Bakıda rusiyalı müəllifin kitabı təqdim edilmişdir

Bakı, 13 mart (AzərTAc, Kifayət Əliyeva). Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tərcümə laboratoriyası rusiyalı aktrisa, ssenarist və sənədli filmlər rejissoru Nina Puşkovanın “Postskriptumlu roman” kitabını Azərbaycan dilinə tərcümə etmişdir.
AzərTAc xəbər verir ki, martın 13-də Bakıda kitabın Azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimatı keçirilmişdir.
Tədbirdə Azərbaycanın elm, mədəniyyət və incəsənət nümayəndələri iştirak etmişlər.
Təqdimat mərasimində çıxış edən kinoşünas, Əməkdar İncəsənət Xadimi Ayaz Salayev Nina Puşkovanın yaradıcılığı və “Postskriptumlu roman” kitabı haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, N.Puşkova daha çox kino yaradıcılığı sahəsində məşhurdur. Bir sıra filmlərdə yaratdığı müxtəlif səpkili obrazlarla tamaşaçıların rəğbətini qazanmışdır. Müəllif bu kitabda öz həyatından bəhs edir. N.Puşkovanın taleyinə bir çox məşhurlarla, maraqlı insanlarla görüşlər yazılmışdır. Lakin onun üçün ən vacib olan ailəsi - otuz ildən artıq davam edən sevgi əsasında qurulmuş ittifaqdır. N.Puşkova bu əsəri şəxsi müşahidələri əsasında qələmə almışdır.
Ayaz Salayev müəllifə uğurlar arzulamış, onun müasir həyatı əks etdirən “Postskriptumlu roman” kitabının azərbaycanlı oxucuların rəğbətini qazanacağına əminliyini bildirmişdir.
Kitabın müəllifi Nina Puşkova təqdimat mərasimində çıxış edərək ilk dəfə təxminən qırx il əvvəl Azərbaycanda olduğunu, bu qədim diyarın onun yaddaşında silinməz izlər buraxdığını söyləmişdir. Sənəti ilə bağlı dünyanın müxtəlif ölkələrində, məşhur şəhərlərdə olduğunu diqqətə çatdıran N.Puşkova Bakının özünəməxsus memarlıq üslubuna malik, qədim Şərq ənənələrini qoruyub saxlayan şəhər kimi tanındığını bildirmişdir. Qonaq sözünə davam edərək demişdir: “Bütün bakılılar deyirlər ki, biz öz şəhərimizi çox sevirik. Doğrudan da, Bakının xüsusi cazibəsi, sehri vardır”. Azərbaycanlıların qonaqpərvərliyini, səxavətini xüsusi vurğulayan müəllif əsərinin məhz bu ölkədə tərcümə və nəşr edilməsindən məmnunluğunu bildirmiş, bu işdə əməyi olanlara təşəkkür etmişdir.
Detektiv janrda yeni bir əsər üzərində işlədiyini qeyd edən N.Puşkova həyat yoldaşı, Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və büro üzvü Aleksey Puşkovun bütün işlərində onu dəstəklədiyini söyləmişdir. Rusiyalı qonaq tanınmış yazıçı olmasa da, azərbaycanlı oxucuların ürəyinə yol tapacağına və yeni kitablarla bir daha onların görüşünə gələcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonra N.Puşkovanın yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilmiş, çəkildiyi filmlərdən fraqmentlər göstərilmişdir.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev kitabın tərcümə prosesindən, müəllifin bu işdə əvəzsiz dəstəyindən söz açmış, təqdimat mərasimində iştirak etdiyi üçün N.Puşkovaya mərkəzin kollektivi və azərbaycanlı oxucular adından dərin minnətdarlığını bildirmişdir. Xalqların və mədəniyyətlərin bir-birinə yaxınlaşmasında tərcümə əsərlərinin rolunu qeyd edən F.Babayev demişdir ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi bu layihəsini gələcəkdə də davam etdirmək niyyətindədir.
Tədbirdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı, professor Qılıncxan Bayramov, Bakı Slavyan Universitetinin professorları Asif Hacıyev, Flora Hacıyeva, Rusiyanın Azərbaycandakı səfirliyinin baş müşaviri Aleksandr Qladkov, rejissorlar Şamil Nəcəfzadə, Vasif Babayev, Azərbaycandakı Rus İcması sədrinin müavini Mariya Kojevnikova, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının ədəbi hissə müdiri Valentina Reznikova, Bakıdakı Rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova və başqaları çıxış edərək kitab haqqında fikirlərini söyləmişlər. Natiqlər Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafından, tərcümə ədəbiyyatının əhəmiyyətindən, N.Puşkovanın “Postskriptumlu roman” kitabının məziyyətindən danışmış, müəllifə daha böyük yaradıcılıq uğurları arzulamış, onu paytaxtımızda yenidən görmək istədiklərini bildirmişlər.
Sonda N.Puşkova sualları cavablandırmış, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.