"Xocalı-1992" kitabı 4 dildə çap edilib

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) nəşri – “Xocalı-1992” kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri çapdan çıxıb.

ANS PRESS-in xəbərinə görə, Azərbaycan, ingilis, fransız və rus dillərində çıxan kitab erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub.

Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında müxtəlif çıxış və müraciətlərindən iqtibaslar, insanlığa utanc gətirən bu faciə haqqında tarixi arayış, məlumat-soraq materialları daxil edilib.

Nəşrdəki “Təcavüzkarın dəst-xətti” bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer alıb. Məlumat-soraq materiallarında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəyən maddi zərər, eləcə də işğal olunmuş rayonlarımıza vurulan zərərin həcmi Elxan Süleymanov və Vurğun Süleymanovun müəllifi olduqları “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” tədqiqat əsərindəki rəqəmlərə uyğun verilib.

Kitabın məsləhətçisi akademik Asəf Nadirov, elmi məsləhətçi və ön sözün müəllifi Milli Məclis üzvü Elxan Süleymanov, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.

Kitabın Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və rus dillərində nəşr edilməsi də rəmzidir. Çünki bu xarici dillər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dilləridir. Bununla da kitabın yaradıcı heyəti həmin münaqişənin ən dramatik və qanlı hadisəsi barəsində gerçəkliyi növbəti dəfə diqqətə çatdırır.