QHT-nin hazırladığı “Xocalı-1992" kitabı 4 dildə nəşr olunub

 Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - Azərbaycan, ingilis, fransız və rus dillərində "Xocalı-1992" kitabı işıq üzü görüb. Mərkəzdən Trend-ə verilən məlumata görə, kitabın Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və rus dillərində nəşr edilməsi də rəmzidir. Çünki bu xarici dillər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dilləridir. Bununla da kitabın yaradıcı heyəti həmin münaqişənin ən dramatik və qanlı hadisəsi barədə gerçəkliyi növbəti dəfə diqqətə çatdırır. "Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri seriyası"nın məsləhətçisi akademik Asəf Nadirov, kitabın elmi məsləhətçisi və ön sözün müəllifi millət vəkili, AVCİYA-nın prezidenti, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.