"135 illik yol"

 
 
 
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzeti Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı kitab nəşr edib. Lent.az-ın məlumatına görə, Azərbaycan və ingilis dillərində nəşr olunan kitab "135 illik yol" ("Road of 135 years") adlanır.

Kitabın elmi məsləhətçisi Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Əli Həsənov ön sözdə Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildiyini xatırladıb. Bununla hərbi senzuranın tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin 16 aprel 1992-ci il tarixli Fərmanı və bütün informasiya yayımı üzərində nəzarəti nəzərdə tutan 15 aprel 1993-cü il tarixli Sərəncamı qüvvəsini itirdi.

"135 illik yol" kitabında Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan milli mətbuatı haqqında çıxışları, fikirləri, imzaladıqları fərman və sərəncamlar iki dildə oxuculara çatdırılır. Kitab müstəqillik illərində Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında obyektiv təsəvvür formalaşdırılması üçün lazımlı əyani vəsait, milli mətbuatımızın 135 illiyinə layiqli hədiyyədir.