az|en|ru

"30 tarixi səfər" kitabının təqdimat mərasimi keçirilib


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "30 tarixi səfər" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə SAM-ın direktoru Fərhad Məmmədov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici Əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli, millət vəkili Elmira Axundova, diplomatik korpusun nümayəndələri və KİV iştirak edib.

Kitabın nəşrində "Heydər Əliyev İrsini Araşdırma Mərkəzi nəşrləri" seriyasının məsləhətçisi akademik Asəf Nadirovun, kitabın elmi redaktoru AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Azərbaycan Respublikasının Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun, yaradıcı qrupun rəhbəri, siyasət elmləri üzrə fəlsəfə doktoru Fuad Babayevin əməyi olub.

Mərasimi giriş sözləri ilə açan Fərhad Məmmədov deyib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçilyinin qorunmasında, eləcə də ölkəmizin müxtəlif sahələrdə siyasətinin formalaşmasında əvəzedilməz xidmətləri olub. Diqqətə çatdırılıb ki, Azərbaycanın həyata keçirdiyi siyasi, iqtisadi islahatlar və bunun nəticəsində formalaşan ölkəmizə məxsus müstəqil xarici siyasət də məhz Ulu öndərin fəaliyyəti ilə bağlıdır.

Daha sonra Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev bildirib ki, "30 səfər (Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəsmi və dövlət səfərləri (1993-2003)" kitabına liderin müvafiq səfərləri ilə bağlı materiallar daxil edilib. Vurğulanıb ki, Heydər Əliyevin rəsmi səfərlərinin coğrafiyası Azərbaycan Respublikasının beynəlxalq siyasətdə Qərb və Şərq istiqamətlərində maraqlar balansının göstəricisidir. Heydər Əliyev xarici siyasətində əsas prioritet istiqamətlər Azərbaycanın dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə, xüsusilə ABŞ və Qərbi Avropa dövlətləri ilə ikitərəfli münasibətləri qurmaq və inkişaf etdirmək, qonşularla (Rusiya, İran, Gürcüstan) münasibətləri yaxşılaşdırmaq, MDB dövlətləri ilə münasibətləri genişləndirməkdən ibarət idi. Ən mühüm istiqamətlərdən biri isə türkdilli dövlətlərlə əlaqələrin daha da dərinləşməsini nəzərdə tuturdu.

Bildirilib ki, mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı və müsahibələrindən iqtibaslar, Heydər Əliyevin konkret rəsmi və dövlət səfərləri, müasir mərhələdə Azərbaycan Respublikasının xarici siyasəti ilə bağlı tarixi arayışlar, məlumat-soraq materialları, foto-sənədlər də kitabda yer alıb.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici Əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli çıxış edərək deyib ki, bu kitabı Azərbaycan tarixi siyasətinin formalaşdırılmasına zaman müstəvisində canlı şahidlik edən bir nəşr kimi qiymətləndirmək olar: “Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən indiyədək bir çox kitablar nəşr olunub. Bunlara nümunə olaraq “Belçika, Gürcüstan, Türkiyə ilə bağlı ikitərəfli münasibətlər” kitabını və s. göstərə bilərik. Əminəm ki, hazırki kitab da bu kimi kitablar içərisində öz layiqli yerini tutacaq. Ulu Öndər Azərbaycanın müstəqil həyatında, digər sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də fundamental prinsipləri ortaya qoyub”.

Daha sonra digər çıxış edənlər də kitabla bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, kitab alimlər, tədqiqatçılar, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nərəzdə tutulub. Azərbaycan və ingilis dillərində ayrı-ayrı cildlərdə nəşr edilən kitab, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti uğurlu layihəsidir.