az|en|ru

"Xocalı-1992" kitabı Harvard Universitetinin kitabxanasında yer alıb


Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Azərbaycan, ingilis, fransız və rus dillərində çap edilmiş "Xocalı-1992" kitabının nüsxələri ABŞ-ın Harvard Universitetinin kitabxanasında yer alıb. Trend-in məlumatına görə, bu barədə kitabın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev bildirib. Onun sözlərinə görə, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri bir qayda olaraq Azərbaycan dili ilə yanaşı geniş yayılmış xarici dillərdə çap edilir.
"Cari ilin fevral ayında işıq üzü görmüş "Xocalı-1992" kitabı həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dillərində çap olunub", - o qeyd edib.
Kitab, həmçinin Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının sədri Elxan Süleymanovun təşkilatçılığı ilə bir müddət öncə Belçika Federal Parlamentində keçirilmiş "İşğal olunmuş ərazilər, unudulmuş ərazilər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri" mövzusunda müzakirələrdə də təqdim edilib.