az|en|ru

“Böyük Liderin 90 anı” kitab-albomu çap olunub


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) yeni nəşri – “Böyük Liderin 90 anı” kitab-albomu çapdan çıxıb.

Mərkəzdən “Azadinform”a verilən məlumata görə, kitab-albomda ulu öndərin 1993-2003-cü illərdəki fəaliyyətinin 90 məqamı öz əksini tapıb. 10 il ərzində Heydər Əliyevi müşayiət edən Rafiq Bağırovun lentə aldığı foto-şəkillərin daxil edildiyi kitab-alboma həmçinin konkret anla bağlı tarixi arayış və Heydər Əliyevin çıxışından sitat əlavə olunub.

Kitab-albomda yaradıcı qrup Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətlərini əhatə etməyə çalışıb.

Kitab-albom Prezident İlham Əliyevin Heydər Əliyev haqqındakı deyimi ilə bitir.

“Heydər Əliyev İrsini Araşdırma Mərkəzi nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirov, kitabın elmi redaktoru millət vəkili Elxan Süleymanov, ön sözün müəllifi millət vəkili Fəttah Heydərov, yaradıcı qrupun rəhbəri siyasət elmləri üzrə fəlsəfə doktoru Fuad Babayevdir.