az|en|ru

“Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimi olub


Bu gün Qafqaz Universitetinin akt zalında “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimi keçirilib.

SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən kitabın elmi redaktoru və ön sözün müəllifi millət vəkili, Azərbaycanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib ki, Mərkəzin növbəti nəşri - "Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir" kitabı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Türkiyə Respublikası tərəfindən tanınmasının 20 illiyinə həsr edilib: "Kitabın türk dilində tam versiyası, ingilis dilində isə bütün sənədlərin qısa məzmunu təqdim olunub. Bu kitab Mərkəzin türk dilində təqdim etdiyi ilk böyük layihəsidir.

Kitabda ümummilli lider Heydər Əliyevin tərcümeyi-halı, 1993-2003-cü illəri əhatə edən 52 çıxış və müraciəti, Azərbaycan-Türkiyə münasibətləri haqqında tarixi arayış, məlumat-soraq materialları və foto-sənədlər yer alıb.

Kitabda AzərTAc-ın, Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının materiallarından, eləcə də Azərbaycan Prezidenti mətbuat xidmətinin foto-materiallarından istifadə olunub".

Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin müstəşarı Rzakan Ulubey, Xarici İşlər Nazirliyinin nümayəndəsi Cavanşir Məmmədov, Qafqaz Universitetinin professoru Əbdülkərim Ürge və digərləri yeni nəşrin ulu öndər Heydər Əliyev irsinin, Azərbaycanın müasir siyasət tarixinin qardaş Türkiyədə öyrənilməsi baxımından çox böyük önəm daşıdığını diqqətə çatdırıblar.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği 2004-cü il may ayının 10-da - ulu öndərin ad günündə yaradılmış Heydər Əliyev irsini Araşdırma Mərkəzinin  əsas fəaliyyət sahəsidir.

Böyük Heydər Əliyevin zəngin irsini 49 dildə internet vasitəsilə dünya oxucularına çatdıran Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri kitab nəşridir. Mərkəzin nəşriyyat qrupu tərəfındən müxtəlif dillərdə onlarla kitab, broşür və buklet nəşr edilib. Yalnız 2011-ci ildə nəşriyyat qrupu tərəfindən Azərbaycan və ingilis dillərində "Azərbaycan vahid və bölünməz Avropada", Azərbaycan və gürcü dillərində "Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" və Azərbaycan və ingilis dillərində "Bakı-Brüssel (Azərbaycan-Avropa tttifaqı münasibətləri)" adlı kitabları nəşr olunub.