə aparanda Gürcüstanda gürcü-pravoslav, Ermənistanda isə erməni-qriqorian kilsəsinin üstünlüyü açıq şəkildə vurğulanır. 1995-ci ildə konstitusiya qəbul ediləndə bu məsələ Azərbaycanda da çox geniş müzakirə olundu. O vaxt elə insanlar vardı ki, konstitusiyada İslamın Azərbaycanda hakim mövqeyə malik din olduğunu vurğulamağa çalışırdılar. Lakin Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Konstitusiyada Azərbaycanda bütün dinlərə bərabər şəraitin yaradıldığı və dinlərin bərabər hüquqa malik olması, dünyəvi dövlət, dinin dövlətdən ayrı olması haqqında müddəalar təsbit olundu. Ermənistan və Gürcüstan konstitusiyalarında isə dinin hakim mövqeyə malik olması əksini tapdı. Ermənistan və Gürcüstanda şagirdlər və tələbələrlə kilsələrdə görüşlər keçirilir, onların dinlərinin əsas məqamları dərsliklərə salınır. Ermənistanın bu gün həyata keçirdiyi siyasətdə də kilsə aktiv rol oynayır. Ermənistanda xüsusilə başqa dinlərə qarşı çox dözümsüz münasibət var.

Hazırladı: Gündüz Nəsibov,

1905.az

 

* * *

 Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda birgə tədbir keçirib.

Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, institutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Aİİ-nin dosentləri Elvüsal Məmmədov, Anar Qafarov, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev və mərkəzin əməkdaşı Gündüz Nəsibovun iştirakı ilə keçirilən tədbirdə mövzu ətrafında geniş diskussiya aparılıb.

Tədbirdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Azərbaycan dövlətinin gənc nəslin sağlam ruhda böyüməsinə, savadlı və bilikli yetişməsinə xüsusi önəm verdiyini bildirən diskussiya iştirakçıları dünyəviliyi, modernləşməni qəbul etmiş ölkəmizdə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan xalqının inanc tarixinə nəzər saldıqda dini radikalizmin izlərinə, demək olar ki, rast gəlinmir. Lakin dünyada bir çox radikal dini qrupların fəaliyyət göstərdiyini və bu qrupların Azərbaycana da sızmaq cəhdlərinin istisna olmadığını nəzərə alanda, ölkəmizdə dini maarifləndirmə aparılmasının zəruriliyi ortaya çıxır. Buna görə də İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirmək, cəmiyyətdə belə qruplara qarşı immunitet yaratmaq kimi vacib vəzifələr yaranır. Bu səbəbdən, dünyanın inkişaf etmiş aparıcı ölkələrindəki kimi, orta məktəblərimizdə din haqqında ümumi məlumatların, İslam dininin olduğu kimi sağlam təməllər üzərindən tədris edilməsi vacib tələbə çevrilib. Qeyd olunub ki, Aİİ-nin yaradılması dövlət müstəqilliyimizin bərpasından sonra din sahəsində qəbul edilmiş ən mühüm qərarlardan biridir.

Məlumat üçün bildirək ki, bu ali məktəb Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Aİİ-nin əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdir.

https://azertag.az/xeber/1192158