az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – “Böyük Liderin 90 anı” kitab-albomu çapdan çıxmışdır



Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) yeni nəşri – “Böyük Liderin 90 anı” kitab-albomu çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş kitab-albomda Ulu Öndərin 1993-2003-cü illərdəki fəaliyyətinin 90 məqamı əksini tapmışdır. On il ərzində ulu öndər Heydər Əliyevi müşayiət edən Rafiq Bağırovun lentə aldığı fotoşəkillərin daxil edildiyi kitab-alboma, həmçinin konkret anla bağlı tarixi arayış və Ümummilli Liderin çıxışından sitat əlavə olunmuşdur.
Nəfis tərtibatla hazırlanmış kitab-albomda yaradıcı qrup ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətlərini əhatə etməyə çalışmışdır. Belə ki, kitabda Böyük Liderin andiçmə mərasimləri, neft strategiyası, xarici və daxili siyasət, iqtisadiyyat, mədəniyyət, elm və təhsil, idman, uşaq və gənclər siyasəti və s. sahələr əksini tapmışdır.
Kitab-albom Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyev haqqında sözləri ilə bitir.
“Heydər Əliyev İrsini Araşdırma Mərkəzi nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirov, nəşrin elmi redaktoru Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov, ön sözün müəllifi deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, yaradıcı qrupun rəhbəri isə siyasət elmləri üzrə fəlsəfə doktoru Fuad Babayevdir.
Azərbaycan və ingilis dillərində çap olunmuş “Böyük Liderin 90 anı” kitab-albomu Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti uğurlu layihəsidir.