Polşanın ilk təyyarəçi-kosmonavtı Azərbaycanda səfərdədir

Azərbaycan Milli Məclisinin deputatı Elxan Süleymanovun dəvəti ilə Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevski Bakıda səfərdədir. Bu barədə APA-ya E.Süleymanovun ofisindən məlumat verilib.

İyunun 2-də Heydər Əliyev İrsini Araşdırma Mərkəzində Miroslav Hermaşevski ilə görüş olub. Mərkəzin baş direktoru Fuad Babayev bildirib ki, mərkəz sabiq prezident Heydər Əliyevin əsərlərini 50 dildə, o cümlədən polyak dilində dünya oxucularına çatdırır. Miroslav Hermaşevskinin “Çəkisizliyin yükü” kitabı da Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) Tərcümə Laboratoriyasında polyak dilindən Azərbaycan dilinə tərcümə olunub.

Sonra kosmonavtın Bakı Slavyan Universitetində görüşləri olub. Universitetin rektoru Asif Hacıyev qonağı salamlayaraq, ali təhsil müəssisəsi haqqında məlumat verib. Bildirilib ki, BSU-da bir çox slavyan dilləri, o cümlədən də polyak dili tədris olunur. M.Hermaşevski universitetin Polyak dili Mərkəzində bu dili tədris edən müəllimlər və polyak dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.

Universitetin konfrans zalında tələbə-müəllim heyəti və tələbələrin iştirakı ilə Miroslav Hermaşevskinin “Çəkisizliyin yükü” kitabının Azərbaycan dilində təqdimatı olub. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Tərcümə Laboratoriyasında Azərbaycan dilinə çevrilən kitab barədə BSU-nun rektoru Asif Hacıyev danışıb. Kosmonavtın ömür yoluna həsr edilmiş klipin nümayişindən sonra M.Hermaşevski çıxış edib. Bakıya səfərindən duyduğu mənunluğu dilə gətirən polşalı qonaq, onu Azərbaycana dəvət edən və kitabının Bakıda çap etdirilməsi təşəbbüsünü irəli sürən və dəstəkləyən millət vəkili Elxan Süleymanova minnətdarlığını bildirib.

Qeyd edək ki, M.Hermaşevski səfər dövründə həmçinin “Azərkosmos” müəssisəsində, Şamaxı rayonunda olacaq, bu rayondakı rəsədxananın kollektivi ilə görüşəcək.