az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin "Azərbaycan vahid və bölünməz Avropada" adlı nəşri işıq üzü görmüşdür


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin "Azərbaycan vahid və bölünməz Avropada" adlı yeni nəşri Azərbaycan və ingilis dillərində işıq üzü görmüşdür.
Kitab Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr olunmuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Avropa Şurasının nümayəndələri ilə görüşlərinin mətni və bu təşkilatın tədbirlərindəki çıxışları kitaba daxil edilmişdir. Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə və tövsiyələri də kitabda yer almışdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya inteqrasiya proseslərinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazanmışdır. Həmin dövrdən başlayaraq Avropa dövlətləri, onları təmsil edən demokratik institutlar, qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlıq şəraitində Azərbaycanda hüquqi dövlət quruculuğu həyata keçirilir.

1992-ci il yanvarın 24-də Azərbaycanın Milli Məclisi "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etsə də, yalnız ümummilli lider Heydər Əliyevin başçılığı ilə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsində 1996-cı il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusu vermişdir.

2001-ci il yanvarın 17-də isə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv seçilməsi ilə bağlı qərar qəbul edilmişdir.

2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə bağlı təntənəli mərasimdə çıxış edən ümummilli lider Heydər Əliyev bu mühüm məqamı belə qiymətləndirmişdir: "Bu gün biz mühüm tarixi anlar yaşayırıq. Vahid və bölünməz Avropanın tərkib hissəsi olan Azərbaycan Respublikası Avropanın mötəbər, nüfuzlu təşkilatına - Avropa Şurasına daxil olmuşdur".


Qeyd etmək yerinə düşər ki, "Azərbaycan vahid və bölünməz Avropada" kitabının adı ümummilli liderin yuxarıda verilən fikirlərindən qaynaqlanmışdır. 

İlk dövrlərdə AŞ PA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri olmuş Milli Məclisin deputatı İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə birinci sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmışdır.

Nümayəndə heyətinin məqsədyönlü fəaliyyəti nəticəsində AŞ PA-nın 2005-ci ilin yanvarında qəbul edilmiş qətnaməsində Ermənistan rəsmən təcavüzkar dövlət kimi tanınmışdır.

Kitabda Azərbaycan-Avropa Şurası münasibətləri, bilavasitə ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin çıxışları və təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi mühüm sənədlərin dili ilə şərh edilir.

Kitaba ön sözün müəllifi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur.

Elmi məsləhətçilər Almaniya Bundestaqının deputatı (1976-2009), parlamentin dövlət katibi (1991-1998), AFR-in daxili işlər nazirinin müavini (1992-1998) olmuş, hazırda Almaniya-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyətinin icraçı direktoru Eduard Lintner və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovdur.

"Azərbaycan vahid və bölünməz Avropada" kitabı beynəlxalq münasibətlər üzrə tədqiqatçılar, mütəxəssislər, politoloqlar və tələbələr üçün dəyərli mənbədir.

Kitab Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayevin rəhbərlik etdiyi yaradıcı heyət tərəfindən ərsəyə gətirilmişdir.