az|en|ru

“Xocalı-1992” kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri 4 dildə çapdan çıxmışdır


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) nəşri olan “Xocalı-1992” kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri çapdan çıxmışdır.
Mərkəzdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan, ingilis, fransız və rus dillərində nəşr edilən kitab erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuşdur.
Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı soyqırımı haqqında müxtəlif çıxış və müraciətlərindən iqtibaslar, insanlığa utanc gətirən bu faciə haqqında tarixi arayış, məlumat-soraq materialları daxil edilmişdir.
Kitabın “Təcavüzkarın dəst-xətti” bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer almışdır.
Məlumat-soraq materiallarında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəyən maddi ziyan, eləcə də işğal olunmuş rayonlarımıza vurulan zərərin həcmi Elxan Süleymanov və Vurğun Süleymanovun həmmüəllifləri olduqları “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” tədqiqat əsərindəki rəqəmlərə uyğun verilmişdir.
Kitabın ilk nəşri Xocalı soyqırımının hələ 20-ci ildönümü ərəfəsində çap edilmiş, ölkəmizdə və onun hüdudlarından kənarda böyük maraqla qarşılanmışdı.
“Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirov, elmi məsləhətçi və “Ön söz”ün müəllifi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov, yaradıcı heyətin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.
Kitabın hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilmişdir.
Nəşrin “Ön söz”ündə də qeyd olunduğu kimi, kitabın Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və rus dillərində nəşr edilməsi rəmzidir. Çünki bu xarici dillər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dilləridir. Bununla da kitabın yaradıcı heyəti həmin münaqişənin ən dramatik və qanlı hadisəsi barədə gerçəkliyi növbəti dəfə diqqətə çatdırır.