az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin səkkiz ili tamam olub


Dünən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin səkkiz illik fəaliyyəti ilə bağlı tədbir keçirilib. AMEA-nın viste-prezidenti Arif Həşimov bildirib ki, mərkəzin www.aliyevheritage.org ünvanındakı portalı ümumilli lider Heydər Əliyevin irsinin təbliği ilə məşğul olan ən iri elektron resursdur.
Onun sözlərinə görə, bu illər ərzində mərkəz Heydər Əliyevin fəaliyyətinin araşdırılması məqsədilə bir çox işlər görüb: “Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən nəfis şəkildə kitablar nəşr edilib. Bu kitablardan nəinki oxucular, eyni zamanda Heydər Əliyevin fəaliyyətini araşdıran yerli və xarici tədqiqatçılar üçün mühüm mənbələrdən biri olub”. 
Tədbirdə çıxış edən Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin icraçı direktoru Fuad Babayev bildirib ki, portalda Heydər Əliyevin fəaliyyətinin demək olar ki, bütün sahələri-xarici və daxili siyasət, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, beynəlxalq terrorizmlə mübarizə, böyük siyasətə qayıdış və s. geniş əhatə olunub: “Materialları oxucuların asanlıqla tapması üçün bölümlər və alt bölümlər yaradılıb. Portalda dünyada ən geniş yayılmış 50 dildə versiyanın olması dünyanın bir çox ölkələrinin oxucularının materialla ilə öz dillərində tanış olması üçün imkan yaradır. Ötən il Mərkəzin portalına 185 ölkədən 100 minlərlə oxucu daxil olaraq 2 milyona qədər sənədlə tanış olub. Oxucuların böyük əksəriyyətini dünyanın tanınmış elm mərkəzləri, rəsmi qərarların qəbul edildiyi dövlət qurumları, nüfuzlu KİV orqanları, transmilli şirkətlər təşkil edir. Hazırda gün ərzində dünyanın 80-100 ölkəsindən portala oxucular daxil olur”.
F.Babayev bildirib ki, oxucuları əsasən Heydər Əliyevin həyatı ilə yanaşı, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın neft strategiyası, iqtisadiyyatı, ordu quruculuğu, mədəniyyəti və gənclər siyasəti maraqlandırır.
AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov ümummilli liderin irsinin araşdırılmasında mərkəzin önəmli yer tutduğunu diqqətə çatdırıb: “Bu mənada www.aliyevheritage.org portalının Heydər Əliyev irsinin araşdırılması və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolu var. Həmçinin qeyd edim ki, AMEA-nın Tarix İnstitutunda fəaliyyət göstərən şöbədə Heydər Əliyevin Moskvadakı fəaliyyəti dövrünü əhadə edən 2 cildlik monoqrafiya hazırlanır. Hər iki cildin Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə qədər təqdim olunması nəzərdə tutulur”.
Tədbirdə millət vəkili Asəf Hacıyev, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi Elmi-Redaksiya Şurasının sədri Asəf Nadirov və digər çıxış edən iştirakçılar Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələri və dövrləri haqqında danışıb və ümummilli liderin zəngin irsinin araşdırılmasının vacibliyini vurğulayıblar.