Heydər Əliyevlə bağlı elektron kitab hazırlanıb

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ümummilli liderimizin anadan olmasının 88-ci ildönümü ərəfəsində 6 nəşrini elektron formatda yenidən çap edib. Mərkəzin baş direktoru Fuad Babayevin "Həftə içi"nə verdiyi məlumata görə, oxuculara təqdim edilən yeni topluda Azərbaycan Respublikasının bir sıra mötəbər beynəlxalq təşkilatlarla münasibətlərinə həsr olunmuş kitabların elektron variantları yer alıb. Mərkəzin birinci elektron nəşri Azərbaycanın ATƏT-lə münasibətlərindən bəhs edir və "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" adlanır. Eyni adlı kitab 2006-cı ildə çapdan çıxıb və Azərbaycan dili ilə yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin dövlət dillərində (ingilis, fransız və rus) nəşr edilib. Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ATƏT-in zirvə görüşlərindəki çıxışlarının mətni, bir sıra rəsmi sənəd yer alıb. İkinci elektron nəşr İslam Konfransı Təşkilatı ilə əməkdaşlığımızdan bəhs edir və "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" adlanır. 2008-ci ildə Azərbaycan dili ilə yanaşı, İKT-nin rəsmi dillərində (ingilis, fransız və ərəb) nəşr edilən kitaba ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İKT-nin zirvə görüşlərindəki çıxışları və müvafiq sənədlərin mətni daxil edilib. Ön sözün müəllifi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovdur. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdiyi kitabların elektron versiyalarının yaradılmasını kompyuter və rəqəmsal texnologiyaların inkişafı zəruri edir. Kitabların elektron variantda yayımı oxucularımıza çap variantından fərqli olaraq yeni imkanlar yaradır. Bunlar əsas etibarilə, kontekstdə axtarış, fərdi kompyuterə köçürmə, elektron poçt vasitəsilə planetin müxtəlif istiqamətlərinə bir andaca göndərilmə imkanı və sairədir.