az|en|ru

Heydər Əliyevin xarici səfərlərinə həsr olunan “30 tarixi səfər” kitabının təqdimat mərasimi keçirilib


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “30 tarixi səfər” kitabının təqdimat mərasimini keçirib.

“30 tarixi səfər (Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəsmi və dövlət səfərləri (1993-2003)” kitabına liderin müvafiq səfərləri ilə bağlı materiallar daxil edilib.

Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan SAM-ın direktoru Fərhad Məmmədov kitabın əhəmiyyəti barədə danışıb.

F.Məmmədov qeyd edib ki, Azərbaycana ildən ilə daha çox araşdırmaçı diqqət göstərir:

“Digər tərəfdən ölkəmiz bir çox mövzular üzrə maraq dairəsinə düşür və biz həyata keçirdiyimiz tədbirlərdə bunun şahidi oluruq. Bir çox fərqli sahələrdə olan mütəxəssislər, o cümlədən konfliktlərlə bağlı, enerji sahəsi üzrə, İslam dünyası üzrə, Türk dünyası üzrə olan mütəxəssislər, Avropaya inteqrasiya və Asiyada baş verən proseslərlə bağlı mütəxəssislər Azərbaycana böyük maraq göstərirlər. Çünki Azərbaycan paralel olaraq, bir çox platformalarda təmsil olunub və çox fəal, məhsuldar şəkildə xarici siyasətini həyata keçirib”.

SAM direktoru vurğulayıb ki, bütün bunların əldə olunması ilk növbədə ümummilli lider Heydər Əliyevin siyasəti ilə və bu siyasəti davam etdirən cənab Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır:

“Bu istiqamətdə belə nəşrlərin ortaya çıxması, bu zəngin irsin araşdırılması ilə bağlı kitabların, sistemləşdirilmiş formada məlumatın dərc edilməsi Azərbaycanı tanımaq üçün, onun xarici siyasətini doğru, dürüst anlamaq üçün çox gözəl bir vasitədir”.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin direktoru Fuad Babayev də çıxış edərək qeyd edib ki, bu kitabda ümummilli lider Heydər Əliyevin rəsmi səfərlərinin coğrafiyası əks olunur. O, bildirib ki, bu nəşr əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasəti öyrənmək üçün alimlər, tədqiqatçılar üçün gözəl bir mənbədir.

Daha sonra çıxış edən Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin sektor müdiri Ərəstu Həbibəyli qeyd edib ki, bu kitab ümummilli lider Heydər Əliyev haqqında yazılan kitablar silsiləsində öz layiqli yerini tutacaq.

Ə.Həbibəyli vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın xarici siyasətinin fundamental prinsiplərinin memarıdır:

“Məhz bu prinsiplər bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas təməl daşlarıdır”.

Ə.Həbibəyli əlavə edib ki, məhz ümummilli lider Heydər Əliyevin balanslaşdırılmış, milli maraqlara söykənən və müstəqil xarici siyasəti Azərbaycanı müstəqilliyinin ilk vaxtlarındakı gərgin vəziyyətdən çıxara bildi və bu, Heydər Əliyevin xarici siyasət prinsiplərinin nə qədər müdrik olduğunu göstərdi.

Millət vəkili Elmira Axundova isə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xarici səfərlərinin əsas məqsədi Azərbaycanı dünyaya tanıtmaq və ən başlıcası isə Dağlıq Qarabağla bağlı informasiya blokadasını sındırmaq idi:

“İkinci mərhələdə isə Heydər Əliyevin əsas məqsədi Azərbaycan iqtisadiyyatını dirçəltmək idi. Heydər Əliyev öz diplomatik məharəti nəticəsində həmişə səfərlərdən uğurla qayıdardı. Hətta o zaman dünya dövlətləri müstəqilliyini yeni qazanan ölkələrə kreditlər ayırmaqdan imtina edirdilər, ancaq Heydər Əliyev öz müdrik siyasəti nəticəsində Azərbaycana kredit ayrılmasına nail oldu”.

Qeyd edək ki, mövzu ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin çıxış və müsahibələrindən iqtibaslar, Heydər Əliyevin konkret rəsmi və dövlət səfərləri, müasir mərhələdə Azərbaycan Respublikasının xarici siyasəti ilə bağlı tarixi arayışlar, məlumat-soraq materialları, foto-sənədlər də kitabda yer alıb.

Kitab alimlər, tədqiqatçılar, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub və azərbaycan və ingilis dillərində ayrı-ayrı cildlərdə nəşr edilib.