“Böyük Liderin 90 anı” kitab-albomu işıq üzü görüb

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) yeni nəşri – “Böyük Liderin 90 anı” kitab-albomu çapdan çıxıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş kitab-albomda ulu öndərin 1993-2003-cü illərdəki fəaliyyətinin 90 məqamı öz əksini tapıb. 10 il ərzində Heydər Əliyevi müşayiət edən Rafiq Bağırovun lentə aldığı foto-şəkillərin daxil edildiyi kitab-alboma həmçinin konkret anla bağlı tarixi arayış və Heydər Əliyevin çıxışından sitat əlavə olunub. 
Nəfis dizayn və tərtibatla təqdim edilən kitab-albomda yaradıcı qrup Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətlərini əhatə etməyə çalışıb. Belə ki, kitabda böyük liderin andiçmə mərasimləri, neft strategiyası, iqtisadiyyat, xarici və daxili siyasət, mədəniyyət, elm və təhsil, idman, uşaq və gənclər siyasəti və s. sahələr öz əksini tapıb.
Kitab-albom Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Heydər Əliyev haqqındakı deyimi ilə bitir. 
“Heydər Əliyev İrsini Araşdırma Mərkəzi nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirov, kitabın elmi redaktoru AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Azərbaycan Respublikasının Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov, ön sözün müəllifi millət vəkili, respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, yaradıcı qrupun rəhbəri siyasət elmləri üzrə fəlsəfə doktoru Fuad Babayevdir.
Azərbaycan və ingilis dillərində nəşr edilən “Böyük liderin 90 anı” kitab-albomu Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti uğurlu layihəsidir.