“Postskriptumlu Roman” adlı kitab Azərbaycan oxucularına təqdim edildi

Bu gün Rusiyanın tanınmış yazarı Nina Puşkovanın “Postskriptumlu Roman” adlı kitabının təqdimatı və imza mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir Rus Kitab Evində baş tutub.

Təqdimat mərasimində çıxış edən “Avrasiya Tədqiqatlar İnstitutu” İnkişaf Fondunun Azərbaycan filialının direktoru Rauf Həsənov qonaqları salamlayaraq bildirib ki, tanınmış yazarın ölkəmizə qonaq gəlməsi hər birimiz üçün əlamətdar hadisədir.

Onun sözlərinə görə, kitab Heydər Əliyev İrsinin Araşdırmaları Mərkəzi tərəfindən nəşr edilib və Azərbaycan dilinə tərcümə edilib: “Xatırladaq ki, Nina xanım yazar olmaqla yanaşı, vaxtilə aktrisa kimi də bir çox filmlərdə rol alıb.  Lakin müəyyən vaxtdan sonra sənətini tərk edən Nina xanım yaradıcılığını yazar kimi davam etdirib. Bu gün də ölkəmizə yazar kimi təşrif buyurub”.

R.Həsənov onu da qeyd edib ki, Nina Puşkova hazırda detektiv janrında olan yeni kitab üzərində çalışır.

Daha sonra söz alan Nina Puşkova ölkəmizdə səfərdə olmasından məmnun olduğunu dilə gətirib.

O bildirib ki, Azərbaycan möcüzəli ölkədir: “40 il bundan qabaq Azərbaycana filmdə rol almaq üçün gəlmişəm. Ölkənizdə tarixi yerlər çoxluq təşkil edir. Moskvada isə belə qədimi yerlər yoxdur. “Mosfilm”i bura cəlb edən də məhz şəhərinizin qədimliyi idi. Uzun illərdən sonra şəhəriniz tamamilə dəyişib və müasirləşib, lakin qədimliyini itirməyib. Mənim üçün çox sevindirici haldır ki, kitabım məhz burada nəşr edilib. Nəşrə və Azərbaycan dilində tərcüməyə görə, Heydər Əliyev Fonduna və Heydər Əliyev İrsinin Araşdırmaları Mərkəzinə və kitabın təqdimatına gələn hər kəsə öz dərin təşəkkürümü bildirirəm”.

Mərasimin davamında kitabı Azərbaycan dilinə tərcümə edən Gündüz Nəsibov fikirlərini bölüşərək vurğulayıb ki, kitabı oxuyanlar bir çox tanınmış siyasətçiləri başqa tərəfdən görmək imkanı əldə edə biləcəklər: “Hər kəsi kitabı əldə etməyə və oxumağa dəvət edirəm. Həqiqətən də kitab çox maraqlıdır”.

Tədbir imzalanma mərasimi ilə davam edib. Nina Puşkova kitabın ön səhifəsinə ürək sözlərini yazaraq, tədbir iştirakçılarına təqdim edib.

Qeyd edək ki, Nina Puşkova  aktrisa üzrə təhsil alıb. “Qeyri adi möcüzə”, “Uzaq Meridianda Görüş” (“Обыкновенное чудо”, “Встреча на далеком меридиане”) və digər rus filmlərində rol alıb.