Mehriban Arif qızı Əliyeva – 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləmişdir.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis etmişdir və hazırda onun rəhbəridir.
1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis etmişdir.
2002-ci ildə oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir.
2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.
2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavinidir.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir.
Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. Bununla əlaqədar 2017-ci il martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilmişdir.
Ailəlidir, iki qızı, bir oğlu və beş nəvəsi vardır.
“Heydər Əliyev” ordeni (Azərbaycan Respublikası), “Şərəf Legionu” ordeni (Fransa Respublikası), “Dostluq” ordeni (Rusiya Federasiyası), “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni (İtaliya Respublikası), “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni (Rus Pravoslav Kilsəsi), “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni (Rusiya Federasiyası), UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu;
Heydər Əliyev Mükafatı, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı;
Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru.