az|en|ru

Belçika parlamentində Qarabağla bağlı qətnamə qəbul olunacaq


Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabının təqdimatı mərasimini keçirib. Gün.Az xəbər verir ki, kitab Azərbaycan-Belçika diplomatik münasibətlərinin 20 illiyinə həsr olunub.

Tədbirdə çıxış edən Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov Azərbaycan-Belçika əlaqələrinin önəmindən danışıb:

“Belçika 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. İki ölkə arasında parlamentlərarası əlaqələrlə yanaşı, beynəlxalq təşkilatlar, o cümlədən “Avronest” Parlament Assambleyası çərçivəsində əməkdaşlıq mövcuddur.

Parlamentlərarası əlaqələrin intensivliyi isə iki ölkə arasındakı münasibətlərin inkişafına daha müsbət təsir göstərir. Milli Məclisin dostluq qrupu son 2 ildə Belçikaya 2, qarşı tərəf isə Bakıya 3 dəfə səfər edib”.

E.Süleymanov Azərbaycan-Belçika münasibətlərinin daha da möhkəmlənməsi üçün qarşıda bir neçə yeniliklərin olması ilə bağlı da məlumat verdi:

“Şamaxı rayonu ilə Belçikanın Toyin şəhəri qardaşlaşmış şəhər elan edilməsi ilə bağlı işlər görülür. Bununla yanaşı, Belçikada Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinin keçirilməsi və orada abidəsinin ucaldılması nəzərdə tutulur.

Oktyabr ayında isə Belçika teatrlarından birində M. F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərinin tamaşaya qoyulması planlaşdırılır. Hazırda bu əsər fransız dilinə tərcümə olunur”.

E.Süleymanov bildirib ki, Belçika parlamentində Dağlıq Qarabağ münaqişəsi barədə qətnamənin qəbulu gözlənilir:

“Bu ölkədə Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir, Belçika parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçirilib”. 

Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sabiq həmsədri Alan Desteks isə Azərbaycanın əhəmiyyətli dövlətlərdən biri olduğunu bildirib:

“Azərbaycan Avropanın enerji asılılığını təmin edir və onun yerində olmaq istəyən ölkələr var. Belçika ilə Azərbaycan arasında sıx dostluq münasibətləri yaranıb. Ancaq həmin münasibətləri ona qonşu olan ölkələrlə qurmaq mümkün olmayıb.

Azərbaycanın ən ümdə problemi olan Dağlıq Qarabağ probleminin blokada vəziyyətindən çıxmaq və öz həllini tapmaq vaxtı çatıb. İndiyə kimi heç bir dövlət  Dağlıq Qarabağın müstəqilliyini tanımayıb və hamı bilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir”.

A.Desteks Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyətin dəstəyinin vacib olduğunu da deyib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Zahid Oruc isə təqdimatı keçirilən yeni kitabın tədqiqatçılar üçün mühüm mənbə olduğunu bildirib.